Məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindi
Milli Məclisin martın 6-da keçirilən plenar iclasında deputatlar gündəlikdə duran qanun layihələrinin müzakirələrini aparıblar. Seçki Məcəlləsinə dəyişiklik haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, seçki qanunvericiliyinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər.
6 Mart 2018 15:36 SosialDeputat: "Borcların silinməsi sahibkarların işini xeyli yüngülləşdirəcək"
Milli Məclisin martın 6-da keçirilən plenar iclasında deputatlar gündəlikdə duran qanun layihələrinin müzakirələrini aparıblar. Seçki Məcəlləsinə dəyişiklik haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, seçki qanunvericiliyinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir. Qüdrət Həsənquliyev bildirib ki, onda olan məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırıb: "Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, mən bundan narahatam. Sadəcə olaraq qanunların aliliyinin tərəfdarı kimi narazılığımı ifadə edirəm. Kimsə düşünməsin ki, mən Əli Kərimlinin mitinqindən narahatam. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq. Bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Niyə mitinq keçirməyə icazə verirlər? Öz çıxışlarında qanunların aliliyini istəyən şəxslər özü qanunun tələblərinə əməl etməlidir". Hesab edirəm ki, Milli Məclisin bununla bağlı bakı şəhər İcra hakimiyyətindən izahat tələb etməlidir. Qanunvericiliyə əsasən martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu qanunla martın 19-dan sonra həyata keçirilməlidir".
Sonra Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov "Ələt Azad İqtisadi Zonası haqqında" qanun layihəsi barədə məlumat verib. Bildirib ki, layihəyə birinci oxunuşdan sonra əsasən texniki dəyişikliklər edilib: "Birinci oxunuş zamanı bəzi həmkarlarımız məsələlər qaldırdı. Bu məsələlər də nəzərə alınıb. Eyni zamanda redaktə xarakterli işlər aparılıb. 8-ci maddənin 8.3.2 bəndinə "ödəmələr" sözü artırılıb. Bundan öncə isə ancaq dividendlər ifadəsi mövcud idi. 11-ci maddədə hüquq və vəzifələr sözlərinin yeri dəyişdirilib. 11.2 maddəsində infrastruktur sözü daha əhatəli şəkildə ifadə olunub". Millət vəkilli Əli Məsimli bildirib ki, qanunun birinci oxunuşundan ikinci oxunuşuna keçiddə xeyli dəyişikliklər olub: "Burada təkcə millət vəkillərinin dediklərinə əsasən yox, tənqidi münasibətdən yanaşaraq dəyişikliklər edilib. Bu dəfə də təkliflərin nəzərə alınacağına inanıram. Qanunun müzakirəsi zamanı onun Konstitusiyaya uyğunluğu, Beynəlxalq hüquq normalara və hüquqi normativ aktlara uyğunluğu məsələsi qaldırılıb. Birinci müzakirədə qanunun Konstitutsiyaya uyğunluğu aydın oldu. Lakin hər hansı hüquqi şəxsin istifadəsinə verilən əraziyə sahibkarlıq və sərəncam vermək hüququ olmalıdır. Bu məsələ də qanuna əlavə edilməlidir. Ələt Azad İqtisadi zonası Dubay modelidirsə, demək, bu beynəlxalq aləmdə tətbiq edilən üsuldu". Deputat Mirzəcan Xəlilov isə əlavə edib ki, Azad iqtisadi zona üçün Ələt ən uğurlu bölgədir: "Ancaq Bakıdan Ələt istiqamətinə gedəndə Qobustanı keçəndən sonra bir boşluq ərazi qalıb. Bu mənada xarici investor və yerli sahibkarları həmin bölgədə fəaliyyətə cəlb etməliyik". Sonda millət vəkillərinin fikirlərinə münasibət bildirən V.Ələsgərov qeyd edib ki, əlavə dəyişikliklər üçün həmkarlarının fikirlərinə açıqdır: "Birinci oxunuşdan sonra deputatlar tərəfindən bir sıra təkliflər olub. Ad çəkmək istəmirəm, lakin millət vəkilləri təsdiq edər ki, onların təklifləri nəzərə alınıb. Biz bu qanunu beynəlxalq səviyyəyə uyğun hazırlamalıyıq, ona görə də dil məsələsində bəzi anlaşmazlıqlar ola bilər. Lakin qeyd etməliyəm ki, Azərbaycan hüquqşünasları bu qanunun dili üzərində işləyib. Sərhədlə bağlı təklif məni təəccübləndirdi, çünki Ələtdə gəmi limanından bəhs ediriksə, sərhəd məsələsi burada da tətbiq ediləcək. Mənim qapım qanunun müzakirəsi üçün hər zaman açıqdır. Çünki hamımız dövlət və millətin xeyrinə olan qanun hazırlamaq istəyirik". Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun layihəsi Milli Məclisdə o qədər müzakirə olunub ki, artıq bütün millət vəkilləri Ələt Azad iqtisadi zonası barədə mütəxəsissə çevriliblər. Qanun lahihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Ardınca parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi barədə məlumat verib. Bildirib ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb: "Bu məsələlərdən biri 2006-ci ilə qədər olan sığiorta haqları üzrə yaranan borclarla bağlıdır. Bunların məbləği 100 milyon manatdır. İkinci məqam 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinə qədər qədər olan borca görə yazılan cərimələrdir ki, bunların da məbləği 55 nmilyon manatdır. Üçüncü məqam 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinə qədər yaranmış borclarla bağlıdır ki, onların da həcmi təxminən 26,7 milyon manatdır. Bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub". Komitə sədri bildirib ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Sənədə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcları tam məbləğdə silinir. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixində yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (Hesablanmış pensiyanın) 10 faizi ödənildikdə-maliyyə sankisyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 90 faizi silinir. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) 30 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 70 faizi silinir. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının(hesablanmış pensiyanın) 50 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 50 faizi silinir. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Qanun aprelin 1-dən qüvvəyə minəcək. Qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli təklif edib ki, dollarla olan kreditlərlə bağlı da qanun layihəsi hazırlansın: "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi sahibkarların işini xeyli yüngülləşdirəcək. Təklif edərdim ki, dollarla olan kreditlərlə bağlı da bu tip qanun hazırlansın". Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Alim