Ziya Bünyadovun qətlinin 21 illik sirri
Bu günlərdə mərhum akademik Ziya Bünyadovun qətlə yetirilməsindən 21 il keçir. 1997-ci il, fevralın 21-də xüsusi sifariş əsasında qətlə yetirilən Ziya Bünyadovun qətlinin arxasında bir sıra xarici dairələrin durduğu hələ akademikin düşmən gülləsinə tuş gəldiyi ilk günlərdən söylənilir, müxtəlif versiyalar səslənirdi. Ziya Bünyadovun qətlinin sifarişinin Tehrandan, Moskvadan, hətta İrəvandan belə verildiyi səslənən versiyalar sırasında idi. Və əslində hər üç versiya da kifayət qədər əsaslı idi, desək yanılmarıq.
23 Fevral 2018 15:54 SosialGizli qalan mətləblərin üstü niyə açılmır?
Bu günlərdə mərhum akademik Ziya Bünyadovun qətlə yetirilməsindən 21 il keçir. 1997-ci il, fevralın 21-də xüsusi sifariş əsasında qətlə yetirilən Ziya Bünyadovun qətlinin arxasında bir sıra xarici dairələrin durduğu hələ akademikin düşmən gülləsinə tuş gəldiyi ilk günlərdən söylənilir, müxtəlif versiyalar səslənirdi. Ziya Bünyadovun qətlinin sifarişinin Tehrandan, Moskvadan, hətta İrəvandan belə verildiyi səslənən versiyalar sırasında idi. Və əslində hər üç versiya da kifayət qədər əsaslı idi, desək yanılmarıq.
Sonradan aparılan araşdırmalar, istintaq materialları nəticəsində akademik Ziya Bünyadovun qətlinin arxasında əsas maliyyə mənbəyi Tehrandan qaynaqlanan, mərkəzi ofisi isə Livanda olan "Hizbullah" təşkilatının dayandığı üzə çıxdı. Qətlin arxasında olan əsas səbəblər kimi guya mərhum akademikin həmin illərdəki elmi fəaliyyəti, o cümlədən müntəzəm olaraq sifarişçilərin maraqlarına zidd fikirlər səsləndirməsi göstərilirdi. Hətta Ziya Bünyadovun İslama zidd biri olduğu, yəhudi əsilli xanımla ailə həyatı qurduğu üçün İsraili özünə düşmən hesab edən "Hizbullah"ın hədəfinə tuş gəldiyi kimi yalnış təsəvvürlər formalaşırdı. Həmçinin akademikin "Alban"tarixi kitabını tərcümə etdiyinə görə, hədəf seçildiyi də irəli sürülən versiyalardan idi. Reallıq isə ondan ibarət idi ki, antiİslam xarakterli biri kimi qələmə verilən Ziya Bünyadov Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etmişdi. Həmçinin mərhum akademikin həyat yoldaşı Tahirə xanım yəhudiəsilli yox, tanınmış şəxsiyyət Yusif Vəzir Çəmənzəminlinin qohumlarından idi.
Akademikin qətlinin 21-ci ili ərəfəsində Ziya Bünyadovun qatillərindən olan Nizami Nağıyevin mətbuatda dərc edilən silsilə müsahibəsi yenidən 21 il əvvəl qətillə bağlı səslənən ehtimallar, versiyaları aktuallaşdırıb. Düzdür, mərhum akademikin qətlinin sifarişinin birmənalı olaraq "Hizbullah"təşkilatı tərəfindən verildiyi təsdiqini tapıb. Elə bunu "Yeni Müsavat"qəzetinə verdiyi müsahibədə Ziya Bünyadovun qatillərindən olan Nizami Nağıyev də açıq şəkildə təsdiqləyib və etiraf edib. Eyni zamanda sözügedən müsahibə bir daha həmin dövrdə cərəyan edən bir sıra qaranlıq məqamlara diqqət yetirməyə zərurət yaradıb. Məlumat üçün qeyd edək ki, Nizami Nağıyevi Ziya Bünyadovun qətlindən tam 3 il sonra həbs ediblər. Və 2000-ci ildən Nizami Nağıyev ömürlük həbs cəzası ilə Qobustan Qapalı Həbsxanasında saxlanılır. Nizami Nağıyev müsahibəsində açıq şəkildə bildirir ki, Ziya Bünyadovun qətlə yetirilməsi planı "Hizbullah" tərəfindən cızılıb və bu məqsədlə İran İslam Respublikasında bir neçə dəfə təlim də