Uşaqlarda davranış pozuntuları nədən xəbər verir?
2 May 2018 12:27 SosialSon illərdə ən çox yayılmış problemlərdən biri də autizm sindromudur. Mövcud problemə qarşı Azərbaycan dövləti və onun müvafiq qurumları səviyyəsində aparılan mübarizə müəyyən mənada öz effektini verir. Ancaq təəssüf olunası məqam ondan ibarətdir ki, bir çox hallarda valideynlər övladlarının bu sindroma tutulduğunu fərqinə varmır, onların müalicəsini yubadırlar. Bu da nəticə etibarilə bu sindromun daha da ağırlaşması və tədricən qarşısı alınmaz bir prosesə çevrilməsinə yol açır. Bəs, valideynlər ilkin mərhələdə övladlarının bu sindroma tutulduqlarını necə müəyyən edə bilərlər?
Psixoloq Nuray Lətifzadə deyir ki, autizmli uşaqların əksəriyyətində müəyyən davranış pozulmaları özünü göstərir. Bu pozulmalar uşaqların təlim naliyyətlərinə, inkişafına mənfi təsir göstərir: "Eyni zamanda özünə, ya da başqalarına qarşı zərər vurmaq vərdişi formalaşdırır. Əsasən məktəbə qədər dövrdə, yaxud məktəb yaşı dövründə davranışlar daha çox aktivləşir. Bir qayda olaraq 10 yaş ətrafında davranış pozulmaları stimullaşsa da, ümumilikdə bu problemə bütün yaş dövrlərində rast gəlinə bilər".
Bəs davranış problemləri hansı fəsadlarla özünü göstərir? Psixoloqun sözlərinə görə, öyrənmə bacarıqlarının məhdudlaşması, sosial çevrə ilə ünsiyyətin məhdudlaşması, həmyaşıdları ilə münasibətlərin pozulması bu sıraya aiddir: "Uşaqlarda davranış problemlərinin 1 çox səbəbi ola bilər.Əsasən uşağın psixoloji və bioloji vəziyyətilə bağlı davranış problemləri ortaya çıxır.Ancaq ümumilikdə davranış pozulmaları bu səbəbdən baş verə bilər. Diqqət çəkmək, istədikləri 1 şeyi əldə etmək, inadçılıq duyğusu, ailədaxili münasibətlər, olduğu mühiti sevməməsi, sevmədiyi bir insanın və ya əşyanın ətrafında olması, yanlış rol model alması, ətrafında olan davranış pozuntulu şəxsin etdiklərini örnək alma, günlük rutinlərinin pozulması və.s. Davranış problemi olan uşaqlara ailələri tərəfindən çox həssas yanaşılmalıdır. Çünki valideynlərin bu mövzuda məlumatlı olması həmin problemin aradan qaldırılmasında mühim rol oynayır. Davranış problemləri çox vaxt özünə və ya ətrafına zərər vurmaqla biruzə verilir. Məsələn uşaq davamlı olaraq əllərini, barmağını dişləyir və ya başını divara vurur. Eyni zamanda dediklərimin eynisini digər şəxslərə qarşı edir. Bu hallarda uşaqlar çox aqressiv olurlar. Adi bir toxunuş belə onlarda vəziyyəti daha da ağırlaşdıra bilər.Yuxarıda qeyd etdiyim kimi davranış problemi daha çox məktəbə hazırlıq, ya da məktəb dövründə stimullaşır.Buna səbəb uşağın həmin dövrdə yeni mühitə daxil olmasıdır. Ailə daxilində daim valideynləri tərəfindən qayğısı çəkilən uşaq üçün təlim dövrü dözülməz görülür. Bir misal göstərim. Autizmli 1 uşaq ilk dəfə təlim almaq üçün mərkəzlərdən birinə gətirilir. Psixoloji, loqopedik dərslər zamanı otağın abu-havası, orada olan əşyalar ona fərqli görünə bilər. Üstəlik təlimçi ondan stulda oturaraq verilən tapşırıqları yerinə yetirməsini istədikdə vəziyyət