Uşaqlarımızı kimlərə etibar edirik?
2 May 2018 12:23 SosialDayə seçərkən hansı amillər nəzərə alınmalıdır?
İnternetdə kiçik bir araşdırma aparmaqla xeyli dayəlik elanlarına rast gəlmək mümkündür. Xidmətlərini təklif edən "dayılır" əsasən uşağın qidası, yatmağına nəzarətlə yanaşı, ona müxtəlif şeirlər, mahnılar həmçinin rus və ingilis dillərini öyrətmək və 7-8 saatlıq iş üçün 500 manat tələb edirlər. Araşdırma zamanı isə bəlli oldu ki, reallıqda dayələrə 500 manat ödəyən valideyinlərin sayı barmaqla sayılan qədərdir. Belə bir halda sual yaranır: Azərbaycanda dayələrin keyfiyyəti, onların göstərdikləri xidmət səviyyəsi qənaətbəxşdirmi? Valideyinlər övladlarını həmin dayələrə etibar edə bilərlərmi? Qeyd edək ki, bineyi qədmidən dayələr daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarının tərbiyyəsi ilə məşğul olan, elmi, savadı ilə seçilən xüsusi qabiliyyətli insanlar olub. Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişərək öz mahiyyətini itirməyə başlayıb. Artıq dayəlik iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yerinə çevrilib. Bu kateqoriyadan olan insanlar sadəcə düşünürlər ki, öz övladlarını böyütmələri onların dayə kimi çalışmalarına imkan yaradır. Son zamanlar işləyən qadınların sayının artması onların ev, uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duymalarına səbəb olub. Bağçaların azlığı, onların keyfiyyətli xidmətinə inamın olmaması valideynlərin dayələrə üz tutmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, bizim cəmiyyətdə dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb durmasını təmin edən və bəzən də ev işlərində köməkçi olan biridir. Düşüncələrə görə, əgər bir qadın bu işləri bacarırsa, deməli, o, normal dayə hesab oluna bilər. Əlbəttə, bu düşüncələr dayəlikdən daha çox, xidmətçi peşəsinə uyğun gəlir. Ona görə də illərdir, bu sahədə inkişaf yox, əks proses yaşanır. Yəni, dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır. Məhz bu kimi halların nəticəsidir ki, son zamanlar dayələrin uşaqlarla qəddar rəftarı, onlara işgəncə vermələri və hətta fiziki zor tətbiq etmələrinin şahidi oluruq. Bəs, belə vəziyyətin yaranmasında günahkar kimdir, minimum tələbatlara cavab verməyən dayələr, yoxsa övladlarını tanımadıqları şəxslərə etibar edən valideyinlər? Ymumiyyətlə uşağın tərbiyyəsi və təhlükəsizliyi ilə kim məşğul olmalıdır, dayələr, yoxsa valideyinlər?
Qeyd edək ki, uşaqların uzun müddət dayə ilə birlikdə olması valideynlə olan münasibətlərinə də təsirsiz ötüşmür. Çünki adətən, belə uşaqlar valideyndən daha çox, dayə ilə vaxt keçirir və nəticədə ona öyrəşməyə, hətta onu doğma ana kimi qəbul etməyə başlayırlar. Sosioloq Anar Qulamov uşağın dayə, yoxsa valideyin tərəfindən tərbiyə olunması mövzusunun hər zaman mübahisə doğurduğunu deyir: "Əgər ailələrin maddi imkanları yaxşı, həm də işləri uşaqla məşğul olmağa imkan vermirsə, bu zaman dayəyə ehtiyac olur. Ancaq qadın və ya kişi növbə ilə uşağı saxlaya bilsələr, yaxşı olar. Çünki uşağın valideynlər tərəfindən