Novruzun süni qiymət artımı
Novruz bayramı yaxınlaşdıqca ölkə bazarlarında qiymət artımı müşahidə olunmaqdadır. Araşdırna zamanı bəlli oldu ki, bahalaşma təkcə bayram sovqatlarında deyil, satışa çıxarılan bütün növ məhsullarda hiss olunur. Yeri gəlmişkən qeyd edək ki, ən çox qiymət artımı ərzaq məhsullarında, xüsusən də kərə yağında baş verib. Vəziyyət o həddə çatıb ki, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırıblar.
1 Mart 2018 14:25 SosialBahalaşmanın qarşısını necə almaq olar?
Novruz bayramı yaxınlaşdıqca ölkə bazarlarında qiymət artımı müşahidə olunmaqdadır. Araşdırna zamanı bəlli oldu ki, bahalaşma təkcə bayram sovqatlarında deyil, satışa çıxarılan bütün növ məhsullarda hiss olunur. Yeri gəlmişkən qeyd edək ki, ən çox qiymət artımı ərzaq məhsullarında, xüsusən də kərə yağında baş verib. Vəziyyət o həddə çatıb ki, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırıblar. Ekspertlər isə hesab edirlər ki, baş verən qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Yəni, hazırda müşahidə olunan bahalaşma süni qiymət artımı ilə əlaqədardır. Bu halda belə bir sual yaranır ki, ölkə iqtisadiyyatının günü-gündən inkişaf etdiyi, kənd təsərrüfatına dövlət qayğısının artdığı bir məqamda nədən qiymətlər bahalaşmalıdır? Hökumətin alternativ olaraq açdığı yarmarkalar niyə qiymətlərin enməsinə təsir etmir? Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, hər il bayramqabağı süni qiymət artımı olur:"Əsasən bayram süfrəsinə daxil olan ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Novruz bayramı ilə əlaqədar daha çox fındıq, qoz, un, şəkər tozu, yumurta, yağ və s məhsulların qiyməti qalxır. Hesab edirəm ki, qiyməti aşağı salmaq üçün alternativ tədbirlər görülməlidir. Yerlərdə yarmarkalar açılmalıdır. Bu yarmarkalarda qiymətlər bazarla müqayisədə 20-30 faiz aşağı olsun. İnsanlar da məhsullarını həmin yarmarkalarda ucuz qiymətə sata bilərlər. Çünki bazar rəqabətə dözə bilməyib qiymətləri aşağı salacaq. Bununla da qiymət artımının qarşısı alına bilər". Deputat bildirib ki, xarici ölkələrdə bayramlardan sonra endirimlər başlayır."Bu endirimlər hətta 30-50 faizi əhatə edir. Son zamanlar bizdə də belə endirimlər başlayır. Bu çox yaxşı addımdır. Hesab edirəm ki, bayram öncəsi bir çox şəhərlərdə- Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə və.s şəhərlərdə yarmarkalara açılmalıdır". Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib ki, cənab prezident İlham Əliyevin də qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı ilə bağlı atdığı addımlar artıq ölkədə qeyri-neft sektorunun prioritet bir sahəyə çevrilməsinə, xeyli dərəcədə ərzaq təhlükəsizliyimizin təmin olunması üçün böyük bir meydanın verilməsinə gətirib çıxarıb: "Xüsusən bayramqabağı bahalaşma ilə bağlı olaraq bu məsələ nəzarətə götürülməlidir. İndi qarşıdan Novruz bayramı gəlir, bizim adət-ənənəmizə uyğun olaraq başqa bayramlarda olmasa da bu bayramda hər kəs süfrəsini bir az zəngin saxlamağa çalışır. Bizdə bu qədər qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda bazarda qiymətlər enməlidir, çünki daxildə istehsal çoxdur. İstehlakçılar artıq daxili bazardan tələbat malları alırlarsa, demək ki, xaricə nisbətən daha ucuz qiymətlərə alırlar. Ucuzlaşma əvəzinə