Azərbaycan niyə Qərbə etimad etmir: Avropa yoxsa Türk-İslam seçimi? - ÖZƏL

"Azərbaycanın Avropaya və Qərb dəyərlərinə etimadsızlığının əsas səbəblərindən biri tarixi yaddaşdır. Xristian Qərbinin İslam, xüsusən türk dünyasına əsrlərlə apardığı mübarizə, səlib yürüşləri və sonrakı geosiyasi qarşıdurmalar bu münasibətlərin tarixi kökündə dayanır. İslam və xristian dünyaları arasındakı çoxəsrlik qarşıdurmalar göstərir ki, Qərbin Azərbaycan və ümumilikdə türk-İslam dünyasına münasibətində yalnız dəyərlər deyil, siyasi və geosiyasi təsir vasitəsi kimi tətbiq etməsidir. Türkiyənin Avropa inteqrasiyasının 1960-cı illərdən müzakirə olunmasına baxmayaraq, Türkiyə kimi NATO üzvü, Avropa ilə iqtisadi və siyasi əlaqələri dərin olan bir dövlətin onilliklər ərzində Aİ qapısında saxlanılması Avropa dəyərlərinin elan edilən universallığına praktik ziddiyyətdir". "Olaylar" xəbər verir ki,  bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Qərbin Azərbaycana təqdim etdiyi fərdiləşmə, fərdi insan xoşbəxtliyi, əxlaqi azadlıq, söz və ifadə azadlığı kimi anlayışlar Azərbaycanın milli, dini və mənəvi dəyərləri ilə eyniləşdirilə bilməz. Qərb uzun illər demokratiya və söz azadlığı adı altında öz siyasi, iqtisadi və geosiyasi maraqlarını əqli işğalla ixrac edib, yeridib. Qlobal informasiya təsirinə malik CNN, BBC, The New York Times, The Washington Post və digər nəhəng media qurumları Qərbin siyasi gündəminin qəbuluna xidmət edib, daha doğrusu, polittexnoloji nəticələri formalaşdırıb. Əgər Qərbdə söz azadlığı və demokratiya həqiqətən universal prinsipdirsə, Julian Assange-a qarşı siyasi və hüquqi təzyiqlərin, faktiki "əsir" vəziyyətinin adı nədir?!

Dünyada çox böyük rezonans doğuran Azərbaycan Prezidenti İlham Əliyevin BBC-yə müsahibəsində Qərb media qurumlarının, Avropanın Azərbaycana münasibətinin əsl riyakar, ikili üzünü və siyasi məqsədlərini ifşa etdi. Qərb riyakarlığının ən ağır nümunəsi isə Qarabağ məsələsi idi. ABŞ, Fransa, Rusiya və İranın birbaşa köməyi ilə Azərbaycan ərazilərini işğal edən və az qala 30 il işğalda saxlayan Ermənistan ordusunun BMT Təhlükəsizlik Şurasının dörd (822, 853, 874, 884) qətnamələri Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi halda, Qərb Ermənistana heç bir təsir göstərmədi. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları Qərb üçün siyasi gündəmində bu gün Qarabağdan köçmüş bir ovuc erməni əhalisinin hüquqları qədər prioritet olmadı. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu Azərbaycanı işğalla barışdırmağa məcbur edirdi.

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini özü müstəqil şəkildə və öz gücünə tam bərpa etdikdən sonra, nəinki regionun söz sahibinə çevrilib, artıq dünyanın ən güclü orduları sırasına daxil olaraq, dünyada orta güc statusuna yiyələnib. Və artıq Azərbaycan Qərb siyasətinə qarşı yalnız bəyanat vermir, Avropa siyasi strukturlarına siyasi münasibət bildirir və həmin institutların qərar və qətnamələrini rədd edir. Azərbaycan Qərbin siyasi təzyiq mexanizmlərindən birinin Avropa institutları olduğunu görür və öz dövlət maraqlarını bütün siyasi qərarlardan üstün tutur.

