Sığorta şirkətlərinə inam azalıb
Azərbaycanda sığorta bazarının tarixinin xeyli olmasına baxmayaraq oturuşmuş sığorta şirkətlərini barmaqla saymaq olar. Məsələ orasındadır ki, bəzi sığorta şirkətlərinin qeyri-sağlam fəaliyyəti özləri haqqında mənfi imicin formalaşması ilə nəticələnib. İnkişaf etmiş ölkələrdə isə vətəndaşlar sığorta şirkətlərinin imkanlarından geniş yararlana bilirlər. Belə vəziyyət isə sığorta bazarının daha da genişlənməsinə səbəb olur. Məlumat üçün qeyd edək ki, sığorta-şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
29 Noyabr 2017 13:19 SosialBəzi sığorta qurumlarının xərci borcunu ödəmir
Azərbaycanda sığorta bazarının tarixinin xeyli olmasına baxmayaraq oturuşmuş sığorta şirkətlərini barmaqla saymaq olar. Məsələ orasındadır ki, bəzi sığorta şirkətlərinin qeyri-sağlam fəaliyyəti özləri haqqında mənfi imicin formalaşması ilə nəticələnib. İnkişaf etmiş ölkələrdə isə vətəndaşlar sığorta şirkətlərinin imkanlarından geniş yararlana bilirlər. Belə vəziyyət isə sığorta bazarının daha da genişlənməsinə səbəb olur. Məlumat üçün qeyd edək ki, sığorta-şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. İxtisaslaşdırılmış sığorta şirkətləri tərəfindən sığorta etdirənlərin sığorta haqlarından formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət- sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır. Qanunvericiliyə zidd olmayan aşağıdakı əmlak mənafeləri sığorta obyektləri ola bilər: sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar (şəxsi sığorta); əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası); sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına vurulmuş ziyanın, eləcə də hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar (məsuliyyət sığortası).
Xərci borcunu ödəməyən sığorta şirkətləri
Lakin sığorta şirkətlərinə inamın azalması onların fəaliyyətinə təsirsiz ötüşməyib. Daha doğrusu, vətəndaşlar sığorta imkanlarından yararlanmaqda maraqlı deyillər. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatasının statistik hesabatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 21 sığorta şirkəti ümumilikdə 462,654 milyon manat sığorta haqqı toplayıb. Hesabatda əsasən, son 1 ildə Azərbaycan sığortaçıları yığımlarını 10,1% artırıb. Beləliklə, hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,2 manatı ödəniş edilib. Halbuki bu rəqəm ötən ilin yanvar-sentyabr aylarında 45,4 manat olub. Sığorta bazarında vəziyyət o həddə çatıb ki, əksər sığirta şirkətlərinin ödənişləri yığımları üstələyib. Daha dəqiq Azərbaycanda 3 sığorta növü üzrə ödənişlər yığımları üstələyib ki, bunlardan biri də işçilərin dələduzluğu sığortasıdır. Belə ki, cari ilin on ayı ərzində bu sığorta növü üzrə 1,038 milyon manat haqq toplandığı halda, 1,719 milyon manat ödəniş verilib. Halbuki, bir il bundan əvvəl sığorta şirkətləri işçilərin dələduzluğu sığortasına görə əldə etdikləri 518 min manata yaxın sığorta haqqının heç 1 manatını da ödəniş kimi geri qaytarmayıblar. Bundan başqa, yük daşıyanın mülki məsuliyyətinin sığortasında da zərərlilik yüz faizi keçib. "Xərci borcunu ödəməyən" üçüncü sığorta növü isə kənd təsərrüfatı bitkilərinin sığortasıdır. Onu da qeyd edək ki, Azərbaycandakı 21 sığorta şirkətindən 3-nün ödənişləri yığımlarını üstələyib. Bunlar "Amrah Sığorta" , "Atəşgah Həyat Sığorta" və "A-Qroup Sığorta" şirkətləridir. Digər 18 şirkətdə isə ödəniş-yığım nisbəti qüz faizdən azdır. Başqa sözlə, həmin şirkətlərin "xərcləri borclarını ödəyib". Bu baxımdan ən aşağı göstərici "Qala Sığorta" şirkətindədir.
