Bumeranq lənət- və yaxud narkotika dumanında boğulan insanlıq

Züleyxa Nadir

Bir neçə gün əvvəl Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsinin təsirindən hələ də çıxa bilmirəm. Tanıdığım bir ailənin bənzər faciəsinin təkrarıdı. O hadisənin də kökündə narkomaniya dururdu. Yenicə ailə quran gənclərin xoşbəxtliyinə oğlanın narkoman dostları mane oldular. İmkanlı ailənin övladları olan bu "dostlar" onu da öz yollarına çəkə bildilər. Dərd təkcə bununla bitmədi ki?! Ərini getdiyi əyri yoldan çəkindirmək əvəzinə qadın da onun ardınca həmin yolun davamçısı oldu. Öncə ərinə acıq gəlsin, hayıf çıxsın deyə narkotik maddənin dadına baxdı. Sonra isə düşdüyü depressiyadan çıxmaq üçün, özündə süni və müvəqqəti xoşbəxtlik hormonlarını yaratmaq istəyilə zəif xarakterinin əlindən tutub bədbəxtliyin toruna düşdü. Dünyaya gələn körpə də şikəst doğuldu. Bir ailə paramparça oldu, heç kim onu yığa bilmədi.

Ötən ilin dekabrında ailənin başqa bir faciəsi son "akkordu" vurdu. Bakıətrafı qəsəbələrin birindəki avtodayanacaqda gözətçi işləyən oğlan elə ordaca yandı. İş yerindəki taxta budkada gecələyən oğlan narkotikanı damarına vurandan sonra siqaret yandırıb, amma onu çəkə bilməyib. Əlində yanan siqaretlə yuxuya gedib, siqaret də düşüb ətrafı yandırıb...

Oğlundan sarı heç üzü gülməyən ananın fəryadı hələ də qulaqlarımda səslənir, qiyya çəkərək üz-gözünü cırırdı, saçını yolurdu, naləsi az qala ərşə çıxırdı. Bir ananın sağalmaz xəstəliyə tutulmuş oğlunun cənazəsini o cür qucaqladığını bəlkə də hələ heç kim görməmişdi. Əminəm ki, həmin gün dəfndə iştirak edən insanlar taxta budkada yanıb kömürə dönmüş və ağ kəfənə bürünmüş övladını bağrına basan ananın naləsini hələ də unutmayıblar. Sadəcə dəhşət idi, göz yaşlarını saxlamaq mümkün deyildi...

Narkomaniya elə bir mənfur bəladır ki, ondan yaxa qurtarmaq nadir insanlara müyəssər olur. Bu xəstəliyə tutulanlar saniyəbəsaniyə məhvə doğru gedirlər. Bəkə də "cürüyürlər" demək daha doğru olar. Amma neynəməli? Hər bir insan övladı xislətinə uyğun yaşamağı özü seçir, ya da başqaları onu əyri yolla getməyə vadar edir. Bəşər yarandığı gündən insan zaman-zaman həyatın yaxşılıqları ilə yanaşı pisliklərinin də labirintinə düşüb və düşür. Burdan da bəzən çıxa bilir, bir çox hallarda isə elə oradaca məhv olur. Narkotika aludəçiliyi də çıxılmaz labirint misalıdır. Bir neçə gün əvvəl yanıb dünyasını dəyişən insanlar bu labirintdən çıxmaq üçün "yola çıxmışdılar", narkoloji dispanserdə müalicə olunub sağlam həyata qayıdacaqlarına inanırdılar. Amma qismət olmadı, 25 insan bu dünyadan əlini üzdü, 25 insan arxalarınca göz yaşı, ah-nalə, fəryad, təəssüf və nə yazıq ki, söz-söhbət, dedi-qodu buraxdı.

Sonuncudan başlamaq istəyirəm. İşin ağrılı tərəfi təkcə o deyil ki, 25 nəfər insan öldü, həmin faciə bir quruma ləkə gətirdi, səhiyyə sistemindəki boşluğu üzə çıxardı, yarıtmaz və məsuliyyətsizliyin pik nöqtəsini göstərdi. Adamı əməlli-başlı silkələyən odur ki, faciə cəmiyyətdə birmənalı qarşılanmır, insanların arasında cürbəcür xoşagəlməz fikirlər səslənir. O xəstələrin ölümünə təəssüflənən, ailələrin halına acıyanlarla yanaşı "narkomanlar ölməliydilər", "yaxşı oldu yandılar, cəmiyyət onlardan təmizləndi", "narkomanın harayına getməyin, onun o biri dünyada da yeri yoxdu" və s. bu kimi fikir söyləyib lənətləyənlər, qınayanlar var. Onlar əslində ictimaiyyətdə bu hadisənin əks effekti ilə bağlı mənfi rəy formalaşdırmağa cəhd edənlərdi. Dünyasını faciəli surətdə dəyişən xəstələr haqqında xəstə təxəyyüllü fikir söyləmək vicdan hissini itirmək deməkdi.

