Sosial şəbəkələr, komputer oyunlarından düzgün istifadə etməmək insanı imandan edir

İlahiyyatçıdan maraqlı münasibət

Müasir dövrümüzdə insanların dini inanclarınin artması ilə yanaşı bir çoxlarının imanlarının zəifliyini də müşahidə edirik. Bu özünü bir çox hallarda göstərir, büruzə verir. İlahiyyatçı Hacı Ceyhun Şükürov insanların imanlarının zəifliyinin başlıca səbəblərinə diqqət çəkərək qeyd edir ki, kimisi, qəlbinin sərtliyindən, kimisi ibadətlərindən həzz ala bilməməsindən, kimisi Qurandan təsirlənmədiyindən gileylənirlər. Kimisi də günaha asanlıqla batdığını dilə gətirir, bunun çarə yollarını axtarır: "Qəlb tez çevrilən olduğu üçün Peyğəmbərimiz qəlb mövzusunu həssas və əhəmiyyətli xarakterizə edib. Rəsulullahbuyurur ki, həqiqətən, qəlb dəyişkən olduğuna görə belə adlanır. Qəlb ağacın budağından sallanan bir yarpaq kimidir, külək onu o tərəf bu tərəfə çevirir.  İnsanın qəlbi fikirlərlə coşub-daşdığı vaxt daha da dəyişkən olur. Həqiqətən, Allah insanla onun qəlbi arasına girər. Yalnız, Allahın hüzuruna sağlam qəlblə gedənlərdən başqa, heç kəs qiyamət günü nicat tapmaz. Vay o kəslərin halına ki, qəlbləri Allahı zikr etmədiyi üçün paslanıb. Mömin kimsə qəlbini dərindən hiss etməli, nələrinsə qəlbinə hakim kəsilib onu məhv edə biləcəyindən ehtiyat etməlidir. Çünki Allah bizi sərt, qıfıllanmış, xəstə, kobud, tərs və möhürlənmiş qəlbli olmaqdan çəkindirib. Mömin olan kəs qəlbini gözdən keçirməli imanından nəyin azalıb, nəyin artdığına fikir verməlidir. Eyni zamanda tez-tez baxmalıdır görək, imanı artmağa doğru gedir, yoxsa azalmağa.

İmanımızın zəifləməsi bizim üçün bir dərd olmalıdır. Axı, bizi məhşər günü Allahın izni ilə imanımız qurtaracaq. Bəs, biz İmanımızın zəiflədiyini necə bilə bilərik?. Əgər qəlbin sərtliyini, kobudluğunu hiss ediriksə, ibadətlərdə zəiflik, tənbəllik baş verirsə, buna dəlalət edir.  Qeyd etmək lazımdır ki, bu vəziyyətdə edilən ibadətlər vərdişə çevrilir, nəfsə ağır gəlir, namazı könülsüz qılır və sairə". İlhaiyyatçı deyir ki,  dünyaya bağlılıq və ona aludə olmaq da imanı zəfilədən amillərdəndir: " Bəzən insan dünyaya elə bağlanır, var dövlət gözünü elə tutur ki, malına zərər gəlsə, pərişan olar, üstəlik özündən zəngin qardaş gördükdə ona həsəd aparar. Bu məqamda hədisi xatırlatmaq yerinə düşərdi: "İmanla, həsəd bir qəlbə sığmaz". Yaxud, dəbdəbəli həyat tərzinə, yeməyə, içməyə, minik və digər bu kimi şeylərə qarşı həddindən artıq həvəs göstərmək. Bu sadaladıqlarımız iman zəifliyinin bir neçə əlamətləridir. Bundan başqa imanı zəiflədən bir neçə səbəb də ola bilər. Bura uzun müddət iman ab-havasından uzaq olmaq daxildir. Bu, insanın iman zəifliyinə düçar olmasının ən güclü səbəblərindəndir. Qəlbi canlandıran şəriət elmini öyrənməmək. Alimlərin tərcümeyi halını oxumamaq, xüsusən də imana dair kitablardan uzaq durmaq. Əslində, bu kitabları oxuyan hər kəs qəlbindəki iman hissinin oyandığini hiss edir, əməllərində də bunun bəhrəsini görür. İman zəifliyinin əsas səbəblərindən biri də insanın dünyaya meylli olması, imanı zəif insanlarla bir mühitdə yaşamasıdır. Çünki insan nəfsi təbiətinə görə təsirlənməyə və təsir etməyə meyillidir. Ona görə də insanın öz ətrafında olanlardan təsirlənməsi təbii haldır. İnsan tək başına deyildir. Baş verən hər bir kiçik və böyük amil onda iz buraxa bilir".

