Elçin Hüseynbəyli yazır...Bizi sevindirən və qüssələndirən Dəmir Yol Vağzalı
Yazılarımın birində qeyd eləmişdim ki, insanlar xoşbəxtliklərini vağzallarda tapır, elə oradaca itirirlər. Nə münasibətlə yazmışdım, yadımda deyil. Bircə onu bilirəm ki, qüssəli yazıydı. Heç bu yazıya da dəxli yoxdu, eləcə maraqlı bir fikir kimi xatırladım...
28 Noyabr 2017 14:56 SosialElçin Hüseynbəyli
Bizi sevindirən və qüssələndirən Dəmir Yol Vağzalı
Yazılarımın birində qeyd eləmişdim ki, insanlar xoşbəxtliklərini vağzallarda tapır, elə oradaca itirirlər. Nə münasibətlə yazmışdım, yadımda deyil. Bircə onu bilirəm ki, qüssəli yazıydı. Heç bu yazıya da dəxli yoxdu, eləcə maraqlı bir fikir kimi xatırladım...
Keçək mətləbə, yəni sözümün canına.
Metronun "Sahil" stansiyası bağlı olduğuna görə işə "28 may" metrosundan çıxıb gedirik, qayıdanda da eyni marşrutu seçirik. Yazıçılar Birliyi "Sahil bağı"nın yanındadır və mən ötənlərdə oranın "Sənətçilər bağı" adlandırılmasını təklif eləmişdim, amma heç kimdən səs çıxmadı. Doğrudan da, deyəsən heç kim heç kimin kitabını oxumur. Sözüm bunda da deyil, təbii...
Bir neçə gün əvvəl qələm dostum Elxan Zal Qaraxanlı ilə "28 may"a tərəf gəzə-gəzə gəldik. Metroya minməzdən əvvəl Elxana təklif elədim ki, Dəmir Yolu vağzalının yeni təmir olunmuş binasına baş çəkək, çünki açılışdan sonra orda olmamışdım.
Eksteryerdən bəlliydi ki, bina tamam sağlamlaşdırlıb. İçəri girdik. Doğrudan da stansiya göz oxşayırdı. Köhnəlikdən əsər-əlamət qalmamışdı, sanki hansısa Avropa ölkəsinin vağzalındaydıq. Biz bu günlərin həsrətini çox çəkmişdik. Hər şey yerli-yerindədydi: alış-veriş məkanı da, kafe-barı da, istirahət yerləri də. Perron da əməlli-başlı düzəldilmişdi: yol göstəricilərindən tutmuş işıqlandırılmaya qədər. Amma...
Məsələ də elə bu "amma"dadır. Bu dəyişikliyin fonunda bir şey yenə də köhnə dəblə fəaliyyət göstərirdi: ayaq yolu.
Maraq üçün qərara gəldik ki, oranın pullu, ya pulsusz olduğunu öyrənək. Ürəyimizə daman kimi oldu. Pulluydu. Halbuki mən bunun belə olacağına inanmırdım. Bu qədər gözəlliyin qarşısında adamı biabır edən bir köhnəlik. Sanki təzə aldığın atın belinə köhnə-kürüş çul atmısan. Təxminən 10 il əvvəl Bakı aeroportu da həmin gündəydi.
Elxana dedim ki, bu, düz deyil. Çünki vağzallar hər bir ölkənin pasportududr. İstənilən qonaqda ilk təəssürat vağzallardan başlayır. Yaxşı olardı ki, ayaq yolu pulsuz olaydı və onun qiymətini biletin üstünə gələydilər.
Elxan da qayıtdı ki, o, bəzi adamlara sərf eləmir. Çünki kassaya ödənilən pullar nəzarətdədir, amma burda nağd ödənildiyinə görə şəxsi ciblərə gedir.
Bu qədər gözəlliyin qarşısında kimlərinsə cılız hisslərlə yaşaması və beş-on qəpiyə göz dikməsi şaşırdıcıdır, dostlar.
Noyabr, 2017