Əvvəla heç kim sinəsinə döyməsin ki, onun övladı, qardaşı, yaxud da bacısı, digər yaxınları, doğmaları və əzizləri bu yola düşməkdən sığortalanıblar. İkincisi bu insanlar bilməlidirlər ki, lənətin iki başı var. O, bumeranq kimidi, əmin olsun ki, dönüb-dolaşıb özünə qayıdacaq. Üçüncüsü onlar da insandı, onları da bir ana doğub, bir atanın tərbiyəsi ilə böyüdüblər. Bəlkə də bu insanlar Allahın ən günahsız bəndələridi. Çünki narkotika aludəçiləri zəif xarakterli, tez inanan, hər şeydə bir yaxşılıq axtaran, bəzən də hadisələrə sadəlövh yanaşdıqları üçün asanlıqla tora düşürlər. Bir çox hallarda yaraşıqlı, savadlı, ali təhsilli, üstəlik də çox mədəni və sadəlövh oğlanlar narkotikanın cəngindən xilas ola bilmirlər. Ona görə də daha çox özlərinə zərər verirlər. Əgər xəstəlik güc gəlməsə bir başqasına zərrə qədər də toxunmazlar.

Düşünməyin ki, mən narkomaniyanın tərəfdarıyam, yaxud da bu yolun yolçularına haqq qazandırıram. Allah kimsəni bu mənfur bəlaya düçar etməsin. Sadəcə düşdükləri bu yola kim onları vadar edib, bax bunu çözmək və onları lənətləmək, narkobiznes nümayəndələrinə təpki vermək lazımdı. Onu da deyim ki, həmin mərkəzdə həm də alkoqolizmə düçar olmuşlar müalicə olunurlar. Mən bilmirəm yananlar hamısı narkomanlardı, yoxsa aralarında alkoqoliklər də varmı? Bütün hallarda mənfur xəstəliyin cəngindən xilas olmağa çalışan narkoloji mərkəzin "sakinləri" üçün yaramaz fikir söyləmək doğru deyil...

Rəsmi statistikaya görə ölkədə narkotika istifadəçilərinin sayı 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555 nəfər olub.  Yalnız 2014-cü ildə 1235 nəfər ilk dəfə narkotika istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə isə bu, 2017 olub. Ötən il 592 qadın narkoman kimi qeydiyyata alınıb. (Təəssüf ki, son iki ilin statistikasını əldə edə bilmədim). Qəliz görünən, baş gicəlləndirən rəqəmlərdi, deyilmi? Əslində ölənləri, yaxud da sağ qalanları lənətləyənlər, ən yumşaq halda qınayanlar diqqəti bu rəqəmlərin üzərinə yönəltsinlər. Bu qədər insanın bu cür mənfur xəstəliyə tutulmasının səbəbi nədir? Kimin suçudu, hansı qurumun günahıdı? Valideynlər məsuliyyətsizdi, çevrəsindəkilər vecsizdi, yoxsa ictimaiyyət soyuqqanlılıqla yüklənib?

Bəşəriyyəti silkələyən, onu laxladan bəlalardan biri, bəlkə də birincisi olan narkomaniya - "ağ ölüm" bu gün dünyanın başı üzərində bir kabus kimi dolanır. Bu mənfur bəlanın törətdiklərini, fəsadlarını təsəvvür etmək və görmək bir yana, kökünü kəsmək belə mümkünsüz hala çevrilib. Narkobaronların gücü qarşısında dünyada heç bir dövlət tab gətirə bilmir. Azərbaycanda da bu gün narkomaniyanın kökünü kəsmək yolunda atılan addımlar öz müsbət effektini verə bilmir. Ölkəmizdə narkobaronların olmasına şübhə edirəm, amma dünyanın dörd bucağında fəaliyyət göstərən narkobiznes Azərbaycana da təsirsiz ötüşmür.

Narkotiklərdən istifadə və onların qanunsuz satışı ilbəil artır. Bu artıma meydan verən bəzi imkanlı, pullu, varlı, sərvəti milyonlarla ölçülən kişilərdi, onların övladlarıdı. Kasıb, işsiz, az qala bir qarın çörəyə möhtac ailənin övladları "ağ ölüm" biznesində öncə narkotika daşıyıcısı işinə cəlb olinurlar. Sonra bu daşıyıcılar həmin qazanc mənbəyindən dadır və asılı vəziyyətə düşürlər. Narkotikadan istifadə edən imkanlılar paxıl, xəbis, başqalarının zəhərlənməsində rolu olanlardı. Bilirlər ki, yaşamaq üçün bir az pula ehtiyacı olanları tora salmaq çox asandı. Onlar ağıllı, cəmiyyət üçün yararlı ola biləcək zəka sahiblərini zəhərləməkdən həzz alırlar. "Ağ ölümün" cəngində əzab çəkən insanların taleyi onları maraqlandırmır.

Respublika Narkoloji Mərkəzində yanan xəstələr onsuz da illərin əzabını çiyinlərində daşıyırdılar, narkomaniya bəlasının girdabında çabalayır, işgəncə çəkirdilər. İşgəncə altında yaşayan insanların işgəncə ilə ölməsi çox ağrılı taledi, çox əzablı məqamdı. Bu taleyə rişxənd edib onu lənətləmək əzabların ən dözülməzidi.

Halbuki onları bu yola çəkənlərin, əzabla yaşamağa vadar edənlərin vicdanı od tutub yanmalı idi...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31