Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli mənlik şüurunun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının öznüindifikasiyası başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır.

Öz kökünə bağlılıq vətənpərvərliyin əsas meyarıdır

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli mənlik şüurunun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının öznüindifikasiyası başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır. Maraqlıdır, bəs milli mənlik ideologiyasının formalaşması hansı prinsiplərə əsaslanır? Xatırladaq ki, Azərbaycan dövləti öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir ki, onun da mahiyyəti azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin, Azərbaycan milli dəyərlərinin adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bununla parallel olaraq mənəvi dəyərlərin qorunması siyasəti yürüdülür ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq durur. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində milli kimliyini qoruyub saxlaya bilib. O ki, qaldı milli kimliyin formalaşması məsələsinə, bu proses bir sıra məqamlara əsaslanır. Bunlar milli kimliyin milli dövlətçilik ideologiyası üzərində qurulması və dövlətçiliyə xidmət etməsi; milli kimliyi formalaşdırarkən tarixi inkişafın nəzərə alınması; milli kimliyin milli və mənəvi dəyərlərin qorunması ilə müasir dövlət quruculuğunun sintezi və balanslaşdırılması üzərində qurulmasından ibarətdir. Həmçinin milli kimliyin formalaşmasında bütövlükdə Azərbaycan cəmiyyəti, hər bir azərbaycanlı fərdi, ailəsi üçün həssas olan Qarabağ amilindən, onun azad edilməsi istiqamətində milli həmrəylikdən istifadə edilməsi kimi özünü təsdiq etmiş prinsiplər mövcuddur.

Milli mənlik şüuru hər bir vətəndaşa xas olan keyfiyyətdir

Sirr deyil ki, milli dövlətlər yeni dünya düzəninin yarandığı bir dövrdə qlobal söz sahibi olan hegemoniya ilə üzləşməkdədir. Dövlət içində yerli yönətimlər, alt kimliklər bu qlobal hegemoniyanın dəstəyi ilə güclənməkdədir. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada vicdan, milli mənlik kimi hisslər önəmli rol oynayır. Odur ki, gənclər arasında bu xüsusiyyətlərin formalaşdırılması nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır. Nətisədə vicdanı olan hər bir gənc doğulduğu torpağın qədrini bilməyı özünə mənəvi borc hesab edir. Etiraf edək ki, Azərbaycan gənclərinin milli kimliyinin formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, o cümlədən digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün mənəviyyat məsələsi də mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: "Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik". Məhz gənclər də Azərbaycan xalqının qaymaqlarından yararlanaraq nəinki özlərini vətənpərvər ruhda tərbiyyə etməli, həmçinin bu ideyanın təbliğatçısına çevrilməlidirlər. Gənclik dərk etməlidirlər ki, Azərbaycan xalqı ta qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi keçib. Onlar torpaqlarını öz qanları, canları bahasına qoruyub. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət dərsi almalı, Vətəni qorumağı özlərinə şərəf hesab etməlidir. Etiraf edilməlidir ki, hazırda Azərbaycanda kifayət qədər vətnpərvər gənclər yetişib ki, onlar ölkəmizi layiqincə təmsil edirlər. Bu gün Azərbaycan Respublikasının bayrağını müxtəlif beynəlxalq arenalarda dalğalandıran idmançılarımız tariximizin qəhrəmanlıq salnaməsini davam etdirməkdədirlər. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və Vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində milli kimlik ideologiyasının rolu böyükdür. Nəzərə almaq lazımdır ki, gənclərin milli mənlik şüurunun inkişafı ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir.

Vətənpərvər Azərbaycan gənci

Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaqlar. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyevin təbirincə desək: "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır". Aydın məsələdir ki, bunları dərk edən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi fərdlər də öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə Azərbaycanda böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində aydınların üzırinə böyük vəzifələr düşür. Məlum olduğu kimi millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Odur ki, vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısı hesab olunur. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarla bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır.

Milli mənlik şüurun gənclərin vətənpərvərlik hisslərinin tərbiyyəsində rolu

Məlum olduğu kimi milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr-sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Məhz bu səbədən erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində ölkəmizə vurulan ziyanlar milli şüurun inkişaf etdirilməsini tələb edir. Məlum olduğu kimi milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın-hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqla bağlı olan sosial keyfiyyətlər daxildir. Odur ki, milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Çünki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. Milli mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Təsadüfi deyil ki, Azərbaycan gənclərinin milli kimlik şüurunun inkişaf etdirilməsi həm də onların məsuliyyətinin artırılması ilə nəticələnib. Qeyd edək ki, milli kimlik, milli idealogiya və vətənpərvərlik tərbiyəsi heç də müxtəlif istiqamətlər deyil, bir bütövün hissələri kimi bir-birindən asılıdırlar. Bunların birini diğərlərindən ayrı təsəvvür etmək mümkün deyil. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları bütöv bir sistemin hissələri kimi, gənc nəslin tərbiyəsində, onların düşüncələrinə, əxlaqlarına, hisslərinə, iradəsinə təsir edə biləcək məzmunda aşılansın. Çünki, sahiblənmə hissi olmayan birinin milli mənliyi, milli mənlik hissi olmayanın milli idealogiyası, milli idealogiyası olmayan xalqın isə vətənpərvər övladlar yetişdirməsi mümkün deyil. Məhz bunun nəticəsidir ki, gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyyəsinə böyük təsir göstərir.

Alim Hüseynli

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31