Azərbaycanda İKT-nin inkişafı “beyin axını”nın qarşısını alacaq

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş alıb gedən hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr və səriştəsiz rəhbərlik, həmçinin hərbi təcavüz və ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi, aqrar sənaye potensialına və sosial sferaya 15 milyard ABŞ dolları həcmində ziyanın vurulması, sayı 1 milyona yaxın olan və ya ölkə əhalisinin 15 faizini təşkil edən insanların öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşməsi respublikamızda sosial-iqtisadi böhranı daha da dərinləşdirdi, iqtisadi islahatların aparılması yolunda çoxsaylı əngəllər yaratdı və bazar iqtisadiyyatına keçid dövrünün problemlərini daha da artırdı.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş alıb gedən hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr və səriştəsiz rəhbərlik, həmçinin hərbi təcavüz və ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi, aqrar sənaye potensialına və sosial sferaya 15 milyard ABŞ dolları həcmində ziyanın vurulması, sayı 1 milyona yaxın olan və ya ölkə əhalisinin 15 faizini təşkil edən insanların öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşməsi respublikamızda sosial-iqtisadi böhranı daha da dərinləşdirdi, iqtisadi islahatların aparılması yolunda çoxsaylı əngəllər yaratdı və bazar iqtisadiyyatına keçid dövrünün problemlərini daha da artırdı. Ona görə də Azərbaycan sənaye və aqrar sektorlarda istehsalın tənəzzülünün qarşısını almaqda, ərzaq təhlükəsizliyini qorumaqda, istehlak bazarını gündəlik tələbat malları ilə, xüsusilə də əhalinin ərzaq resursları ilə təchizatını təmin etməkdə, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqda çox ciddi problemlərlə üzləşdi. Məhz ölkəyə səriştəsiz rəhbərlik üzündən respublikamızda, xüsusilə də regionlarda bölgə sakinləri üçün lazımi sosial-iqtisadi şəraitin və mühitin yaradılmaması, yeni iş yerlərinin açılmaması və digər vacib məsələlərin həll olunmaması ucbatından regionlardakı işçi qüvvəsi öz əmək qabiliyyətindən maksimum faydalanmaq və işlə təmin olunmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə, hətta Bakı şəhərinə və xarici ölkələrə üz tutmağa başladı. Düzdür, 1993-cü ilin iyununda xalqın tələbi və təkidi ilə Azərbaycan Respublikasının rəhbərliyinə gələn Heydər Əliyev ölkənin ictimai, siyasi və iqtisadi həyatını mövcud tənəzzüldən çıxarmaq və tərəqqiyə nail olmaq üçün tarixi addımlar atdı. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı sürətləndi, regionların və sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanıldı, bütün maliyyə mənbələri hesabına milli iqtisadiyyata investisiya qoyuluşlarının həcminin, eləcə də yeni iş yerlərinin, əhalinin gəlirlərinin artmasında və yoxsulluğun səviyyəsinin azalmasında çox böyük irəliləyişlər əldə edildi. Üstəlik, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən verir. Lakin bütün bütün bunlara baxmayaraq, Azərbaycanı tərk edənlərə hələ də rast gəlinir. Dövlət Statistika Komitəsinin məlumatna görə, təkcə 2017-ci ildə Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınıb. Mütəxəssislər deyirlər ki, miqrasiya prosesinin idarəolunmaz tərəfi kimi inkişaf etməkdə olan ölkələrdən intellekt axını, "beyin axını" göstərilir. "Beyin axını" isə yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilməyərək xarici ölkələrə miqrasiya etməsidir. Ekspertlər bildirirlər ki, müstəqilliyin ilkin dövrlərindən son illərədək Azərbaycandan xarici ölkələrə çox güclü "beyin axını" baş verib. Təbii ki, "beyin axını"nın davamlı olması ölkənin potensial imkanları üçün təhlükə yaradır. Mütəxəssislər qeyd edirlər ki, son illərdə mühacirətin strukturası və istiqamətləri dəyişib. Əvvəllər əsasən orta yaşlı kənd sakinləri Rusiyaya gedirdilərsə, indi Avropa ölkələrinə gedənlərin sayı artıb. Gedənlər isə daha çox ixtisaslaşmış kadrlardır. Həmçinin mühacirlərin yaş həddi də aşağı enib. Bu gün yaxşı təhsil alan və Azərbaycanda uyğun iş tapa bilməyənlər ölkəni tərk edirlər. Ölkəni tərk edənlərin çoxu Avropada yaşamağa gedən keçmiş tələbələrdir. Bakıda təhsilini başa vuranlar isə texniki və mühüm tətbiqi peşə nümayəndələridir ki, onlara böyük tələbat var. Onlar mühəndislər, proqramçılar, informasiya texnologiyaları mütəxəssisləri və həkimlərdir. Hətta Azərbaycanın yetişdirdiyi bəzi alimlər xarici ölkə universitetlərində işləyirlər. Bütün bunlar bu il də, sonrakı illərdə də "beyin axını"nın davamlı ola biləcəyindən xəbər verir. Qeyd edək ki, "beyin axını" problemi Prezident İlham Əliyevi də ciddi şəkildə narahat edən məsələlərdəndir. Dövlət başçısı dəfələrlə bu cür halların qarşısının alınması üçün tapşırıqlar verib, hətta bu cür vətəndaşların işlə təmin olunmasını, təyinatı üzrə istifadə olunmasını tövsiyə edib. Mütəxəssislər vurğulayırlar ki, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı "beyin axını"nın qarşısının alınması üçün ən önəmli vasitələrdən biridir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyir ki, "beyin axını" təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində yaşanan problemdir. Onun sözlərinə görə, xarici ölkələrdə oxumağa getmiş gənclərdən bəzilərinin respublikamıza qayıtmaması "beyin axını" prosesinin