Ziya Bünyadovun köksünə sancılan bıçağın əsil hədəfi

Bu günlərdə dünya şöhrətli akademik Ziya Bünyadovun qətlinin tam 21 ili tamam oldu. Hər il olduğu kimi bu il də media səhifələrində akademikin qətli ilə bağlı təfərrüatların yer alması, bir sıra mətləblərin üzə çıxması müəyyən sualları ortaya çıxarıb.

Zahid Oruc: "Bir nəfərin öldürülməsi ən azı üç hədəfi birdən vururdu"

Bu günlərdə dünya şöhrətli akademik Ziya Bünyadovun qətlinin tam 21 ili tamam oldu. Hər il olduğu kimi bu il də media səhifələrində akademikin qətli ilə bağlı təfərrüatların yer alması, bir sıra mətləblərin üzə çıxması müəyyən sualları ortaya çıxarıb. Xüsusilə, yerli mətbuatda akademikin qatillərindən olan Nizami Nağıyevin müsahibəsinin dərc edilməsi yenidən 21 il əvvələ qayıdıb həmin qətlin əslində nəyə xidmət etdiyini müəyyənləşdirməyə zərurət yaradır. Mərhum akademikin 21 il əvvəl qətlə yetirilməsi və bunun hansı zərurətdən meydana gəlməsi barədə son günlər mətbuatda biri-birini təkrarlayan suallara cavab axtaran millət vəkili Zahid Oruc qeyd edib ki, Ziya Bünyadovun köksünə sancılan bıçağın və yoxlayıcı güllələrin əsil hədəfi Heydər Əliyev olub.  Onun sözlərinə görə, Prezident Heydər Əliyevin qurduğu dövlətin ölümünə fərman verənlər gəlib onu tank-topla devirə bilməyəndə rəhbərin zirehini dağıtmağa və iradəsini sındırmağa qərar verdilər: "Elə bilirdilər, "sovet çekisti" dedikləri və "demokratiya düşməni" yarlığı ilə gözdən salmağa çalışdıqları bir simanı komandasız qoyub təkbaşına ram edə biləcəklər. Lakin olmadı. Heydər Əliyev 4 il əvvəl, 1993-cü ildə başlatdığı qalibiyyət epopeyasını davam etdirməyi bacardı. Lakin görün, necə dəhşətli bir ssenari cızılmışdı. Bir nəfərin öldürülməsi ən azı üç hədəfi birdən vururdu. Hakim partiyanın elitası xofa düşərək canlarını götürüb meydandan çəkilməliydi, cinayət açılmayınca və elə açılandan sonra da hakimiyyəti qətlin sifarişçiləri sırasında göstərməkdə davam edəcəkdilər, müxalif düşərgənin düşmən axtarışlarına və mübarizəsinə cansz bir bədən təqdim olunmaqla dəhşətli bir cinayət hadisəsinin məsuliyyətindən kimlərsə kənarda qalmağa nail olacaqdı. Çox amansız fətvaydı. Din və müqəddəslik naminə, özü də məscidlərdə hazırlanan və Allahın adıyla həyata keçirilən bir küfr. "Quran" kitabını tərcümə edən şəxsi onun duası altında son mənzilə yola salırdılar. Bax, məkrli siyasətin gücü və iblisin eybəcər sifəti belə olur. Bir dövlətin təməlinə vurulan zərbələrdən sonra hansısa liderin ayaq üstə qalacağına kiminsə inanmağı gəlmirdi. Amma proqnozlar bu dəfə də yanlış çıxdı. Heydər Əliyev ona qarşı atılan güllələri ağır itkilərlə olsa da, qaytarmağı bacardı. Bəli, o komandasının müstəqil, cəsarətli və döyüşkən üzvünü itirdiyini demək olar, hər gün öz xəyal dünyasında yaşatmağa məcbur idi. İndi milyonlarla çap maşının ağzından çıxan və məhz izi itirməyə yönələn həmin iltihablı yazıları, ödlərini qusanların sayıqlamalarını geri döndərməyə çalışsanız, sizcə hansı mənzərə yaranacaq? Əslində heç nə..Mavr öz işini görüb, qurtarıb və səhnəni tərk edib. Kimdir, sözə görə hakim qarşısına çıxarılan?  Di gəl ki,o məşum günlərdə "Azadlıq" qəzetində bir "P" hərfi ilə yeni obrazda özünü xalqa sırımağa çalışan və Elçibəyin taxtını ələ keçirən qırmızı demkomsomolun alovlu lideri iqtidarı ölkə daxilində qorxu mühiti yaratmaqda və hakim partiyanın ağır çəkili üzvlərini sıradan çıxarmaqda ittiham edirdi.Tarixin ironiyasına bir baxın, Makiavellinin sifətsiz varlıqlar kimi təsvir etdiyi bu məxluq qocaman akademikin acı taleyinə göz yaşı axıdırdı. Halbuki bir vaxtlar yüzlərlə ziyalının vətənin ağır günündə Naxçıvana getməsinə həmin həmidovlar,  kərimlilər və vitrini saqqallı məmurlarla dolu olan birillik hakimiyyətin cəza dəstələri qətiyyən icazə vermirdilər. Vəziyyət dəyişənəndə, Ziya Bünyadovun tabutundan taxt-tacın qoxusu gəldiyini hiss edəndə, dərhal ona çiyin uztamağa hazır idilər". Millət vəkili bildirir ki, o dövrün təhlükələri indi çoxlarına fərqli mənzərədə görünə bilər: "Lakin qonşudan gələn bəlanın hansını qarşılayaydın ki? ABŞ-ın o vaxtkı səfiri Stenli Eskuderonun məxfi qovluğundan çıxan xəritədə Azərbaycanı 3 dövlət arasında bərabər bölmüşdülər. Ona görə də bizim antiqəhrəmanımız Nizami Nağıyev kimi, İrana gedib hərbi təlimlər keçən, hələ məqsəd və məramları bilinməyən adamları zamanı gələndə İslam mücahidləri kimi hara istəsələr, ora da ata bilərdilər. Məgər, İŞİD bayrağı altında və ya ona qarşı döyüşən azərbaycanlıları da eyni düşərgələr ixrac etmirlərmi?  