bahalaşmanın olması absurd bir məsələdir, mən hesab edirəm ki, müvafiq icra strukturları yenə monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdırlar". O bildirib ki, tarladan süfrəyə bir qida zənciri mexanizmi var: "Amma tarladan bazara, bazardan da istehlakçının süfrəsinə qədər o yoldakı baryerləri aşmaq üçün tədbirlər görülməlidir ki, birbaşa istehsal edənlərin bazara çıxmaq imkanları olsun. Arada vasitəçilik edənlər qiymətlərə təsir edə bilməsinlər, süni şəkildə qiymətləri qaldırmasınlar. Ola bilər bu bir az bəsit məsələ görünsün, amma aztəminatlı ailələr üçün bu çox mühim məsələdir. Bayram ərəfəsində qiymətlər qalxır və bir daha düşmür. Ona görə hesab edirəm ki, əhalinin əsasən aztəminatlı hissəsinin əhvalına müsbət təsir edən qərarlar qəbul edilməlidir. Xüsusən süni şəkildə bahalaşmanın qarşını almaq üçün müəyyən tədbirlər görülməsi vacib şərtdir". Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə isə deyib ki, bayramqabağı süni qiymət artımın olması təlabatın artması ilə bağlıdır: " Bazar iqtisadiyyatına uyğun və anti - monopolist qanunlar qəbul edilməlidir ki, qiymətlər hansısa inzibati üsulla yox, bazar iqtisadiyyatına uyğun üsullarla tənzimlənsin. Nə qədər sahibkarların imkanlarında sərbəstlik olacaqsa, bu qiymətlərin aşağı düşməyinə öz təsirini göstərəcək. İnzibati üsullarla qiymətlər sovet sosialist iqtisadiyyatında müəyyənləşə bilər. Biz isə rəqabət olan bir iqtisadi sistem formalaşdırmalıyıq. Rəqabət Məcəlləsinin qəbulunu vacib sayıram. Hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması məhz sahibkarın xeyrinə olar. Çox təəssüflər olsun ki, bu məcəllənin qəbulu ləngiyir. Mənə elə gəlir ki, məhz real bazar iqtisadiyyatı da rəqabətin mövcud olduğu mühitdə formalaşır". Sosial məsələlər üzrə ekspert Mirzə Manafov qeyd edib ki, süni qiymət artımına yol verən hüquqi və fiziki şəxslər cinayət qanunvericiliyinin bütün sərtliyi ilə qanun qarşısında cavab verməlidirlər. Əgər lazımi inzibati addımlar atılmasa, maarifləndirmə yolu ilə qiymət artımının qarşısını almaq mümkün olmayacaq. Nəzərə almaq lazımdır ki, mağazalarda, marketlərdə, ticarət mərkəzlərində satış ilə məşğul olan şəxslərin böyük əlsəriyyəti dövlət tərəfdindən edilən güzəştlərdən sui-istifadə edərək qiymət artımı ilə məşğul olurlar. Ancaq nə, inzibati, nə də vergi orqanları belə halların qarşısının alınması istiqamətuində sərt addımlar atmırlar. Nəticədə də süni qiymət artımı üçün əlverişli şərait yaranmış olur. Ekspert onu da qeyd edib ki, ölkədə inhisarçılığın qarşısını alan qanunlar qəbul edilməlidir ki, qiymətlər inzibati üsulla deyil, bazar iqtisadiyyatına uyğun tənzimlənsin: "Düzdür hazırda İqtisadiyyat Nazirliyinin müvafiq departamenti çalışır ki, qiymətləri stabil saxlasın. Kənd Təsərrüfatı Nazirliyi müəyyən yarmarkalar keçirir ki, qiymət artımının qarşısını alsınlar. Ancaq qiymət artımın qarşısının alınması üçün qiymət siyasəti olmalıdır. Sahibkarlar da nəzərə almalıdır ki, qiymətləri qaldırmaq elə də böyük əhəməyyət kəsb etmir. Qiyməti qaldırmaq bir tərəfdən sahibkara xeyir verirsə, digər tərəfdən ziyan vurur. Çünki qiyməti qaldıranda alıcılıq qabiliyyəti aşağı düşür. Onlar bilməlidirlər ki, qiymətləri qaldırmaq əhalinin maliyyə vəziyyətinə öz təsirini göstərir".
Nurlan