“Meyitlərin başı kəsilmiş, bədənləri deşik-deşik edilmişdi”
Xocalı viran edilən günün səhəri hamilə bir qadın yanında iki körpə uşağı ilə Ağdamın ,elli kəndinə gəlir. O, qətlə yetirilən həyat yoldaşını və digər qohumlarınını meyitlərini tapmaq üçün Xocalıya qayıtmaq istəyirdi. Şaxta, qar-boran isə nəfəsi kəsirdi...
26 Fevral 2018 13:45 SosialXocalı viran edilən günün səhəri hamilə bir qadın yanında iki körpə uşağı ilə Ağdamın ,elli kəndinə gəlir. O, qətlə yetirilən həyat yoldaşını və digər qohumlarınını meyitlərini tapmaq üçün Xocalıya qayıtmaq istəyirdi. Şaxta, qar-boran isə nəfəsi kəsirdi...
Aidə Allahverdiyevanı dinlədikcə adamı heyrət bürüyür. Göz önündə əsl ana və əsl həyat yoldaşı canlanır.
Aidə xanım Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1987-ci ildə Ziyadxan Allahverdiyevlə ailə həyatı quraraq Xocalıya gəlib. Üç övlad- bir qız, iki oğul anasıdır. Goranboy rayonunda Xocalı sakinləri üçün ayrılmış mənzildə yaşayır:
- Kiçik oğlum heç ata üzü görməyib. O gecə Xocalıda deyildim. Oğlum müalicə olunduğu üçün Ağdamda, xəstəxanada idik. Xocalı dağılmamışdan bir ay əvvəl yoldaşım gəlib bizə baş çəkdi. Sonra bir zülmlə qayıdıb Ağdamdakı daş karxanasına getdi. Deyirdi ki, orda silahı var. Götürməsə, sonra altından çıxa bilməz. O gedən getdi. Daha əlaqə saxlaya bilmədik. Fevralın 26-da Xocalıda dəhşətli qırğınlar törədildi. Həyat yoldaşımgil Xocalıdan çıxmaq istəyərkən qardaşları, atası və anası girov düşüb. Qayınlarımdan biri həmin gecə oğlu ilə bərabər itkin düşüb. Qayınanamı dörd gündən sonra buraxıblar. Digərlərisə düz bir ay girovluqda qalıblar. Onlar elə bir vəziyyətdə gəlib çıxdılar ki, üzlərini kim görsəydi, tanımazdı. Qaynımın barmağını kəsmişdilər. Qızıl dişlərini kəlbətinlə çəkib çıxarmışdılar. Onlar gələndən sonra xeyli müddət xəstəxanada yatdılar.
Yoldaşım da o vaxt Xocalıda yanacaqdoldurma məntəqəsinə qədər gəlib. Hərbi geyimdə olub. Ayağından yaralı imiş. Görənlər deyir ki, orda tikili vardı, yoldaşımı onun içərisinə qoymuşdular. Amma ölüb, yaxud sağ qalıb, - hələ də bilmirik. İnanmırıq ki, orda sağ adam qalsın...
Elə olub ki, uşağa çörək tapıb verə bilməmişik
Aidə Allahverdiyeva dərindən köks ötürdükdən sonra faciədən əvvəl Xocalıda yaşadıqları əzablı günləri xatırlayır:
- Gecə yatırdıq, deyirdik, Ay Allah bircə səhər açılaydı! Səhər açılanda da heç yerə getmirdik, deyirdik, Vətəndir, tərk etmək olmaz. Yoldaşım özünümüdafiə batalyonuna yazılmışdı, hər gün postda düşmənə qarşı döyüşürdü. Evimiz ermənilərin düz yaxınlığında idi. Asfaltın o tərəfi Noraguh, bəri tərəfində də ermənilər yaşayan kənd idi. Biz evə yığılan gecə ermənilər bizi güclü atəşə tutdular, yeni tikilən evdən heç islahat qalmadı. Bununla belə, yoldaşımgil postlarını tərk etmədilər. Bir dəfə atışma şiddətli olduğundan yoldaşım gecə evə gələ bilmədi. O vaxt mənim bir qızım, bir oğlum vardı. Birini kürəyimə bağladım, birini də qucağımda tutub gecəylə bir neçə kilometr yol qət edərək qayınatamgilə gəldik. Yol gedərkən "Alazan" atırdılar, biri məndən bir qədər aralı yerə girdi. Hər tərəfi toz-duman, tüstü bürüdü. Allah qorudu bizi. İki-üç gündən sonra bir də güclü atışma düşdü. İşıqlar yanmırdı. Çox zülmlər çəkirdik. Amma səhər yenə evimə qayıdırdım. Ermənidən qorxumuz yox idi. Bilmirdik ki, başımıza belə müsibətlər gələcək.
