Suverenliyin bərpası cəmiyyətdə dövlətçilik şüurunu daha da möhkəmlətdi- ÖZƏL
11:34 Siyasət"Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi müəyyənləşdirilib. Bu tarix gələcək nəsillərə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin hansı mürəkkəb mübarizənin nəticəsində bərpa edildiyini xatırladacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Ancaq tarixi Qələbənin əsl dəyəri yalnız onun əldə edilməsi ilə deyil, nəticələrinin necə qorunması və gələcəyə necə yönəldilməsi ilə müəyyənləşir. Bu baxımdan dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında tamamilə yeni gündəm yaradıb. Artıq əsas məsələlərdən biri Zəfərin nəticələrini davamlı inkişafla möhkəmləndirməkdir.
Bu prosesin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın yeni inkişaf mərhələsinin real mənzərəsini formalaşdırır. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi, sosial obyektlərin istifadəyə verilməsi və iqtisadi fəaliyyətin bərpası dövlət suverenliyinin insan həyatında konkret nəticələr yaratdığını göstərir. Böyük Qayıdış bu prosesin ən mühüm istiqamətlərindən biridir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması Azərbaycan tarixinin ən böyük sosial hadisələrindən biri kimi qiymətləndirilə bilər. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması ərazi bütövlüyünün bərpasını real və davamlı nəticəyə çevirir.
Bu gün Qarabağda yaradılan yeni yaşayış məntəqələri, yollar, məktəblər, səhiyyə müəssisələri, istehsal və xidmət obyektləri bir həqiqəti nümayiş etdirir: Azərbaycan öz ərazisində yalnız dövlət hakimiyyətini bərpa etməyib, həmin ərazilərin gələcək inkişafını da özü müəyyən edir. Bu faktorlar suverenliyin ən mühüm siyasi nəticələrindən biridir. Suverenliyin bərpası həm də Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Çünki dövlətin gücü yalnız siyasi və hərbi imkanlarla ölçülmür. Dövlətin gücünü formalaşdıran amillər sırasında vətəndaş həmrəyliyi, milli birlik, dövlətçilik dəyərlərinə bağlılıq və gələcəyə inam xüsusi yer tutur".