Azərbaycan söz və fikir, məlumat azadlığının təmin olunmasında maraqlıdır
Müstəqil Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi demokratiyanın vacib amillərindən hesab olunur. Sirr deyil ki, mütəmadi olaraq bu istiqamətində ciddi addımlar atılmaqda davam edir.
11 Dekabr 2017 17:08 SosialDövlət bu istiqamətdə lazım olan bütün addımları atır
Müstəqil Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi demokratiyanın vacib amillərindən hesab olunur. Sirr deyil ki, mütəmadi olaraq bu istiqamətində ciddi addımlar atılmaqda davam edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir. Hüquqşünas Mirzə Manafov bildirib ki, Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi məsləsi dövlətin, xüsusən prezident İlham Əliyevin diqqət mərkəzindədir. Elə bu səbədən də dövlət başçısı Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmanda söz və fikir azadlığının təmin olunması məqsədilə bütün məsələlər nəzərə alınaraq görüləcək işlər dəqiləşdirilib. Sənəddə diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, dövlət başçısı qarşıya qoyulan məqsədə nail olmadan ötrü müvafiq qurumlar qarşısında konkret tələblər qoyub. Məsələn, Nazirlər Kabinetinə tapşırılıb ki, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının layihəsini hazırlayıb bir ay müddətində prezidentinə təqdim etsin: "Təkcə bu fakt söz və fikir azadlığının təmin olunmasında dövlətin nə qədər maraqlı olduğununu göstəricisidir. Belə ki, şübhəsiz kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması azad və müstəqil medianın formalaşmasını təmin edəcək amillərdəndir. Yaxud, siyasi plüralizm prinsiplərinin həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması ölkədə siyasi plüralizmin bərqərar olmasının təzahürü kimi qəbul edilməlidir. Fərmandakı bigər bir bənd ondan ibarətdir ki, "müvafiq qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşların fikir, söz və məlumat azadlığı müddəaları əsas prinsiplər kimi rəhbər tutulsun". Yeri gəlmişkən xatırladaq ki, hazırda Azərbaycan mumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Üstəlik milli qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırlıb. İndi ölkəmizdə medianın fəaliyyətini tənzimləyən qanun əksər dövlətlər üçün nümunə ola bilər. Çünki, sözügedən qanunlar beynəlxalq təşkilatların rəyi əsasında hazırlanıb və onlar tərəfindən müsbət qiymətləndirilib".
Onun sözlərinə görə, paralel olaraq sənəddə söz, fikir və məlumat azadlığının qorunması, kütləvi informasiya vasitələrində dövlət sirlərinin mühafizəsi, hüquqi və etik normaların gözlənməsi ilə bağlı beynəlxalq standartlara və Azərbaycan Respublikası qanunlarına uyğun mexanizmin yaradılması haqqında Azərbaycan Respublikası prezidentinə müvafiq təkliflərin təqdim edilməsi tapşırılıb: "Düzdür, bu istiqamətdə bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Ancaq sözügedən məsələ davamlı olduğundan bu günün özündə də qanunlarda yenilik etmək zərurəti yaranır. Məhz bu amil nəzərə alınaraq bu günlərdə ölkə parlamenti "Kütləvi İnformasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlara əlavə dəyişikliklər edildi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir. Məlum olduğu kimi "Kütləvi informasiya vasitələri haqqında" qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Televiziya və radio yayımı haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Dəyişikliyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini özündə ehtiva edən maddədə göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunla ilə tənzimlənir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Bundan başqa, parlament "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edib. Qanunvericilikdə edilən dəyişikliklər deməyə əsas verir ki, kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab edən Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür". Hüquqşünas qeyd edib ki, məhz görülən tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizdə yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin media ilə bağlı həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynalxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan dövləti söz və fikir, məlumat azadlığının təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazım olan bütün addımları atır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir