Gürcüstanda yanacaq qiymətlərinin kəskin artması siyasi gərginliyə səbəb olub – ÖZƏL
10:06 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri Tazo Datunaşvili hakim "Gürcü Arzusu" partiyasını kəskin tənqid edərək yanacağa tətbiq edilən aksiz vergisinin müvəqqəti ləğv olunmasını tələb edib. Müxalifətçi siyasətçi bildirib ki, hökumətin verdiyi vədlərə baxmayaraq, ölkədə benzin və dizelin qiyməti son bir ildə fəlakətli həddə çatıb. Rəsmi statistika göstərir ki, son bir il ərzində dizel 39%, benzin isə 23% bahalaşıb, xüsusilə son həftələrdə iri yanacaqdoldurma şəbəkələrində qiymət artımı daha da sürətlənib.
Datunaşvili vurğulayıb ki, sentyabr ayında məhsul yığımı dövründə yanacağın bu dərəcədə bahalaşması ölkə əhalisinin dörddə birini təşkil edən kənd təsərrüfatı işçilərinə və ümumilikdə bütün vətəndaşlara böyük zərbə vurur. O, Yaxın Şərqdəki böhran və Hörmüz boğazındakı nəqliyyat problemləri fonunda Gürcüstanın da digər ölkələr kimi adekvat addım atmalı olduğunu, aksiz dərəcəsini 2017-ci ildən əvvəlki səviyyəyə endirməklə qiymətləri ucuzlaşdırmağın mümkünlüyünü qeyd edib. Bununla belə, müxalifət nümayəndəsi hakimiyyətin korrupsiyaya qurşandığını və xalqın problemlərinə biganə qaldığını iddia edərək bu addımın atılacağına inanmadığını bildirib.