Sosial şəbəkə istifadəçiləri məsuliyyətlərini dərk etməlidirlər
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycanda sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir. Onun bu təklifi Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2017-ci il üzrə illik məruzəsində də öz əksini tapıb. Lakin cəmiyyətdə Ombudsmanın təklifinə münasibət birmənalı deyil.
23 Aprel 2018 15:12 SosialFazil Mustafa: "İnternetə çıxışın məhdudlaşdırılması ölkəmiz üçün mənfi nəticələr verə bilər"
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycanda sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir. Onun bu təklifi Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2017-ci il üzrə illik məruzəsində də öz əksini tapıb. Lakin cəmiyyətdə Ombudsmanın təklifinə münasibət birmənalı deyil. İnsan Hüquqları üzrə Müvəkkilin fəklifini dəstəkləyənlərlə yanaşı, onu qəbul etməyənlər də yox deyil. Xatırladaq ki, bir müddət əvvəl deputat Siyavuş Novruzovun adından da ölkəmizdə sosial şəbəkələrin qəti şəkildə bağlanması ilə bağlı fikirlər səsləndirilmişdi. Sonradan fikirlərinin təhrif olunduğunu iddia etsə də, millət vəkili Hadi Rəcəbli uyğun təkliflə çıxış etmişdi. Millət vəkili Fazil Mustafa bildirib ki, sosial şəbəkələrin bağlanması Azərbaycan üçün mənfi nəticələr verə bilər. Həmkarları ilə eyni fikirdə olmadığını deyən millət vəkili Fazil Mustafa ölkəmizdə sosial şəbəkələrin bağlanılmasının yolverilməz olduğunu deyib. Onun fikrincə, sosial şəbəkələrin bağlanması, internet resurslarına çıxışın məhdudlaşdırılması dünyada ölkənin imici üçün müsbət qiymətləndirilmir: "Bu fikir qeyri-realdır. Çünki insanlar informasiya əldə etmək üçün lazımi məkanları tapacaqlar. İnternet məkanından ayrı qalmaq mümkün deyil: "Sosial şəbəkələrin fəaliyyətinin dayandırılması Azərbaycan üçün mənfi nəticələr verə bilər. Hansısa bir sosial şəbəkənin bağlanması dünyadan təcridolunma yoludurmu?" F.Mustafa vurğulayıb ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli fikirlərin qarşısını almaq üçün müvafiq dövlət qurumları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, müxtəlif Fondlar bu istiqamətdə öz işləri ilə məşğul olmaq əvəzinə, daha passiv fəaliyyət göstərərlərsə, ölkəmizə qarşı bu cür neqativ halların olması baş verə bilər: "Müəyyən dərəcədə dövlət büdcəsindən maliyyələşən təşkilatlar öz funksional fəaliyyətlərini normal qaydada yerinə yetirməlidirlər ki, bu cür təhdid kampaniyasının qarşısını almaq mümkün olsun. Vaxtında profilaktik tədbirlər aparılmadığına görə, ölkədə təxribatyönümlü problemlərin baş verməsi yaşanır. Bu məsələdə sosial şəbəkənin bağlanması çıxış yolu deyil. Müasir dövrdə internet xətti hava ilə çəkilir, dünya artıq qloballaşıb. Sosial şəbəkələrin bağlanması yolverilməzdir".
Xatırladaq ki, Ombudsmanın təklifində söhbət heç də sosial şəbəkələrə çıxışın məhdudlaşdırılmasından getmir. Təklifdə söhbət cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən fkirlərin qarşısının alınmasından gedir. Konkret olaraq məruzədə qeyd olunub ki, cəmiyyətdə xüsusi narahatlıq yaradan həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır. Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, foto və video çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, habelə əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, o cümlədən sosial şəbəkələrdən istifadə zamanı məsuliyyətin müəyyən edilməsinə, internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.
Qeyd edək ki, sözgüdən məsələ ilə bağlı mövcud qanunvericilikdə müvafiq məsuliyyət məsələsi əksini tapıb. Cinayət qanunvericiliyinə əsasən şəxsin şərəf və ləyaqətinin alşaldılması, şəxsin şərəf və ya ləyaqətini ləkləyən və ya onu nüfuzdan salan, eləcə də şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması cinsiyyət əməli sayılır və bu əməli törətmiş şəxs cinayət mühakiməsi qaydasında cəzalandırılır. Belə ki, qanunverici Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə böhtan, həmin Məcəllənin 148-ci maddəsi ilə təhqir əməli cinayət əməli kimi təsbit edərək bu cinayət əməllərini sanksiyalaşdırmışdır. Cinayət qanunvericiliyinin tələblərinə görə bu əməllər kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində, eləcə də kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmaqla törədilə bilər. Mövcud Cinayət Məcəlləsində və digər aidiyyatı qanunlarda şəxsiyyətin şərəf, ləyaqət və işgüzar nüfuzunun qorunması üçün dəqiq mexanizmlər nəzərdə tutulmuşdur. Şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi mülki məsuliyyətə səbəb olmaqla yanaşı, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə nəzərdə tutulur) yayıldıqda böhtan cinayətinin, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə təhqir cinayətinin tərkibini də yaradır. Sosial şəbəkələrdə hər hansı şəxsin şəxsiyyəti nalayiq formada alçaldıqda, eləcə də ona böhtan atıldıqda həmin şəxsin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilən qaydada xüsusi ittihamçı qismində xüsusi ittiham şikayəti ilə barəsində şikayət edilən şəxsə qarşı onun cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət mühakiməsi qaydasında cəzalandırılması üçün bilavasitə aidiyyatı məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını təmin etdirə bilər. Göründüyü kimi, qanunla, həmçinin, sosial şəbəkələrdə şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmış, eləcə də böhtana məruz qalmış hər hansı bir şəxsin öz hüquqlarını qorumaq üçün dəqiq üsul və qaydalar müəyyən edilmişdir.Yuxarıda göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, bəzi hallarda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə böhtan atma və təhqir etmə əməllərinin törədildiyini nəzərə alan qanunverici orqan 2016-cı ildə Azərbaycan Respublikasının CM-nə 148-1-ci maddə əlavə etməklə bu cür əməlləri də cinayət hesab edərək sanksiyalaşdırmışdır. Sözügedən maddənin tələbinə görə "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni, ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Hazırda söhbət bu məsuluyyətin sosial şəbəkə istifadıçilərinə də şamil edilməsindən gedir ki, bu da olduqca normal təklifdir.
Zəka