O illər ərzində Xocalıdan nə vaxtsa çıxmağı heç ağlımıza da gətirmədik. Yoldaşım deyirdi ki, bura bizim torpağımızdır, heç yerə çıxmayacam, ölsəm də, yurdumda öləcəm. Elə olub ki, uşağa çörək tapıb verə bilməmişik. Gecə sabahadək yatmamışıq. Qayınanam deyirdi ki, Xocalıdakı sonuncu iki gecəni tamam ac qalıblar. Heç yerdən un gəlmirdi. Yollar bağlı olduğundan yardım edən yox idi. Deyir ki, unu nəlbəkiylə bölüşürdük ki, uşaqlar acından ölməsinlər. Amma yenə də biz Xocalıdan çıxmırdıq. Ta bilmədik ki, axırda erməni gəlib qıracaq, torpağımızı da əlimizdən alacaq.
Cavan gəlinlər tanınmaz hala salınmışdılar
Gözləri dolur, masanın üzərindəki soyuyan çaydan br qurtum içir. Ğzünü toparlayıb sözünə davam edir:
- Fevralın 26-da Xocalı dağılanda mən Ağdamda Şellinin üstündə dik təpələr vardı, ora qədər bir zülmlə getmişdim. Uşaqları da özümlə aparmışdım. Gələn meyitlərə baxırdıq. Üzlərini açırdıq ki, görək bizimkilərdən kimsə var. Qaynımı, qaynımın oğlunu, qayınatamı, yoldaşımı itirmişdim. Deyirlər ki, adam ölüdən qorxur.Amma həmin vaxt hamilə ola-ola gedib müyitlərin üzünü açıb baxırdım. Xocalı dağılan gecəsi ola qar-qiyaməthəyatım boyu yadımdan çıxmaz. Şellinin düzünə zülmlə gəlib çıxmışdıq. Qar dizdən idi. Ora gəlmişdik ki, keçib Xocalıya gedək. Səhər saat 5 idi. Dedilər ki, Xocalını alıblar. Xocalıdan ilk olaraq eltim gəldi. Ağlaya-Ağlaya dedi ki, anam, atam, qayınanam, hamısı orda qaldı. Onun əl-ayağı tanınmaz halda idi. Böyük qızımın barmaqlarını həmin gecə Şellidə şaxta vurdu. Allah elə bil ağlıma almışdı, deyən olmadı ki, bu uşağı evdə qoy, özünlə aparma...
Artıq görün neçə illər keçib, amma eləbilirsən ki, 1-2 ay əvvəl olmuş hadisələrdir. O dəhşətləri heç kim yadından çıxara bilməz. Ağdama elə meyitlər gətirmişdilər ki, başları kəsilmişdi, bədənləri deşik-deşik idi. Cavan gəlinlər tanınmaz hala salınmışdılar. Girovluqdan gələn qayınlarım dedi ki, mən gəlib səni, o uşağı salamat görürəmsə, şükür edirəm.Qardaşım itibsə də, torpaq yolunda gedib, şəhid olub. Orada qadınların başına olmazın oyunlar açmışdılar. Qayınanam girovluqdan gəldikdən bir müddət sonra dözə bilmədi, həyatdan köçdü. Bizim özümüz də az dərd çəkməmişik. İndi şükür, dövlət tərəfindən qayğı ilə əhatə olunmuşuq, ev də veriblər. Amma çox heyif ki, ölənlər qayıtmır. Xocalı işğaldan azad olunsa, övladlarım da, özüm də ora qayıtmağa hazırıq. Təbii ki, sağ qalaramsa. Dərd məni elə günə salıb ki,bu gecədən sabaha belə ümid eləmirəm.
Hazırda oğlumun onurğasında problem var. Əsgər də gedə bilmir. Ona hamiləykən ağır zillətlər yaşamışam, dağı-dərəni aşmışam. Şelliyə gedərkən o biri oğlumun 2 yaşı vardı, onu da özümlə aparmışdım, yııxldı, qolu qırıldı. Uşağı da qoyub gedə bilmirdim. Elə bilirdim ki, gedərəm ora, birdən məni kimsə Xocalıya aparar, balalarım bəri tərəfdə qalar.
Bununla belə, Aidə xanım deyir ki, yoldaşı öz torpağı uğrunda, şəhidlik zirvəsinə yüksəldi. Onun qəbri olmasa da, ovladlarına nəsihət edib ki, bu dünyada köçəndə baş daşının bir tərəfində atalarının, bir tərəfində də onun şəklini qoysunlar...
"Xocalı şahidləri danışır" kitabından