Ziya Bünyadovun qətlinin 21 illik sirri
Akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ilində qətlin iştirakçılarından olan Nizami Nağıyevin mətbuata verdiyi müsahibə yendən 21 il geri qayıdaraq həmin qanlı hadisə barədə bir çoxlarını bir daha düşünməyə, baş sındırmağa, qətlin həyata keçirilməsinə səbəb olan əsas məqamı axtarmağa sövq etsə də, lakin ötən 21 ildə heç bir nəticə vermədiyi kimi bu dəfəki çabalar da bir sonuca çatmadı. Bütün bunları bir kənara qoyaraq Nizami Nağıyevin müsahibəsinin əsas məğzinə diqqət yetirək. Və hansı səbəbdən onun indi gündəmə gəlməyə cəhd göstərdiyini aydınlaşdırmağa çalışaq.
27 Fevral 2018 14:14 SosialGizli qalan mətləblərin üstü niyə açılmır?
(Əvvəli 26 Fevral sayımızda)
Akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ilində qətlin iştirakçılarından olan Nizami Nağıyevin mətbuata verdiyi müsahibə yendən 21 il geri qayıdaraq həmin qanlı hadisə barədə bir çoxlarını bir daha düşünməyə, baş sındırmağa, qətlin həyata keçirilməsinə səbəb olan əsas məqamı axtarmağa sövq etsə də, lakin ötən 21 ildə heç bir nəticə vermədiyi kimi bu dəfəki çabalar da bir sonuca çatmadı. Bütün bunları bir kənara qoyaraq Nizami Nağıyevin müsahibəsinin əsas məğzinə diqqət yetirək. Və hansı səbəbdən onun indi gündəmə gəlməyə cəhd göstərdiyini aydınlaşdırmağa çalışaq.
Əvvəla ikinci məqama, Nizami Nağıyevin hansı səbəbdən indi gündəmə gəlməsi və ya kimlərsə tərəfindən gündəmə gətirilməsi cəhdinə diqqət çəkək. Bir çoxları iddia edə bilər ki, Nizami Nağıyevin mətbuata müsahibə verməsində hansısa məqam axtarmağa dəyməz. Xüsusilə, akademik Ziya Bünyadovun qətlinin ildönümü olduğu üçün Nizami Nağıyevin müsahibə verməsi təbiidir. Ancaq qatilin məhz indi niyə dilə gəldiyi kifayət qədər düşündürücüdür. Əgər Nizami Nağıyev mətbuata verdiyi müsahibə ilə nəyisə etiraf etmək niyyətindədirsə, bunu o dəhşətli cinayəti törətdiyi ilk illərdə, yaxud bir neçə il bundan əvvəl, elə Ziya Bünyadovun qətlinin ildönümləri ərəfəsində edərdi. Daha 18 il gözləməyə nə ehtiyac vardı? Deməli burada məqsəd nəyisə etiraf etmək deyil, nəyəsə nail olmaqdır. O nə isə əfv edilmək arzusudur. Hər halda Nizami Nağıyevin prezident seçkiləri ərəfəsində, eləcə də 2018-ci ildə Xalq Cümhuriyyəti İli ilə əlaqədar olaraq genişmiqyaslı əfv sərəncamının imzalanması barədə xəbərlərin yayıldığı bir vaxtda üzə çıxması, 21 il əvvəl baş vermiş qətlin təfərrüatlarını açıqlaması və sonda törətdiyi əməldən peşmançılıq keçirdiyini bildirməsi deyilənləri təsdiqləyir. Yəni qənaət ondan ibarətdir ki, Nizami Nağıyevin mətbuata müsahibə vermə istəyi təsadüfdən meydana çıxmayıb və qatil onun əfv edilməsi, ən azından ömürlük həbs cəzasının müddətli həbs cəzası ilə əvəz olunmasını istəyir.