Sualın cavabı hamıya aydındır-hər millətdən özünə qarşı satqın silahlı dəstələr düzəldib onları ehtiyat ordular kimi yetişdirirlər. Çətini "Hizbullah"ın, "Həmas"ın, "Qüds orduları"nın libasını geyinməkdir , sonra "müqəddəs" cihada yola salınmaq üçün şəhadət fəlsəfəsinin uydurulması artıq rejissorların öhdəsinə qalır. O vaxt Tehranın dini-siyasi rəhbərliyini rəsmi Bakıdan narazı salan nə olub, niyə belə səs-küylü siyasi qətl üçün yaxası orden-medallı birisinin sinəsini qana boyayıblar, bunu yalnız təxmin etmək olar. Hər halda iki ölkənin diplomatik idarələri o zamanın sirr pərdəsini indiyədək çəkməkdə maraqlı deyil. Lakin İran kəşfiyyatının din düşmənlərini qətlə yetirə biləcəyi versiyası ölkəmizin informasiya dövriyyəsində də, xəfiyyə strukturlarının ağlında da həmişə önəmli yer tutub". Zahid Oruc qeyd edib ki,  Ziya Bünyadovu aradan götürmək yalnız, onun adına vurulan "mason" və "şiə antipatiya"çısı ideologiyası ilə bağlı ola bilməzdi: "Adi kriminal olaylardan fərqli olaraq, dövlətlərin əli ilə törədilən qəsdlərin dərin və əlçatmaz qatları olur. Ziya Bünyadov, tarix cəbhəsində döyüşən böyük sərkərdəydi. Sovet illərində onu çağırıb Moskvadan gələn növbəti ərazi iddialarına cavab verməkdən ötəri əsaslandırılmış alim rəyləri alırdılar. Qələmin və adın avtoritetliyi bundaydı. Hamı onunla hesablaşırdı. İttifaq miqyasında Zori Balayan, Abel Aqanbekyan, David Şahnazaryan, hətta Andrey Saxarov belə yaxşı anlayırdılar ki, alman faşiziminə qarşı döyüşlərdən keçən yaxası "Qızıl ulduz"lu qəhrəmanı susdurmaq o qədər də asan olmayacaq. Digər tərəfdən, Ziya Bünyadov 90-cı illər inqilabından sonra Heydər Əliyevin tərəfində duraraq, inqilabi xaosdan çıxmağın ən düzgün seçimini eləmişdi. Lakin parlament üzvü olarkən yeni odunun problemlərini dilə gətirməsi onu guya milli silahlı qüvvələrimizin arzulamadığı simaya çevirərdi ki, bu da Qarabağ cəbhəsində yenidən toparlanmağa çalışan bir millətin məğlubiyyət sindromundan çıxmasının qarşısını ala bilərdi. Göründüyü kimi, sifarişçilər qalibi quraraq, qanlı izlərini itirməkdən ötəri xeyli günahkar ünvanı öncədən nəzərə almışdılar.
Birinci şəxsin dözümü hesabına onun yaxın silahdaşlarının əldə etdiyi azadlıq bünyadovları bir çoxlarının gözündə "barışmaz adam"a çevirirdi. Rəhmətlik Murtuz Ələsgərovun spiker təyinatına münasibət də sonralar informasya məkanında iqtidar komandasını dağıtmaq istəyən "müstəntiqlər"in tirajladığı versiyalardan biriydi. Əli qələmli istintaq ordusu ölümə aparan gerçək cığırları sadəcə bağlamaq, beyinləri zəhərləməklə məşğul idi". Millət vəkili Zahid Orucun sözlərinə görə,
nəhayət, Ziya Bünyadovun 1994-cü ilin neft qovğasında qurban gedən dövlət adamlarına qarışması ölkəmizdə savaş aparan iki dövlətin, Rusiya-Amerikanın mənafeləri kontekstində də izah oluna bilərdi. Məsələni siyasiləşdirmək və onu kəşfiyyat orqanlarının ayağına yazmaqla rəsmi Bakını balanslı siyasətdən çıxmağa vadar edə bilərdilər. Heydər Əliyev əvvəlki karton iqtidarları kimi hərəkət etsəydi, impulsiv olaraq, qəzəb və qorxu içərisində tərəflərdən birinin səngərini qəbul etməli, bununla da müstəqilliyini şəxsi təhükəsizliyi ilə dəyişməyə qərar verməliydi.  Lakin olmadı.Bütün ağırlıqlara baxmayaraq, böyük dövlət adamı öz iradəsini ortaya qoydu və üzərinə gələn ittiham selini yarıb sübut etdi ki, Ziya Bünyadovün ölümü onun qurduğu dövlətə qarşı atılan güllələrdir.

Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31