Hacı Ceyhun Şükürov deyir ki, imanın zəifləməsinin səbəblərindən biri də, insanın öz baxışlarına hakim ola bilməməsidir: "Belə ki, məhrəm olmayanlara baxdıqca, baxmağa davam etdikcə, tədricən qəlbdəki iman nuru zəifliyər. Nəhayət sahibini zillət bürüyər. Çağdaş günümüzdə gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilən internet, ağıllı telefon, sosial şəbəkələr, komputer oyunları və s. kimi texniki yeniliklər düzgün məqsədlə istifadə edilmədiyindən çoxlarının qəlbi əsl həzzdən, iman şirinliyi həzzindən uzaq düşüb. Halbuki, heç Quranı oxumağa bu qədər hərislik göstərmirlər. Təəssüflər olsun, elələri də var ki, illərdir bir dəfə Quranı xətm etməyə nail ola bilməyib, gecəni səhərə qədər kompyuter oyunlarıyla keçirib, amma heç qiyamul-leyl haqqında düşünməyib. Allah, qəlblərimizi qəflətə düşməkdən qorusun. Ona görə də dünya bər bəzəyinin artdığı, azğinliqlarin yayıldığı bir vaxtda imanımızı artırmaq mövzusu ilk sıralarda yer almalıdır.

İlahiyatçı deyir ki, Uca Allah bütün bəşəriyyəti öz qüdrəti ilə yaratdı. İnsanı ən gözəl şəkildə xəlq edib yaratdıqlarından üstün etdi: "Bu gün də onları hər növ nemətlər və rəhmətiylə bəsləməkdədir. Uca Allah müsəlman olan hər kəsi seçib sevib, onları ən gözəl nemət olan iman neməti ilə bəsləyib: "Hədisdə keçdiyi kimi uca Allah dünya malını sevdiyinə də verir, sevmədiyinə də. Ancaq iman nemətini yalnız və yalnız sevdiyi qullarına verir. Biz insanlara baxdıqda, onların içərisində Allaha və axirət gününə iman edənləri, eləcə də Allaha və axirət gününə şübhə ilə yanaşan, küfr edən, iman nemətindən məhrum kimsələri görə bilərik. Çoxlarımız öz üzərimizdə dəfələrlə imanımızın artıb azaldığını müşahidə etmişik. Bəs, imanımızı artırmaq üçün, nələrə diqqət etməliyik?. Şəriət elmləri imanın qüvvətlənməsində ən güclü amillərdəndir. Bu elm səbəbi ilə müsəlmanın Allahın ad və sifətləri, qanunları, fərzləri, haramları, sevdiyi və sevmədiyi məsələlər haqqındakı elmi artar. Hər birimiz vaxtımızı dəyərləndirməliyik. İlk fürsətdə saleh əməlləri etməliyik. Tədbirli mömin əsla saleh əməlləri təxirə salmaz. Çünki ölümün nə zaman gələcəyi kimsəyə məlum deyil".

İlahiyyatçı qeyd edib ki, iman ən qiymətli nemətdir. O əldən gedərsə, məhv olduq deməkdir: "Biz, İman nemətini haqqıyla anlamış olsaq, dünyada, həyatımız boyunca itirdiyimiz maddiyyatlara çox da üzülməzdik. Elə insanlar var ki, heç imanının zəiflədiyini belə hiss etmir, hiss etsə də, buna görə sıxıntı çəkmir. Bu isə qəlbin xəstələndiyindən xəbər verir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31