Nizami Nağıyevin müsahibəsindən bir müddət əvvəl onun atası, vaxtı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Adil Nağıyevin də mediada görünməsi və sabiq icra başçısının da Ziya Bünyadovun qətli ətrafında gəzişmələr etməsinin kökündə oğlunun əfv edilməsi istəyi dayanırdı. Hər halda Adil Nağıyevin bir müddət əvvəl "Yeni Müsavat" qəzetində dərc edilən müsahibəsində yer alan fikirlər belə deməyə əsas verir. Sabiq icra başçısı sözügedən müsahibəsində Ziya Bünyadovun xanımı Tahirə xanım tərəfindən oğlunun əfv edildiyini diqqətə çatdıraraq müvafiq qurumlara da anoloji addım atmağı tövsiyə edir: ""Tahirə xanım məni bağışladı. Mənə dedi sənin bu kişiliyinə, mərdliyinə görə mən də prezidentə müraciət edəcəyəm ki, sənin oğulunun işini yüngülləşdirsinlər. Dedi mən də bu dünyadan gedəcəyəm, qoy Ziyanın ruhu şad olsun. Bundan sonra o, prezidentə ərizə yazdı. Böyük ürək sahibi olan akademikin xanımı yazıb: "Həyat yoldaşımın ölümündə iştirakçı kimi təqsirli bilinən Nağıyev Nizami Adil oğlunun ən ağır cəzaya - ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi məni daim narahat edir. Düşünürəm ki, belə bir vəziyyətdə Ziya Bünyadov özü necə davranar və hansı qərarı qəbul edərdi?! Mənə elə gəlir ki, Ziya Nizami Nağıyevi bağışlayardı. Ən qatı günahları Ulu Tanrı bağışlayırsa və bağışlamaq böyüklük əlamətidirsə, mən 14 ildir Qobustan həbsxanasında cəza çəkən Nağıyev Nizami Adil oğlunu bağışlayıram".
Elə cinayətkar Nizami Nağıyevin də bir neçə nömrə ard-arda dərc edilən müsahibəsinin əsas ana fikri bağışlanmaq istəyidir. O da, Ziya Bünyadovun xanımı tərəfindən bağışlanıldığını və anoloji addımın digər şəxslər və qurumlar tərəfindən atılmasını arzuladığını söyləyib: "Ürəyim xəstədir. Heç "voronok"a (dustaq daşınan maşın) oturub müalicə müəssisəsinə gedə bilmirəm. Nəfəs alma problemim var. Müalicə olunuram. Deyirlər təzə həbsxana tikilir, orada şərait fərqli olacaq. Bircə istəyim prezidentdəndir. Onun ədalətinə sığınıram. Göydə Allahın, yerdə prezidentin rəhminə sığınıram. Demirəm azadlığa buraxsın, mənə ümid işığı versin. O dövrü siz də yaşamısız. Mənə bəraət yoxdur. Səhvimi etiraf edirəm. Əslində səhv yox, böyük bir günah etmişəm. İnsanı öldürmək ən böyük günahdır, etmişəm. İmkan varsa, ömürlük cəzanı ümid işığı ilə əvəzləyin. Əfv Komissiyasının sədri Ramiz Mehdiyevdən, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov cənablarından, Əfv Komissiyasının üzvlərindən rica edirəm, imkan varsa, ömürlüyü üstümdən götürsünlər. Ziya Bünyadovun qohumlarından üzr istəyirəm. İmkan varsa bağışlasınlar, Tahirə xanımın yolunu getsinlər".
