Ermənistan və Türkiyə biznes qurumları sərhədlərin açılmasının vacibliyini bəyan ediblər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı ilə Van Ticarət və Sənaye Palatası İrəvanda keçirilən görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Tədbir çərçivəsində Türkiyənin Van əyalətindən olan 80 iş adamı ermənistanlı həmkarları ilə görüşlər keçirib. Bəyanatda qeyd olunur ki, siyasi fikir ayrılıqlarından asılı olmayaraq, ticarət və ümumi iqtisadi maraqlar iki ölkə arasında qarşılıqlı anlaşmanın formalaşmasına, biznesin və sərhədyanı regionların inkişafına əhəmiyyətli töhfə verə bilər.

Tərəflər qarşılıqlı ticarət həcminin artırılmasının, birgə investisiyaların, turizm və logistika sahəsində əməkdaşlığın, xüsusilə də sərhədlərin açılmasının və müntəzəm nəqliyyat əlaqəsinin bərpasının vacibliyini vurğulayıblar. Sənəddə Vanın Türkiyə ilə Qafqaz arasında təbii ticarət körpüsü ola biləcəyi qeyd edilib. Məlumat üçün bildirilib ki, hazırda iki ölkə arasında ticarət üçüncü dövlətlər vasitəsilə aparılır və birtərəfli xarakter daşıyır; Türkiyədən Ermənistana idxal 120 milyon dolları keçdiyi halda, Ermənistandan ixrac cəmi 400 min dollar civarındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31