daha da kəskinləşir. Uşaq stulu itələməyə çalışır, qələmləri sındırır, dəftərləri cırır, təlimçini vurmağa başlayır və.s. Autizmli uşaqlarda bu cür davranışların aradan qaldırılması üçün müəyyən zamana ehtiyac var. Problemi tez bir zamanda həll etməyə çalışmaq uşaqda ailəsinə, valideynlərinə qarşı güvənsizlik, aqressiya hissi yarada bilər. Uşaqlar normalda düzgün olmayan davranışları hansısa səbəbə bağlı olaraq edirlər. Məsələn, uşaq valideynlərinin diqqətini çəkmək üçün yüksək səslə qışqırıb ağlaya, ya da evdəki hansısa əşyanı sındıra bilər. Bu tip davranışlar diqqəti öz üzərinə cəlb etmək üçün edilir. Belə hallarda davranışı azaltmaq üçün uşağa çətin də olsa xoş dillə düzgün yol göstərmək lazımdır. Təbii ki, hər 1 uşaq sevmədiyi bir şeyi etməmək üçün ağlaya, mızıldana bilər. Həmçinin autizmli uşaqlar da eyni davranışı göstərə bilərlər. Əgər bu tip davranışlar aşırı dərəcədə çox deyilsə, nisbətən görməzdən gəlmək və yenə də uşağa uyğun dillə başa salmaq lazımdır". Nuray Lətifzadə deyib ki, autizmli uşaqların evdə, ya da olduğu digər mühitdə sevmədiyi yüzlərlə fərqli vəziyyət ola bilər. Onun sözlərinə görə, davranış problemlərini aradan qaldırmaq üçün valideynlər bu vəziyyətlərdən ibarət bir siyahı tərtib etməlidirlər: "Və çalışdıqları qədər uşağı bu vəziyyətlərdən uzaq tutmalıdırlar. Daha sonra bu vəziyyətlərin uşaqlarda yaratdığı davranış problemlərinə diqqət yetirmək lazımdır. İlk öncə uşağın özü və ətrafı üçün təhlükə yaradacaq davranışlar üzərində iş aparılmalıdır. Davranış problemlərini aradan qaldırmaq üçün "mükafatlandırma" üsulundan da istifadə etmək məqsədə uyğundur. Burada əsas məqsəd uşaqda uyğun olmayan davranışları minimum azaldıb faydalı davranışları artırmaqdır. Bu üsuldan istifadə edərkən uşağın sevdiyi şeylərdən yararlanmaq olar. Məsələn autizmli bir məşğələlərə getməmək üçün hər gün məşğələ saatı isterik davranışlar nümayiş etdirirdi. yüksək səslə bağırmaq özünü divara vurmaq vəs. Bu üsuldan istifadə edən zaman uşağa məşğələyə gedəcəyi halda qayıdarkən ona sevdiyi bulku alacağımızı dedik. Bir müddət sonra uşaq heç bir hədiyyə gözləmədən məşğələlərə getməyə başladı. Ancaq diqqət etmək lazımdır ki, bu üsul uşaqda alışqanlıq yaratmasın. Davranış problemlərini aradan qaldırmaq üçün əsla və əsla Psixi (qorxutmaq) və ya fiziki şiddət göstərmək olmaz. Çünki şiddətlə uşaq yalnız keçici vaxt ərzində davranışlarını məhdudlaşdırır. Ancaq şiddətin buraxdığı tramvanın izləri uşağın bütün həyatı boyu davam edir. Cəza üsulunundan yalnız mükafatlandırma ilə birgə istifadə etmək olar. Yəni uşağa hər hansı düzgün olmayan davranışı etməyəcəyi təqdirdə söz verdiyiniz mükafatı verməməklə cəza tədbiq edə bilərsiz. Ancaq bu vəziyyət uşağın psixoloji vəziyyətinə təsir edəcəksə bunu da uzun müddət etmək olmaz. İstənilən halda uşağınızdakı davranış problemlərini aradan qaldırmaq üçün ən optimal yolu valideyn seçə bilər.Çünki heç kim valideyn qədər uşağı, onun sevdiklərini, sevmədiklərini, duyğularını bilə bilməz".
Füzuli