tərbiyə olunması daha yaxşı variantdır. Bu həm də valideyn övlad münasibətlərinin müsbət istiqamətdə formalaşmasına xidmət edir". Xarici ölkələrin dayəlik məktəbi ilə təcrübələrinə toxunan sosioloq deyir ki, bəzi ölkələrdə dayəlik artıq bir sənət növü kimi qəbul edilir: "Bır sıra Avropa ölkələrində dayəlik xidməti bizdən daha əvvəl yaranıb və artıq bu iş bir sənət hesab olunur. Amma bizdən fərqli olaraq həmin ölkələrdə ailə münasibətləri aşağıdır. Dayə tərbiyəsinin bir üstünlüyü isə həmin uşaqların əmək tərbiyəsini daha tez mənimsəmələridir". Onun sözlərinə görə, körpə vaxtında uşağa baxan şəxs süd anası hesab olunur ki, bu həm də bəzən uşağın sonrakı tərbiyəsində də mühüm rol oynayır. Lakin bir yaşdan sonra uşağın anası ilə münasibəti daha çox olmalıdır, nəinki dayəsi ilə. İki yaşdan sonra isə uşağı dayənin nəzarətinə vermək olar. Sirr deyil ki, dayənin uşaq saxlamaq bacarığı ilə yanaşı, onun etibarlı olması da mühüm şərtlərdən hesab olunur. Çünki valideyinlər canlarından əziz olan övladlarını dayələrə etibar etməli olurlar. Lakin bu sahəyə nəzarət olmadığından çoxsaylı problemlər yaşanır. Ekspertin qənaətincə, bu məsələdə həm dövlətin nəzarəti, həm də hansısa hüquqi məsələnin aydınlaşdırılması üçün bir mexanizminin olmaması müəyyən problemlərin meydana çıxmasına səbəb olur. Ona görə də dayələr rəsmi orqanlar tərəfindən qeydiyyata alınmalı və onlarla müqavilə bağlanmalıdır. Məhz belə müqavilə olmadığı üçün hər iki tərəfin qarşılıqlı məsuliyyəti də olmur. Psixoloq-psixiatr Təhminə Çələbinin bildirdiyinə görə, hər bir alı təhsili olan şəxs dayə ola bilməz. Dayə olmaq istəyənlər xüsusi təhsil almalı və psixoloji testdən keçməlidir: "Təəssüf ki, Azərbaycanda işsiz qalmış qadınlar fikirləşirlər ki, kiminsə uşağına baxaram. Lakin fikirlkəşmirlər ki, dayəlik etmək o qədər ciddi məsələdir ki, bunun üçün kifayət qədər ciddi tələblərə cavab vermək lazım gəlir. Məsələ orasındadır ki, Azərbaycanda dayəliklə bağlı rəsmi, yaxud qeyri-rəsmi tədris mərkəzi yoxdur. Hətta belə demək mümkündürsə, dövlətin dayəlik fəaliyyətindən xəbəri belə yoxdur. Sadəcə qəzetlərdə elan verilir, yaxud kimsə təqdimat verir, valideyin də tanımadığı, bilmədiyi şəxsə övladını etibar edir. Əslində isə ilk öncə dayənin ali təhsili pedaqoqika ilə bağlı olmalıdır. Dayə uşaq psixologoyasını çox dərindən bilməlidir, yaş psixologoyasına, diotoloq ixtisasına bələd olmalıdır. Dayə ən azından bilməlidir ki, uşaq necə aylığında, hansı yaş dövründə hansı qidadan istifadə edə bilər. Deməli, dayə hərtərfli biliyə malik universal bir insan olmalıdır. Əks halda, sadəcə iş tapa bilmədim deyə pul qazanmağın asan yolunu seçmək mənfi fəsadlarla sonuclana bilər". Ekspertlərin fikrincə, valideyinlər dayə seçərkən diqqətli olmaqla yanaşı, bir sıra amilləri nəzərə almalıdır. Dayə seçərkən daha çox onun rus və ya ingilis dilini bilməsinə, yaşının çox olmamasına, təhsilinə və psixoloji durumuna diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, əksər ailələr yalnız dayənin uşaqla