Türk dövlətlərinin təhlükəsizlik əməkdaşlığında yeni mərhələ - ÖZƏL
14:05 Siyasət"Türk dövlətləri və bizə yaxın olan digər dövlətlərlə birlikdə ortaq bir məkan təşkil edirik. Türk dövlətləri faktiki olaraq müəyyən mənada vahid bir məkanda birləşiblər. Təbiidir ki, digər məsələlərdə olduğu kimi, təhlükəsizlik məsələlərində də ortaq davranmağımız vacibdir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan, Türkiyə və digər türk dövlətləri təhlükəsizlik məsələləri haqqında ayrı-ayrılıqda düşünməməli, bu sahədə mümkün qədər koordinasiyalı və birgə fəaliyyət göstərməlidirlər. Təhlükəsizlik məsələsində bütün dövlətlərin bir-birinə dəstək verməsi və ortaq yanaşma ortaya qoyması mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətlərinin ortaq təhlükəsizlik məsələlərinə diqqət çəkməsi mühüm mesajdır. Çünki ayrı-ayrılıqda nə Azərbaycan, nə Türkiyə, nə də digər türk dövlətləri bütün təhlükəsizlik çağırışlarına eyni səviyyədə cavab verə bilər. Lakin birlikdə hərəkət etdikdə, qüvvələri və imkanları koordinasiya etdikdə, ortaq təhlükəsizlik mexanizmləri formalaşdırdıqda daha effektiv nəticələr əldə etmək mümkündür.
Prezident İlham Əliyevin diqqət çəkmək istədiyi əsas məsələ də məhz budur. Mövcud regional və beynəlxalq şərait türk dövlətlərini təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa sövq edir. Regionda müxtəlif təhlükəsizlik çağırışlarının mövcud olduğu bir şəraitdə türk dövlətlərinin öz təhlükəsizlik imkanlarını birləşdirməsi və fəaliyyətlərini əlaqələndirməsi mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan ortaq təhlükəsizlik şəbəkəsinin yaradılması və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi türk dövlətlərinin həm kollektiv müdafiə imkanlarını artırar, həm də onların regional sabitliyə töhfəsini gücləndirə bilər."
İbrahim Məmmədli