Əlillərin əmək münasibətlərində hansı üstünlükləri var?

Əlillər üçün beynəlxalq və milli qanunvericiliyimizdə nəzərdə tutulmuş imtiyazlar var. Birləşmiş Millətlər Təşkilatınının (BMT) əlilliyi olan insanların hüquqları barədə Konvensiya da əlillərin hüquqlarını müdafiə və təşviq etməyə, onlara qarşı diskriminasiyanı ləğv etməyə, onların əmək hüquqlarını müdafiə etməyə, səhiyyə, təhsil və ictimai həyatda tam iştirak , ədalət məhkəməsinə çıxışa, şəxsi toxunulmazlığa, istismar və sui - istifadə azadlığına, hərəkət azadlığına, şəxsi mobilliyə və sair xidmət edir.

Əlillər üçün beynəlxalq və milli qanunvericiliyimizdə nəzərdə tutulmuş imtiyazlar var. Birləşmiş Millətlər Təşkilatınının (BMT) əlilliyi olan insanların hüquqları barədə Konvensiya da əlillərin hüquqlarını müdafiə və təşviq etməyə, onlara qarşı diskriminasiyanı ləğv etməyə, onların əmək hüquqlarını müdafiə etməyə, səhiyyə, təhsil və ictimai həyatda tam iştirak , ədalət məhkəməsinə çıxışa, şəxsi toxunulmazlığa, istismar və sui - istifadə azadlığına, hərəkət azadlığına, şəxsi mobilliyə və sair xidmət edir. Bəs, Azərbaycanda əlilliyi olan insanlar üçün hansı imtiyazlar nəzərdə tutulur? Vəkil Rövşən Qasımov bildirib ki, bu günə qədər əlil insanların hüquqlarını müdafiə etmək barədə respublikamızda bir çox qanunlar və sərəncamlar imzalanıb. Ancaq bir çox idarə, təşkilat, müəssisə və firmaların da bu günkü gün əlillərin hüquq və imtiyazları bilmələri üçün stolüstü məlumat kitabına ehtiyac vardır: "Əlillərin əmək münasibətlərində olan üstünlükləri "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən müəyyənləşdirilib: "Həkim-əmək ekspert komissiyasının rəyinə görə, əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə, əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol verilmir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunanlardan başqa, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanları və əlillərin problemləri ilə məşğul olan ictimai təşkilatlar müəssisə və təşkilatlarda əlillərin işlə təmin olunmasına nəzarət edirlər".
Onun sözlərinə görə, əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər: "Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müəssisələr, idarələr, təşkilatlar, kooperativlər və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla göstərilən tələbi yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini (kontraktı) ləğv edərkən Dövlət Sosial Müdafiə Fonduna respublika üzrə orta aylıq əmək haqqının 120 misli məbləğində vəsait köçürməlidirlər. Müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla onların əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar. Müvafiq icra hakimiyyəti orqanları əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin respublika standartlarını hazırlayıb müəyyən olunmuş qaydada təsdiq edirlər.
I və II qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammal əldə edilməsində və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi şərait yaradırlar".
Vəkil əlavə edib ki, əlilliyi olan şəxslərlə əmək münasibətlərinin pozulması da qanunvericiliklə tənzimlənir: "Qanunlar əlillərə əmək münasibətlərinin həyata keçirilməsində bir sıra üstünlüklər və imtiyazlar verir. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağandır. Bu qadağalar yalnız tibbi-sosial ekspert komissiyasının rəyinə görə, əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir. Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət vaxtı, məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün qaydalar nəzərdə tutulub. I və II qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsi bu kateqoruyadan olan işçilərlə həftə ərzində 36 saatdan da az iş vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur". Onun sözlərinə görə, əlillər həm də natamam iş vaxtı hüququndan istifadə edə bilərlər: "Natamam iş vaxtı həftə ərzində müəyyən edilmiş gündəlik iş vaxtının müəyyən saat azaldılmasını, gündəlik iş saatı saxlanılmaqla həftəlik iş günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər. Əlillik qruplarından və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Əmək Məcəlləsində əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42 təqvim günü müəyyən edilib. Bundan başqa, əlillərə digər şəxslərə verilən ödənişsiz məzuniyyətin müddəti ilə müqayisədə daha çox, azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulur. Qanunvericilikdə əlillərə əmək hüquqlarını həyata keçirməyə imkan verən müəyyən üstünlük də mövcuddur. Müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar edilərkən ixtisas dərəcəsi eyni olduqda həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiyadan azad olunurlar".
Vəkil onu da bildirib ki, Azərbaycanda əlillərin əmək hüquqları 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyaya ilə də müdafiə olunur: "Həmin Konvensiyaya görə, iştirakçı dövlətlər əlillərin əmək hüququnu tanıyırlar. Həmçinin bu sənəd əlillərə münasibətdə ayrı-seçkiliyi qadağan edir. Beynəlxalq qanunvericilikdə bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma, əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin təmin edilməsi, əlillərin dövlət sektorunda işə qəbul edilməsi kimi hüquqları xüsusi yer tutur. Əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması və təmin edilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil etməli və bu kateqoriyadan olan işçilərin reabilitasiya işinin vəziyyəti, onlara qayğı və diqqət göstərilməsi dövlət əhəmiyyətli məsələ hesab edilməlidir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31