Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dağ rayonlarında uğurla icra edilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ucqar dağ rayonlarında da uğurla icra edilir. Hər bir ucqar dağ rayunu kimi Şəkidə də 2004-cü ildən bu günə qədər icra olunan Dövlət Proqramları bu dağ rayonunun simasını əsaslı dərəcədə dəyişib, abadlaşdırıb, gözəlləşdirib. Dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri Şəkini həm daxildən, həm də xaricdən ziyarət etmək istəyənlər üçün cəlbedici məkana çevirib.
26 Fevral 2018 17:36 SosialRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ucqar dağ rayonlarında da uğurla icra edilir. Hər bir ucqar dağ rayunu kimi Şəkidə də 2004-cü ildən bu günə qədər icra olunan Dövlət Proqramları bu dağ rayonunun simasını əsaslı dərəcədə dəyişib, abadlaşdırıb, gözəlləşdirib. Dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri Şəkini həm daxildən, həm də xaricdən ziyarət etmək istəyənlər üçün cəlbedici məkana çevirib.
Ötən illər ərzində Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Şəkidə həm iş yerlərinin sayı artıb, həm yeni istehsal müəssisələri tikilib istifadəyə verilib, həm də Ümumi Daxili Məhsulun payı artıb. Elə keçən ilin göstəricilərindən də bunu aydın görmək mümkündür. Belə ki, 2017-ci ildə Şəkidə 406 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 25 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 91 milyon manat həcmində investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 3 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5 faiz artaraq 93 milyon manat olub. İl ərzində 2 min 985 yeni və daimi iş yeri açılıb.
Respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ildə Şəkidə taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min ton artaraq 214 min ton olub. Baramaçılığın gələcək inkişafını təmin etmək, onun yem bazasını möhkəmləndirmək məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 140 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 67 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglərdir.
"Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" Dövlət Proqramının icrasının dördüncü ili çərçivəsində Şəkidə yerləşən "Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulub. Buraya xarici və yerli məsləhətçi şirkətlərin cəlb olunması planlaşdırılıb. Ümumiyyətlə, ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində "Şəki-İpək" ASC-nin fəaliyyətində ciddi dönüş yaranıb. İki il əvvəl Şəkidə 200 kiloqram barama istehsal edildiyi halda, ötən il istehsalın həcmi 18 tona çatdırılıb. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün 2018-ci ildə rayonda barama istehsalının 70 tona çatdırılması nəzərdə tutulur.
Dövlət Proqramları çərçivəsində Şəkidə heyvandarlıq da artıb ki, bu da süd istehsalının artmasına gətirib çıxarıb. Belə ki, Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərən "Şəki Aqro İndastris" MMC-nin südlük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatında olan inəklərin hər birindən 2017-ci ildə orta hesabla 7 min 605 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 974 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 20,8 kiloqram, yəni əvvəlki ildəkindən 2,6 kiloqram çox süd sağılıb.
Rayonda cins maldarlığın inkişafına mühüm töhfələr verən müəssisədə 2017-ci ildə ümumilikdə 3 min 578 kiloqram süd istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 16,3 faiz və ya 501 kiloqram çoxdur. Hazırda təsərrüfatda "Holştin-friz" cinsindən olan 1401 baş iribuynuzlu heyvan saxlanılır. Heyvanların sayı əvvəlki illə müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 522 baş buzov doğulub.
2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə alman şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südü sağılır.
Dövlət Proqramlarının uğurlu icrası nəticəsində 2017-ci ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Hesabat ilində rayonda 2 min 631 ton quru tütün istehsal olunub. İstehsalın həcmi əvvəlki illə müqayisədə 200 ton artıb. 2018-ci ildə tütün əkini sahələrinin artırılaraq 900 hektara çatdırılması planlaşdırılır. İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə 2017-ci ildə rayon ərazisində 469 hektar sahədə yeni fındıq bağları salınıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 2 min 262 hektardır.
Keçən il Şəkidə əsas kapitala yönəldilmiş investisiyanın 83 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhərində "ASAN həyat" kompleksinin tikintisi işlərinə başlanılıb. "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində "ABAD"ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri başa çatıb.
Azərbaycan Prezidentinin 2017-ci il 27 sentyabr tarixli Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işlərinə başlanılıb. 2016-cı ilin iyulunda baş vermiş güclü leysan yağışları nəticəsində sel sularının dağıtdığı Kiş çayının üzərindəki körpünün yerində inşa edilən bir aşırımlı 80 metr uzunluğunda körpünün tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 17,1 kilometr olan Şəki-Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilib.
Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Şəkidə əhalinin kommunal problemlərinin həlli, xüsusilə sakinlərin təbii qazla təmin olunması məsələsi də öz müsbət həllini tapıb. Belə ki, ötən il 1311 mənzil təbii qazla təmin edilib. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində də müvafiq işlər görülüb. Yaxın müddət ərzində isə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən "mavi yanacaq"la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Şəki rayonunun Baş Göynük kəndinə ilk dəfə təbii qaz verilib. 1343 abonenti olan Baş Göynük kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 825 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 62 min 658 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Şəkinin Kiçik Dəhnə kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikinti işləri başa çatdırılaraq bu kəndə də təbii qazın verilişi təmin olunacaq.
Dövlət Proqramlarının nəzərdə tutulan plan əsasında icrası Şəkinin mədəni həyatında da özünü göstərib. Belə ki, regional proqramlar çərçivəsində turizm zonası kimi tanınan Şəkidə yaradılan turzm istirahət mərkəzləri, yeni tikilən, eləcə də təmir olunan mehmanxana və otellər xarici turistlərin Şəkiyə olan marağını daha da artırıb. Mıhz görülən işlərin nəticəsidir ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki bu gün həm də, regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, Aşağı və Yuxarı karvansaraylar, digər tarixi-memarlıq abidələri yerli və xarici turistlər üçün cəlbedici məkanlar hesab olunur. İlin bütün fəsillərində Şəkiyə gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. 2017-ci ildə Şəkiyə gələn 150 minədək turistin təxminən yarısı qoruğun ərazisində olub. Ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən hesab olunan Şəki xanlarının sarayı, həmçinin V-VI əsrlərə aid Dairəvi Məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyası, "Sənətkarlar evi" hər zaman turistlərin diqqətini özünə cəlb edir. Yeni ilin ilk günlərində Şəkiyə gələn xarici turistlərin içərisində Rusiyadan, həmçinin MDB ölkələrindən gələnlər üstünlük təşkil edib.
Bir sözlə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Şəkinin həyatında bir canlanma yaradıb. Proqram çərçivəsində görülən işlər nəticəsində Şəkidə hər bir sahədə tərəqqi, canlanma, inkişaf baş verib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir