Mükafatlandırılan təxribat: Avropa Paşinyanı yeni müharibəyə qızışdırır? – ÖZƏL

"Paşinyan hakimiyyətə gələndə Ermənistanın işğalçılıq siyasətini genişləndirmək istəyirdi və açıq şəkildə bəyan etmişdi ki, "Qarabağ Ermənistandır, nöqtə". Bu, işğalçılıq siyasətinin bariz nümunəsi idi. Yəni o, işğalçılıq siyasətindən geri çəkilmək niyyətində deyildi. Paşinyan heç vaxt sülhpərvər insan olmayıb. O, Ermənistan siyasətinin davamçısı idi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Ekspert bildirib ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk sülh təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən irəli sürüldü. Baxmayaraq ki, Azərbaycan qalib dövlət idi, Prezident İlham Əliyev beş təməl prinsipdən ibarət sülh təşəbbüsü ilə çıxış etdi. Paşinyan Qərbin əlində bir alətdir, Qərbin əlində bir oyuncaqdır. Necə ki, Zelenskini həvəsləndirdilər, Rusiya ilə münaqişəyə cəlb etdilər, Paşinyanı da bu cür şirnikləndirirlər. Guya Paşinyan sülhsevər bir insandır. Əslində isə Paşinyan qlobal güclərin maraqlarını toqquşduraraq regionda yeni münaqişə ocağı yaratmaq niyyətindədir və bu istiqamətdə siyasətini davam etdirir. O ki qaldı Azərbaycanın davranışına, Azərbaycanla bağlı addımlarında məcburiyyət çərçivəsində hərəkət edir. Çünki Ermənistanın gələcək taleyi birbaşa Azərbaycanla bağlıdır. Əgər Paşinyan sözün həqiqi mənasında sülh tərəfdarıdırsa, onda sual meydana çıxır: Ermənistan bu illər ərzində niyə öz konstitusiyasında dəyişiklik etmir? Sülhün təməl prinsipi nədir? İki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması. Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü tanımayan və Azərbaycan ərazisinə iddia ehtiva edən məqamlar var. Sadəcə olaraq, Qərb Paşinyanı öz çətiri altında gücləndirmək, onu siyasi fiqur kimi gündəmdə saxlamaq və guya regionda sülhü, əmin-amanlığı bərpa edən bir fiqur kimi təqdim etmək üçün ona Avropada müxtəlif mükafatlar verir. Xüsusilə Almaniyada belə bir tədbirin keçirilməsi, yenə deyirəm, Paşinyanı həvəsləndirmək və onu Qərbə doğru istiqamətləndirmək məqsədi daşıyan bir addımdır. Yəni Qərb dövlətləri, daha doğrusu, Avropa dövlətləri Paşinyana mənəvi və siyasi dəstəyinin bariz nümunəsini göstərirlər. Bununla da Paşinyana demək istəyirlər ki, biz sizi, yəni Avropa dövlətləri sizi bu mübarizədə tək qoymayacağıq. Bu mükafat da buna hesablanıb. Ermənistan heç vaxt sülhün tərəfdarı olmayıb, işğalçılıq siyasətini davam etdirib. Ermənistan 1918-ci ildə elan olunan 9 min kvadratkilometr ərazidən 1920-ci ildə 12 min kvadratkilometrə qədər ərazisini genişləndirib. Bunların hamısı işğalçılığın bariz nümunəsidir. İstər hərbi yolla, istər separatizm yolu ilə, istərsə də böyük güclərin əlində alətə çevrilərək öz ərazilərini genişləndiriblər. Göyçə, Zəngəzur və digər ərazilər də işğal nəticəsində Ermənistana birləşdirilib. İşğalçılığın hansı forması olur-olsun, bir dövlətin digər dövlətin ərazisini ələ keçirməsi nəticə etibarilə işğalçılıqdır. Bunun silah yolu ilə, böyük güclərin təzyiqi ilə və ya başqa formada həyata keçirilməsi nəticəni dəyişmir. Bu gün Ermənistan dövlətinin başçısı Paşinyan sözün həqiqi mənasında sülhsevər insandırsa, onda Göyçənin, Zəngəzurun geri qaytarılması öhdəliyini götürməlidir. Azərbaycanın 300 minə yaxın soydaşının Ermənistandan qovulması və onların geri qayıdışı ilə bağlı təşəbbüsü dəstəkləməlidir. Əgər Ermənistan rəhbəri Paşinyan sözün həqiqi mənasında sülhsevər insandırsa, insan haqlarını qoruyan bir insandırsa, onda Azərbaycan Qərbi azərbaycanlıların geri qayıtmaq təşəbbüsünü niyə alqışlamır? Bunlar sadəcə Paşinyanı həvəsləndirmək, Paşinyanı qaza gətirmək və onu daha çox Rusiya ilə konfrontasiyaya sürükləmək məqsədi daşıyır.

Ekspert qeyd edib ki, regionda sülhün bərqərar olunmasında və təmin edilməsində əsas təşəbbüslər məhz Azərbaycan Prezidenti və Azərbaycan Prezidentinin atdığı praktiki addımlardır. Çünki Azərbaycan Ermənistana strateji yüklərin daşınmasına icazə verir və bu yüklər Azərbaycan üzərindən daşınır. Azərbaycan Ermənistanın enerji probleminin, xüsusilə də neft və neft məhsullarının təminatının həyata keçirilməsi ilə praktiki addım atmış olur. Amma Ermənistan tərəfi hələlik bunu qiymətləndirmir. Ermənistan Zəngəzur dəhlizinin açılmasında praktiki addım atmır. Azərbaycanın vətəndaşlarının Naxçıvana gediş-gəlişinə zəmanət vermir. Ermənistan işğal altında saxlanılan dörd Azərbaycan kəndinin geri qaytarılmasını həyata keçirmir. Belə ki, Ermənistan mina təhlükəsizliyi ilə əlaqədar xəritələri də təqdim etmir. Bildiyiniz kimi, mina terroru hər gün Azərbaycanda yeni təhlükələr yaradır və bu mina terrorunun arxasında birbaşa Ermənistan dövlətinin dayandığını düşünürəm. Ermənistan dövləti mina xəritələrini verməməklə Azərbaycanda yeni terror aktlarının baş verməsinə və insanların həlak olmasına şərait yaradır. Dörd minə yaxın Azərbaycan vətəndaşı Birinci Qarabağ müharibəsindən itkin düşmüş hesab olunur. Bunlar barədə də heç bir məlumat vermirlər. Sadəcə olaraq, Qərb Paşinyana həm siyasi, həm də iqtisadi dəstək verməklə onu gündəmdə saxlamağa və həvəsləndirməyə çalışır. Hesab edirəm ki, bu, sadəcə provokasiya xarakterli addımdır. Regionda sülhün və əmin-amanlığın bərqərar olunması üçün Azərbaycan Prezidenti üç platforma ilə çıxış edib. Yəni regiondakı problemlərin region dövlətləri arasında həll edilməsi ideyasını irəli sürüb. Amma bu gün Paşinyan qlobal gücləri regionda toqquşduraraq yeni sülh yox, müharibə ocağı yaratmaqdadır. Bu, Paşinyana verilən mükafatla onun atdığı praktiki addımlar arasında böyük ziddiyyət olduğunu göstərir. Bu addım bir daha onu göstərir ki, Avropa dövlətləri Paşinyanı qızışdırır və regionda yeni münaqişə ocağı yaratmaq istiqamətində ona dəstək verirlər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31