Öz dəyərini bilən adam və adamlar...
Özümüzçün xudmani məclis qurub söhbət edirik. Həyatda adamların, elə özümüzün də tutduğumuz mövqedən danışırıq. Bəzi məsələlərdə məyusluğunu ifadə eləyir. Ən maraqlısı və polemikaya dartanı bu sözlərdi:
26 Fevral 2018 14:40 SosialElçin Hüseynbəyli
İlqara...
Özümüzçün xudmani məclis qurub söhbət edirik. Həyatda adamların, elə özümüzün də tutduğumuz mövqedən danışırıq. Bəzi məsələlərdə məyusluğunu ifadə eləyir. Ən maraqlısı və polemikaya dartanı bu sözlərdi:
-Hərdən fikirləşirəm ki, bizim hər şeyimiz var. Amma nəsə çatışmır. Bəlkə biz özümüzü cəmiyyətə düzgün təqdim edə bilmirik, özümüzü qiymətləndirmirik?
-Azadlığı həddən artıq çox sevdiyin üçün belə düşünürsən.
-...
-Əslində nəyi nəzərdə tutduğunu bilirəm, -deyirəm və bundan o tərəfə mənim dialoqum başlayır. -Yəqin fikirləşirsən ki, daha çox şeyə nail olmaq olardı. Amma biz bu cürük və başqa cür də ola bilmərik. Biz özümüzə dəyər verdiyimizə görə bu mövqedəyik və bu cür yaşamaq bizim üçün daha rahatdır. Müxtəlif tip insanlar var. Elələri var ki, çox xırdadırlar və onun bu-bunun arxasında gizlənə-gizlənə yaşayırlar, yaltaqlanmağı sevirlər, amma görünməyə qorxurlar və görünmədiklərinə görə də hansısa məqama, mənsəbə çatırlar. Bax, onda cəmiyyət onlara adekvat münasibət göstərir, artıq cəmiyyət onlara yaltaqlanmağa başlayır və istər-istəməz onları ucaldır. Əslində isə hər kəs öz dəyərini yaxşı bilir, ona görə də güclü, istedadlı və onlar kimi olmaq istəməyən adamları qısqanır, ayağından dartmağa, onu görməməyə çalışır. Yaxşı bilir ki, onlar görünsələr, özləri kiçiləcəklər, yəni əsl dəyərlərini alacaqlar.
Sən öz dəyərini yaxşı bilirsən. Ona görə də insanlara əl tutursan. Çünki rahat yaşamaq istəyirsən. Axı səni müsbət eqo idarə edir. Sən başqalarını xoşbəxt görəndə sevinirsən. Mürtəce adamlar isə başqalarının bədbəxtliyindən həzz alırlar. Onların içindəki şər güclüdür. Dünyada pislər çox olsalar da, zəifdirlər. Yaxşılar azdırlar, amma güclüdürlər. Elə ona görə də dünya öz məhvərindən çıxmır, dünyanın hormoniyası tam pozulmur.
İndi həyatda olmayan məşhur şairlərdən biri xəstə yatarkən mənə qəribə etiraf elədi. Dedi ki, bəlkə də bu var-dövlət, cah-cəlal, şan- şöhrət, mənsəb mənə lazım deyildi. Çünki tanrı mənə istedad vermişdi və mənim işim onları yazıya çevirmək olmalıydı. Axi tanrı istetdadı hamıya vermir, seçilmişlərə verir...
Mən də qayıtdım ki, bəlkə bu məqama çatdığınıza görə belə düşünürsünüz. Bəlkə bütün bunlar olmasaydı, yenə də onun haqqında düşünəcəkdiniz və yazmaq imkanınız da bu qədər olmayacaqdı. "Ola bilər" cavabını verdi.
İnsan tək qalanda özünə suallar verir və həmin sualların cavabını özündən başqa heç kim bilmir.
İnsan həyatını öz istədiyi kimi yaşayanda azad və xoşbəxt olur...
Bax, sənin əsl dəyərin bundadır...
İnsanları sevmək Tanrının sənə verdiyi ən gözəl nemətdir...
Fevralın sonu, 2018