Həm Adil Bağırov, həm də Nizami Nağıyev belə bir istəyə düşmələrini cinayətkarın aldadıldığı, Ziya Bünyadovu tanımadığı, yaxud qətldən cəmi bir neçə gün əvvəl hədəfin Ziya Bünyadov olması barədə qrup üzvlərinə məlumat verilməsi ilə əlaqələndirməyə çalışırlar. Əslində burada da kifayət qədər mübahisəli məqam var. Belə ki, Adil Nağıyev oğlunun bir başqalarının oduna yandığı görüntüsü yaratmaqla bir növ Nizami Nağıyevin günahsız olduğunu deyir. Yəni, Nizami Nağıyev Ziya Bünyadovun qətlinə bu qətlin təşkilatçıları Tariyel Ramazanov, Cavanşir Aslanov və Qalib Babayevin əli ilə cəlb olunub. Bu zaman brada iki məqama diqqət çəkmək yerinə düşər. Birincisi, deməli Adil Nağıyev Abşeron rayonunda icra başçısı işləyən zaman başı eyş-işrət işlərinə qarışdığı üçün oğlunun tərbiyəsi ilə yaxşı məşğul olmayıb, onun tərbiyəsini düzgün istiqamətdə qurmayıb. Əks təqdirdə icra başçısının övladının adı bütün ölkəni lərzəyə salan bir qətldə hallanmazdı, həmin qətlin əsas iştirakçılarından birinə çevrilməzdi. İkinci bir məqam Nizami Nağıyevin Ziya Bünyadov barədə məlumatlı olmaması ilə bağlı ortaya atılan iddiadır. Həm Adil Nağıyev, həm də Nizami Nağıyev israrla bildirirlər ki, cinayətkar Ziya Bünyadov barədə məlumatlı olmayıb. Yaxud qətildən bir neçə gün əvvəl hədəfin mərhum akademik olduğunu bilib. Əvvəla, hər hansı bir cinayətkar qrup özünə hədəf seçərkən həmin hədəfin məhv edilməsinə istiqamətlənmiş qrup üzvlərinə onun bütün koordinatları barədə dəqiq məlumat verir ki, cinayət törədilərkən xətaya yol verilməsin. Hədəfin kimliyi, hansı peşənin sahibi olması, hərəkət trayektoriyası və s. tam dəqiqliyi ilə qatillərə çatdırılır. Elə Ziya Bünyadovun qətlinin təşkilatçıları da qatillərə mərhum akademik barədə yuxarıda qeyd edilən bütün məqamları çatdırıb. Nizami Nağıyevin müsahibəsindən aydın olur ki, hətta bir neçə dəfə akademiki qətlə yetirmək üçün planlar da qurulub. Lakin ayrı-ayrı vaxtlarda akademikin yaşadığı binanın girişində sakinlərin olması, yaxud digər başqa məqamlar qətl hadisəsinin təyin olunan zamanda gerçəkləşməsinə maneə yaradıb. Bu baxımdan cinayətkarın hədəfin Ziya Bünyadov olması barədə qətldən yalnız bir-iki gün əvvəl xəbər tutması iddiası da həqiqəti əks etdirmir. Deyək ki, Nizami Nağıyev akademikin qətlindən bir-iki gün əvvəl xəbər tutub. Axı, həmin bir-iki gündə də o dəhşətli cinayəti törətməkdən böyun qaçırmaq mümkün idi. Xüsusilə atası icra hakimiyyətinin başçısı olan birisi bu yoldan xətasız-bəlasız yayına bilərdi. Müsahibədə Nizami Nağıyev hədəfin kimliyini bildikdən sonra qətl hadisəsini törətməkdən yayınma məsələsinə də toxunur və bunu mümkünsüz hesab edir. Və bildirir ki, bir neçə il ərzində "Hizbullah" təmsilçisindən aldıqları dərs və təlimatlar onu sanki canlı bombaya çevribmiş və hədəfin kimliyini bildikdən sonra belə cinayətdən yayınmaq mümkün deyilmiş. O zaman maraqlı bir sual ortaya çıxır. Əgər Nizami Nağıyev cinayəti həyata keçirəcəyi son bir-iki gün qalmış hədəfin atası Adil Nağıyev olduğunu bilərkən də eyni addımı atardımı? Əlbəttə ki, yox. O zaman Nizami Nağıyevin güclü təsir altında olmaları barədə dedikləri də bir qədər səmimiyyətdən kənar görünür. Və göründüyü kimi Nizami Nağıyev daha çox ikinci varianta, qatil olmağa üstünlük verir. Düzdür, çoxları deyə bilər ki, hədəfin Ziya Bünyadov olduğunu bildikdən sonra bu prosesdən yayınması Nağıyevin həyatı bahasına başa gələrdi. Hər halda indiki vəziyyət də elə bir növ Nizami Nağıyev üçün ölümə bərabər bir situasiyadır. Bir tərəfdən ömürlük həbs cəzası, digər tərəfdən 21 ildən artıq ona qarşı formalaşmış kin, nifrət hissi. Düzdür, mərhum akademikin həyat yoldaşı Tahirə xanım Nizami Nağıyevi bağışladığını bildirib və bu müəyyən mənada Nizami Nağıyev üçün mənəvi təskinlikdir. Amma bu birmənalıdır ki, Nizami Nağıyev ümumilikdə Azərbaycan xalqı tərəfindən bağışlanmayıb. Hələ də Azərbaycan xalqı yenilməz, cəsarətli alimi, akademik Ziya Bünyadovu qətlə yetirənlərə qarşı barışmazdır.