Qərb riyakarlığı İranın nüvə proqramı məsələsində də özünü göstərir. Şah Pəhləvi dövründə İranın nüvə proqramına dəstək verən Qərb, bu gün isə İranın nüvə proqramını Qərbə, ABŞ-a təhlükə kimi təqdim edir. Ona görə ki, Şah Pəhləvi ABŞ-ın qulu, indiki İran isə Şah Pəhləvi kimi sözə baxan deyil. İsrailin nüvə silahına malik olması ilə bağlı eyni sərt münasibətin göstərilməməsi isə bu siyasətin universal prinsip deyil, geosiyasi maraq üzərində qurulduğunu göstərir.
Təbii ki, ABŞ-İran müharibəsi yalnız İranın nüvə proqramı ilə deyil. ABŞ öz geosiyasi və iqtisadi maraqlarını təmin etmək naminə İranı, bütövlükdə regionun iqtisadiyyatını, Körfəz ölkələrinin enerji infrastrukturu, dəniz nəqliyyatı və dünya enerji bazarlarını daha dərin təsir dairəsinə salmağa çalışır. Beləliklə, ABŞ-İran müharibəsində ABŞ öz maraqları naminə faktiki olaraq bütün Körfəzi girov götürüb, regionun iqtisadi və enerji imkanlarını qlobal siyasi mübarizə vasitəsinə çevirib.

Rusiya-Ukrayna müharibəsinin də arxasında enerji, iqtisadi resurslar, geosiyasi üstünlük və dünya iqtisadiyyatına nəzarət uğrunda mübarizə dayanır. Rusiya da bu arada öz ruslaşdırma siyasətinə fürsət kimi, qeyri-rus xalqlarını, xüsusən də türk-müsəlmanları amansız qırğına verir. Bu reallıqlar fonunda Azərbaycanın öz türk-İslam xarici siyasət istiqamətini müəyyən etməsi dövlətçilik, milli kimlik, təhlükəsizlik prinsiplərinə tam uyğundur. 2024-cü il fevralın 14-də Prezident İlham Əliyev son prezident seçkisindən sonra andiçmə mərasimində Azərbaycanın yolunun Türk dünyası ilə bağlı olduğunu açıq şəkildə bəyan edib.

Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi əsasında müttəfiqlik münasibətlərini möhkəmləndirməsi, Türk Dövlətləri Təşkilatında fəal siyasət aparması, İslam dünyası ilə əlaqələrini genişləndirməsi, Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xəttində yeni regional əməkdaşlıq mexanizmlərinin meydana çıxması Azərbaycanın gələcək geosiyasi istiqamətini daha aydın göstərir.

Azərbaycan üçün məsələ Qərblə bütün əlaqələri kəsmək deyil. Məsələ ondan ibarətdir ki, Azərbaycan Qərbin təqdim etdiyi dəyərləri və siyasi modelləri avtomatik olaraq öz milli prioritetlərinin üzərinə qoymamalıdır. Qərblə əməkdaşlıq mümkündür, lakin siyasi asılılıq, diktə qəbuledilməzdir. Həmçinin bu yanaşma Rusiya və İranın teokratik rejiminə münasibətdə də eyni yükə malikdir. Azərbaycanın gələcək inkişafının təbii və strateji istiqaməti Türk-İslam dünyasıdır. Çünki Azərbaycan üçün bu istiqamət yalnız siyasi seçim deyil, tarixi yaddaşın, milli kimliyin, coğrafiyanın, təhlükəsizliyin və strateji maraqların birləşdiyi geosiyasi reallıqdır. Qərbin ikili standartlarına qarşı Azərbaycanın cavabı Qərbdən uzaqlaşmaq deyil, öz milli maraqlarını üstün tutmaq deməkdir. Azərbaycanın gələcək yolu isə Türk-İslam dünyası daxilində öz gücünü və müstəqil dövlət siyasətini möhkəmləndirməkdən keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31