Qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nəticələri qorumaqdır- ÖZƏL
11:15 Siyasət"20 sentyabrın tarixi mahiyyəti Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət hakimiyyətinin bərpasını, xalqımızın milli iradəsinin təntənəsini və dövlətçilik tariximizin yeni mərhələyə qədəm qoymasını ifadə edir. Dövlət Suverenliyi Günü bu tarixi həqiqətin nəsildən-nəslə ötürülən rəmzinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Dövlət suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların qəhrəmanlığı Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasının ən ali nümunəsidir. Bu gün qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nəticələri qorumaq, dövlətin gücünü daha da artırmaq, iqtisadi inkişafı sürətləndirmək, milli həmrəyliyi möhkəmləndirmək və Azərbaycanı gələcəyin daha qüdrətli dövlətinə çevirməkdir. Tam suverenlik şəraitində hər bir uğur artıq Azərbaycanın öz milli iradəsi ilə müəyyən etdiyi inkişaf yolunun nəticəsi olacaq".