Yaxud cinayətkarın müsahibəsindəki ikinci mübahisəili və səmimiyyətdən kənar olan məqam. Nizami Nağıyev iddia edir ki, Ziya Bünyadovun həyat və fəaliyyəti barədə yalnız qətldən bir neçə il sonra, həbsxana həyatı yaşayarkən məlumatlı olub. İnandırıcı görünmür. Birincisi ona görə ki, Nizami Nağıyev qeyd etdiyi kimi ali təhsilli biri olub, Odlar Yurdu Universitetində hüquq təhsili alırmış. Hətta ali təhsilli olmasa belə Nizami Nağıyev orta məktəb illərində Ziya Bünyadov şəxsiyyəti barədə kifayət qədər eşidib, tarix kitablarında onun fəaliyyəti, həyatı barədə oxuyub. Digər tərəfdən ziyalı ailəsində böyüyüb boya-başa çatan birisinin Ziya Bünyadov barədə məlumatsız olduğu qeyri-mümkün görünür. Ona görə də Nizami Nağıyevin həbsxana həyatında mərhum akademikin həyat və fəaliyyəti barədə məlumat əldə etdiyi barədə fikirləri inandırıcı görünmür.
Nəhayət, gələk Nizami Nağıyev və onun atası Adil Nağıyevin əfv olunma istəyinə. Təbii ki, bir insanın nəsə istəməsi onun haqqıdır. Ancaq gəlin görək Nağıyev bu haqqa layiqdirmi? Düşünürəm ki, cəmiyyət heç də birmənalı olaraq Nizamçi Nağıyevin əfv edilməsinə dəstək nümayiş etdirməz. Bunun isə bir çox səbəbləri var. Ən başlıca səbəb isə odur ki, Nizami Nağıyev Ziya Bünyadov kimi bir dahini, akademiki qətlə yetirməklə ilk növbədə Azərbaycanın səsini boğmuş oldu. Çünki həmin illərdə mərhum akademik ermənilərə qarşı mübarizə aparan ziyalıların önündə gedirdi. Mərhum akademik qələmə aldığı tarixi əsərləri, məqalə və yazıları ilə erməni yalanlarını ifşa edirdi. Bu mənada Nizami Nağıyev Ziya Bünyadovu qətlə yetirməklə Azərbaycanın erməni yalanlarını ifşa etməsi istiqamıətində apardığı mübarizəni əngəlləmiş oldu. Azərbaycanın haqlı davasına zərbə vurdu. Bu mənada Nizami Nağıyevin Azərbaycan xalqı tərəfindən əfv edilməsi bir qədər şübhəli görünür. Düzdür, bu sahədə müstəsna səlahiyyət prezidentə məxsusdur və dövlət başçısı imzalayacağı əfv sərəncamı ilə Nizami Nağıyevi də azadlığa qovuşdura bilər. Ancaq Azərbaycan xalqı da onu əfv edəcəkmi? Əsas dual bax budur.
S.İsmayılbəyli