keçiblər. Qatillərin onlara verdikləri sifarişi yerinə yetirən ana qədər əsas hərəkət trayektoriyalarına (İran-Azərbaycan-Rusiya Federasiyası) diqqət yetirsək Ziya Bünyadovun qətlində təkcə bir deyil, bir neçə xarici qüvvənin maraqlı olduğunu deyə bilərik. Nizami Nağıyevin müsahibəsindən aydın olur ki, qatillər istər Ziya Bünyadovu qətlə yetirənə qədər, istərsə də ondan sonra bir neçə dəfə İran və Rusiyaya gediblər. Və belə çıxır ki, akademikin qətlində təkcə "Hizbullah" deyil, eləcə də Rusiyadakı müəyyən dairələr maraqlı olub. Yəni Ziya Bünyadovun aradan götürülməsi, onun qətlə yetirilməsi bir neçə cəbhənin maraqlarına xidmət edib, bu plan müştərək cızılıb. Nəzərə alsaq ki, Rusiyanın rəsmi dairələrində istər qətlin həyata keçirildiyi həmin illərdə, istərsə də hazırda ermənilər üstün mövqelərə malikdirlər, o zaman Ziya Bünyadovun qətlində erməni lobbisinin də əli olduğunu söyləyə bilərik. Sonuncu versiyanı yuxarıda qeyd etdiyimiz fikir, akademikin Alban tarixi kitabını tərcümə etməsi faktı da təsdiqləyir. Çünki akademik həmin tərcümə əsəri ilə erməni yalanlarını ifşa etmişdi ki, bu da həmin dövrdə bütün dünyanı öz yalanlarına inandırmaq istəyən Ermənistan dövləti və erməni lobbisinə informasiya mübarizəsində vurulan sərt sillə idi. Ziya Bünyadovun qətlində erməni lobbisinin, dolayısıyla Rusiyanın əli olmasına dair digər məntiqli əsaslandırma mərhum akademikin hələ Sumqayıt hadisələri zamanı ermənipərəsət biri kimi tanınan Andery Saxarovu kəskin tənqid etməsini göstərə bilərik. Məlumat üçün qeyd edək ki, Sumqayıt hadisələri zamanı Azərbaycana gələn akademik Andrey Saxarov sonrakı çıxışlarında ermənilərin Sumqayıtda qətlə yetirildiklərini iddia etmişdi. Bu səbəbdən Saxarov azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasının mümkünsüzlüyünü vurğulamışdı. Elə o zaman mərhum akademik Ziya Bünyadov Sumqayıt hadisələri ilə bağlı qələmə almış olduğu məqaləsində Saxarova layiqli cavab ünvanlamışdı. Mərhum akademikin o zaman qələmə aldığı bu fikirlər: "Ümid edəcəyik ki, DQMV ilə bağlı qırx il gözləməli olmayacağıq. Həmçinin ona da ümid edəcəyik ki, akademik A.D.Saxarov və onun laborant Batkin, Roy Medvedyev, Zubov, Dubov Şeludyayev və Staravoytova tipli "qeyri-formallar"ı dövlətin onlara verdiyi məvacibə uyğun daha xeyirli işlərlə məşğul olacaqlar" təbii ki, ermənilər, erməni lobbisi ilə yanaşı işğalçı ölkəyə xidmət edən Saxarov kimilərinə də verilən layiqli cavab idi. Və bu mənada akademikin qətlində Rusiya izinin olması da istisna edilə bilməz.
Ziya Bünyadovun qətlinin sifarişinin "Hizbullah" tərəfindən verildiyi və bu təşkilatın mərkəzi ofisinin Livanda yerləşdiyinə də diqqət yetirsək qətldə erməni barmağının olduğunu söyləmək qaçılmazdır. Qeyd etdiyimiz kimi "Hizbullah"ın mərkəzi ofisinin Livanda yerləşdiyini və ermənilərin də Fransa ilə yanaşı bu ölkədə də kifayət qədər kompakt yaşadığını nəzərə aldıqda belə bir qənaətə gəlmək mümkündür. Sirr deyil ki, uzun illər Livanda kök salan ermənilər "Hizbullah" təşkilatına da nüfuz ediblər və erməni yalanlarına balta vuran, onları ifşa edən akademikin aradan götürülməsini "Hizbullah" daxilində kök salmış mənfur düşmənlərimizin fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olar.
