Əmək müqaviləsinin bağlanmaması kimə sərfəlidir?

Ölkədə qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Ölkədə qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı"na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Lakin bütün cəhdlər baxmayaraq hələ də sənaye, ictimai iaşə, kənd təsərrüfatı kimi sahələrdə işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi halları müşahidə olunmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, qeyri-məşğulluğun aradan qaldırılmasının yollarından biri də işçilərlə əmək müqaviləsinin bağlanmasıdır. Nəzərə almaq lazımdır ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunması məqsədi daşıyır. Lakin, işçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir işçi özünün firavan gələcəyini indidən düşünmüş olur. Unutmayaq ki, ödənilən rəsmi əmək haqları - gələcək üçün işçinin sabit sosial təminatının təməlini indidən qoymuş olur. Xatırladaq ki, əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir. İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək Müqaviləsi isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Onu da qeyd edək ki, bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Əmək müqaviləsindən fərqli olaraq mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır. Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur. Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir. Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır. Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək və sosial təminat hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır.
Onu da qeyd edək ki, əmək fəaliyyəti həyata keçirən işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlana bilməz və əks halda bu mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Belə ki, bəzi hallarda vergi ödəyicilərinin bir qismi öz işçiləri ilə əmək müqavilələrini bağlamaq əvəzinə onlarla xidməti müqavilə bağlayaraq həmin şəxsləri vergi orqanında vergi uçotuna durmağa təhrik edir, bununla da işəgötürənin üzərinə düşən vergi öhdəliklərini minimallaşdırmağa çalışır. Digər tərəfdən, bu hal vergi ödəyicisi statusunu əldə etmiş, lakin faktiki olaraq əmək funksiyalarını yerinə yetirən şəxsin dövlət qarşısında öhdəliklərinin artmasına, bununla da həmin şəxsin vergi öhdəliklərinin müstəqil və müntəzəm olaraq yerinə yetirməsinə, digər dövlət orqanları ilə də daim təmasda olmasına, fəaliyyətinin nəticələri üzrə dövlət orqanlarına bəyannamələrin verilməsinə, həmin bəyannamələrin gecikdirildiyi halda maliyyə sanksiyaları və cərimələrə məruz qalmasına səbəb olur. Belə halda əmək müqaviləsi işəgötürən ilə işçi arasında necə bağlanılır? Məlumat üçün qeyd edək ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi 2 nüsxədən az olmayaraq tərtib olunmaqla yazılı formada bağlanılır, tərəflərin imzası (işəgötürən hüquqi şəxs olduqda - möhürü ilə də) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Əmək müqaviləsi hüquqi qüvvəyə minməsi işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün "Əmək müqaviləsi Bildirişi" məlumatları "Elektron Hökumət" portalı (https://www.e-gov.az/) üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsi ilə qeydiyyata alınmalıdır. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişi məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi yalnız gücləndirilmiş imza (e-imza və ya ASAN imza) vasitəsi ilə mümkündür. Bunun üçün işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs gücləndirilmiş elektron imzaya, o cümlədən "ASAN imza"ya (Mobil imza) sahib olmalıdır. "ASAN imza" (Mobil imza) sertifikatı üçün zəruri olan SİM kartı əldə edilməsi məqsədi ilə bütün mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərinə müraciət edilməlidir. Bundan sonra vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq "ASAN imza" (Mobil imza) sertifikatı alınmalıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31