davranışına diqqət edirlər, qalan məsələlər isə onları maraqlandırmır. Əslində isə dayənin uşaqla münasibəti, səmimiliyi, ixtisasını bilməsi çox vacib şərtdir. Dayənin uşaq haqqında tibbi, psixoloji, pedaqoji biliklərə malik olması, ümumiyyətlə, uşaqlarla iş təcrübəsi nəzərə alınmalıdır. Müsbət haldır ki, dayə seçərkən onun hansısa müəssisələrdə uşaqlarla olan iş təcrübəsinə önəm verilsin. Dayənin nitq qabiliyyəti, uşaqla ünsiyyətdə rəvan danışmağına da diqqət edilməlidir. Ümumiyyətlə, dayə həm də yaradıcı şəxs olmalıdır ki, uşağı da yaradıcılığa meylləndirsin. Təbii ki, nə çox yaşlı, nə də çox gənc dayələr məsləhət görülmür. Çünki müəyyən yaş dövründən sonra insanın uşaqlarla işləmək üçün səbri olmur. Bundan başqa, uşağı olmayan, heç zaman uşağa baxmayan dayə də məsləhət görülmür. Həmçinin dayənin müasir texnologiyalarla da işləmək bacarığı, uşağın suallarına cavab verəcək bir səviyyədə olmalıdır. Nəzərə almaq lazımdır ki, artıq iki yaşda uşaq ətraf aləmi, əşyaları dərk etməyə başlayır, ona görə də dayə bu işdə ona yardımçı olmalıdır. Dayə emosiyalarını cilovlamağı, uşağa müsbət hisslər aşılamağı bacarmalı, etiket qaydalarını bilməlidir. Valideynlərlə uşaq arasında bir körpü rolunu oynamalı, müəyyən dövrdən sonra isə, artıq onların birbaşa ünsiyyətini təmin etməlidir. Psixoloq-psixiatr Təhminə Çələbinin fikrincə, daimi işləməyə hazırlaşan insanın psixoloji durumu mütləq müəyyənləşdirilməlidir: "Valideyin uşağını etibar etdiyi şəxsin təhsili ilə yanaşı, psixoloji durumu ilə maraqlanmalıdır. Uşaqla ünsiyyətdə olan şəxsin psixoloji durumunun normal olması çox önəmli faktordur. Çünki mümkündür ki, dayənin təhsili qaydasında olsun, amma psixoloiyi durumunda problemlər yaşansın, daha dəqiq aqressiyaya meyilli olsun. Belə insanların təbii ki, dayə olması olduqca təhlükəlidir". Onun sözlərinə görə, bu məsələdə valideyinlərin də üzərinə məsuliyyət düşür. Belə ki, bəzi hallarda valideyinlər lazımi araşdırma aparmadan uşaqlarını tanımadıqları şəxsə etibar edirlər. Sonradan dayəninm şəxsiyyəti bəlli olduqda valideyinlərdə də aqressiya yaranır və hətta onu cəzalandırmaq, şiddət tətbiq etmək istəyir: "Əslində isə ən məntiqli, ağlabatan çıxış yolu valideyinin şikayət ərizəsi ilə müvafiq orqanlara müraciət etməsidir. Tələb qoyulmalıdır ki, uşaqları döyən, onlara işgəncə verən və uşağın təhlükəsizliyi üçün cavabdehlik daşıya bilməyən çəxs dayəlikdən uzaqlaşdırılsın. Nəzərə almaq lazımdır ki, valideyinlər belə məsələləri oz aralarında həll etməyi düşünsələr, bu insanlar fiziki cəza alsalar belə yenə də başqa uşaqlarla işləməkdən çəkinməyəcəklər. Ancaq məsələ ciddiləşdirilsə, dayə qarşısında hər hansı cəza növünü hiss etsə, belə əməllərdən çəkinər. Hətta belə dayələr cəzalandırılmaqdan başqa psixiator və psixoloq tərəfindən müayinə olunaraq müalicə olunmalıdırlar. Çünki onlar normal təfəkkürə malik insanlar deyil. Odur ki, onların arasında hətta altı aylıq uşağa işgəncə verənlər mövcuddur. Bu baxımdan həmin dayələr cəzasız qalmamalıdır".
Nurlan