Nizami Nağıyevin müsahibəsində qeyd edildiyi kimi akademikin qatilləri sifarişi birbaşa Bakıda, özü də "Hizbullah"ın Azərbaycana "ezam" olunmuş nümayəndəsindən alıblar. Onun sözlərindən aydın olur ki, o zaman "Hizbullah" Azərbaycanda, xüsusilə də Bakıda kifayət qədər təşkilatlanıbmış. Paytaxtın bir neçə ərazisində kirayəyə evlər tutulub, müntəzəm olaraq məxfi görüşlər keçirilib, təşkilatın mərkəzi ofisindən verilən tapşırıqlar, təlimatlar yeni cəlb edilən üzvlərə çatdırılıb. Hətta kirayə tutduqları mənzillərdən cəbbəxana kimi də istifadə ediblər. Burada diqqət çəkən və kifayət qədər təhlükəli olan tendensiya isə ondan ibarətdir ki, "Hizbullah" həmin dövrdə ölkənin hüquq-mühafizə orqanlarına belə sirayət edə bilib. Hər halda Nizami Nağıyevin müsahibəsindən belə məlum olur ki, həmin dövrdə "Hizbullah"ın əli polis sistemindən tutmuş KQB-yə qədər, hətta Dövlət Sərhəd Xidmətinə belə uzanıb. Cinayətkar dəstə üzvlərindən Qalibin polis orqanlarında çalışması, onu bu vəzifəyə KQB-də çalışan tanışlarından birinin düzəltməsi deyilənləri təsdiq edir. Həmçinin "Hizbullah" təmsilçisinin Azərbaycana külli miqdarda silah-sursat keçirməsi, onların burada təşkilatlanması, müntəzəm olaraq aparılan telefon danışıqları və yazışmaların polis, o cümlədən digər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmaması da kifayət qədər maraqlıdır. Əslində isə Nizami Nağıyev müsahibəsində bunu açıqlayır. Və bildirir ki, FETÖ necə təşkilatlanmışdısa, o zaman "Hizbullah" da Azərbaycanda elə təşkilatlanmışdı. Deməli, bu qüvvələrin dövlətin əksər strukturlarına təsir imkanları olub.
Qatillərin dəfələrlə maneəsiz şəkildə sərhəddi keçərək İrana getmələri fonunda da bunu görmək mümkündür. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, məlum cinayət törədildikdən dərhal sonra İrana keçən qatillərin sərhədçiləri pulla ələ alaraq rahatlıqla cənub qonşumuza getdikləri üzə çıxıb. Bunun özü də "Hizbullah"ın Dövlət Sərhəd Xidmətinin müvafiq strukturlarında belə özünə dayaq tapdığını deməyə əsas verir. Azərbaycan sərhəddini pul qarşılığında keçdikdən sonra İran ərazisində cinayətkarların heç bir sərhəd qoruyucusu tərəfindən saxlanılmaması da onu deməyə əsas verir ki, akademik Ziya Bünyadovun qətli əvvəlcədən planlaşdırıldığı və İranda müəyyən dairələr bundan məlumatlı olduğu üçün qatillərin İran ərazisinə keçməsinə heç bir problem yaradılmayıb. Halbuki hər kəsə məlumdur ki, İran sərhəd buraxılış məntəqisndə hər zaman ciddi təhlükəsizlik tədbirləri həyata keçirib. Həmin ərəfədə bir neçə nəfər sərhəd pozucusunun iranlı sərhədçilərə yaxalanmadan sərhəddi keçməsi isə kifayət qədər qaranlıq məqamlardan xəbər verir. Bu arada bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın Sərhəd buraxılış məntəqlərində yuxarıda qeyd etdiyimiz qanuna zidd hərəkətlərə, maddi qarşılıq müqabilində sərhəd pozuculuğuna yol verilməsi kimi mənfi tendensiyalara artıq rast gəlinmir. Bu işdə Azərbaycan sərhədçilərinin ayıq-sayıqlığı ilə yanaşı Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin bu vəzifəyə təyinatını da qeyd etmək lazımdır. Məhz Elçin Quliyevin ölkə sərhədlərinə nəzarət etdiyi 16 il ərzində bu sahədə kifayət qədər keyfiyyət dəyişiklikləri baş verib. Bu təyinata qədər isə məlum olduğu kimi "Hizbullah" kimi təşkilatların nümayəndələri asanlıqla ölkə sərhəddini keçərək Azərbaycanda öz planlarını, cinayətlərini reallaşdırıb, eyni üsulla da ölkə sərhəddini tərk etməyə müvəffəq olublar. Qeyd etdiyimiz mənfi tendensiya təkcə cənub sərhəddində baş verməyib. Cinayətkarların bir neçə dəfə Rusiya Federasiyası ərazisnə getməsi də bunu deməyə əsas verir.
Ardı var
S.İsmayılbəyli