Müflis olmaq təhlükəsi
Qeyd edək ki, cari ildə Azərbaycanda həyata keçirilmiş sığorta ödənişlərinin yarıdan çoxu 3 sığorta şirkətinin payına düşüb ki, bunlar da"Atəşgah Həyat Sığorta", "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" şirkətləridir. 21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta", "Amrah Sığorta", "Bakı Sığorta", "Qala Sığorta", "Rəvan Sığorta və "Günay Sığorta" şirkətləridir. Bu şirkətlərin ümumi ödənişləri 1,868 milyon manat təşkil edib ki, bu da cəmi 0,9%-lik pay deməkdir. Qalan 12 sığorta şirkətinin ödənişləri isə 1-15 milyon manat arasında dəyişir. Ümumilikdə isə cari ildə Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 10-nun yığımları azalıb, 1 şirkət ("Naxçıvan Sığorta") isə ötən ilin ilk 10 ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb. Məlumata görə, yığımları ən çox artan şirkət "Günay Sığorta", yığımları ən az artan şirkət isə "AXA Mbask"dır. Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət hazırda "Amrah Sığorta"dadır. Bu şirkət 10 ay ərzində cəmi 16 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70,6% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə Dövlət Sığorta Kommersiya Şirkətində, yəni "Azərsığorta"dadır. Bu şirkətin yığımları 4,8% azalaraq 36,193 milyon manata düşüb.
Sığorta şirkətləri niyə paytaxtda cəmləşib?
Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanın bütün şəhər və rayonları sığorta şirkəti şəbəkəsi ilə eyni dərəcəcə əhatə olunmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, sığortaçılar daha çox iri şəhərlərdə filial, nümayəndəlik, satış ofisi açmağa çalışırlar. Bəzi rayonlarda isə vətəndaşlar cəmi bir sığorta şirkətinin xidmətindən istifadə etməyə məcburdurlar. Azərbaycanda ən çox sığorta şirkəti Bakıdadır. Ölkədəki 21 sığortaçıdan 20-nin baş ofisi paytaxtda yerləşir. Yeganə regional sığorta şirkəti olan "Naxçıvan Sığorta" isə hələ ki, Naxçıvandaki baş ofisi çərçivəsində fəaliyyət göstərir və paytaxtda təmsil olunmur. Digər şəhər və rayonlara gəldikdə isə, sığorta şirkətlərinin sayı Gəncədə 16, Sumqayıtda 14, Lənkəranda və Şəkidə 11, Xaçmazda 10-dur. Bu bölgələr iqtisadi cəhətdən aktiv olduğuna görə sığorta şirkətlərinin buralara can atması başa düşüləndir.İşğal altındakı 9 şəhər və rayon nəzərə alınmazda, bəzi rayonlara sığortaçılar ümumiyyətlə maraq göstərmirlər. Məsələn, Ağcabədi, Ağdam, Ağstafa, Babək, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Culfa, Daşkəsən, Goranboy, Göygöl, Hacıqabul, Xızı, Kəngərli, Kürdəmir, Qax, Qobustan, Lerik, Naftalan, Oğuz, Ordubad, Saatlı, Samux, Sədərək, Şahbuz, Şərur, Tovuz, Ucar, Yardımlı və Zərdab rayonlarında (ümumilikdə 31 rayonda) cəmi 1 sığorta şirkətinin ofisi var. Bu, xidmət şəbəkəsi bütün ölkəni əhatə edən Dövlət Sığorta Kommersiya Şirkəti - "Azərsığorta"dır. Bu isə o deməkdir ki, sığorta şirkətlərinə inamın azalması onların pərakəndə fəaliyyəti ilə nəticələnib.
Zəka