tərkib hissəsisidir və millət vəkilinin bu məsələyə münasibəti mənfidir: "Ona görə də "beyin axını"nın qarşısının alınması, bu məsələdə uğur qazanılması üçün Azərbaycanda elmə və təhsilə diqqət xeyli artırılır. Üstəlik, uzun illərdir ölkəmizdə İKT yüksək sürətlə inkişaf edir və bu inkişaf tempi yüksəldikcə respublikamızda informasiya cəmiyyəti daha da inkişaf etdirilir. Bütün bunlar da zaman-zaman "beyin axını"nın qarşısını alacaq". İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirir ki, İKT-nin inkişafı iqtisadi cəhətdən əlverişli olmaqla yanaşı, bir sıra layihələrin həyata keçirilməsində də mühüm rol oynayır. Xüsusilə də respublikamızda innovativ iqtisadiyyatın formalaşdırılmasında və inkişafında İKT-nin rolu çox böyükdür: "Bazar iqtisadiyyatının tələblərinə müvafiq elmin idarə olunması, intellektual mülkiyyətin formalaşması, qorunması və kommersiyalaşdırılması, "beyin axını"nın, yəni, alimlərin inkişaf etmiş ölkələrə getməsi prosesinin yerinə onların biliklərinin internet üzərində miqrasiyası və digər problemlərin həlli üçün də İKT-nin inkişafı mütləq vacibdir. İKT-nin inkişafı ixtisaslı kadrların yetişməsi və onların işlə təmin olunması baxımından da böyük əhəmiyyət kəsb edir. Söhbət innovativ iqtisadiyyatla əlaqəli ideyaların meydana gəlməsindən və onların reallaşdırılmasından gedir. Bütün bunlar da onu göstərir ki, Azərbaycanda İKT nə qədər inkişaf edərsə, "beyin axını"nın qarşısı bir o qədər alınar". İKT üzrə mütəxəsis Abbas Vəliyev isə deyir ki, "beyin axını" problemi təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf etmiş dövlətlərdə də yaşanır. Ona görə də hər bir dövlət üçün ən vacib məsələ "beyin axını"nı həmin ölkədə saxlamaq və "onlayn beyin axını"nın qarşısını almaqdır: "Məlum olduğu kimi Prezident İlham Əliyev tərəfindən İKT respublikamızda prioritet sahə və ölkə iqtisadiyyatında neft-qaz sektorundan sonra ikinci əsas sahə elan edilib. Hətta bu gün Azərbaycanda iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə məhz İKT-nin tutduğu yer və onun inkişafı dayanır. Bu məsələdə teleradio yayımı, telekommunikasiya, internet-infrastruktur və ümumilikdə İKT sektorunda indiəyədək bir çox iri layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edib. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasətin bir istiqaməti də məhz intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır. Prezident İlham Əliyev çıxışlarından birində vurğulayıb ki, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması, həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma, həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu, ümumi dövlət investisiyasından başqa, müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır". Qeyd edək ki, son illər Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılması fonunda prioritet istiqamətlərdən hesab olunan kosmik sənaye davamlı inkişaf yolundadır. 2009-cu ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" sayəsində 2013-cü il fevralın 7-də Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb. Azərbaycanın kosmik peyk layihələrinin bir faydası da insan kapitalının inkişafına gətirdiyi töhfə ilə əlaqədardır. Hazırda bütün peyklərin idarə edilməsi Azərbaycan ərazisindən tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Bu isə peyk xidmətlərinin etibarlığının və təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, ölkədə yeni, texnoloji iş yerlərinin açılması, ölkədə və xaricdə təhsil almış yüksək potensiallı gənclərin işlə təmin edilməsi, onlara özünü reallaşdırma imkanının verilməsi və ölkədən "beyin axını"nın qarşısının alınması deməkdir. Xatırladaq ki, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev bu ilin yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib ki, fəaliyyətə başladığımız 2011-ci il "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın ilk məzunlarının əmək bazarına daxil olduğu ilə təsadüf etdi. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi "Azərkosmos"un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirdi: "Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Müşahidələrimizə əsasən, ötən əsrin 80-90-cı illərində doğulan, bu gün ölkəmizin əmək bazarının əhəmiyyətli hissəsini - 40 faizini təşkil edən və "minilliyin gəncliyi" adlandırılan bu yaş qrupunun öz spesifik xüsusiyyətləri var. Bu gəncliyi qeyri-maddi motivatorlar maddi rifahdan daha çox düşündürür. Onlar gördükləri işin ali məqsədə xidmət etməsini istəyir və üzərilərinə məsuliyyət götürərək sərbəst çalışmağa üstünlük verirlər. "Azerspace" və "Azersky" kimi layihələrin həyata keçirilməsi bu gənclərə müsbət mənada özlərini tapmaq, potensiallarını reallaşdırmaq imkanı verir, vətənimizdən "beyin axını"nın qarşısını alır və ən əsası, ölkə olaraq bizi dördüncü sənaye inqilabına hazırlayır". Rəşad Nəbiyev əlavə edib ki, bu sənaye inqilabının əsas aparıcı qüvvəsini insan potensialı, xüsusilə də onun intellekti təşkil edir: "İnanırıq ki, bu gün "Azərkosmos" da daxil olmaqla, texnoloji şirkətlərdə çalışan potensiallı gənclərimizin bir qrupu yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevriləcək".

Mətanət İmamquliyeva

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31