TDT-nin gələcək perspektivi: Daha dərin inteqrasiya və güclü təhlükəsizlik əməkdaşlığı - ÖZƏL
13:59 Siyasət"Türk Dövlətləri Təşkilatı bu gün beynəlxalq və regional dövlətlərarası təşkilatlar sırasında nisbətən ən güclü və ən perspektivli qurumlardan biridir. Digər beynəlxalq təşkilatlar, xüsusilə BMT və digər strukturlar daxili böhranlarla üzləşirlər. Bir sıra regional dövlətlərarası təşkilatların daxilində də ciddi ziddiyyətlər mövcuddur. Avropa strukturlarından Şanxay Əməkdaşlıq Təşkilatına, Amerika Dövlətləri Təşkilatından Ərəb Dövlətləri Liqasına və Afrika Birliyinə qədər müxtəlif regional qurumların fəaliyyətini təhlil etdikdə, onların daxilində dövlətlərarası fikir ayrılıqlarının və ziddiyyətlərin olduğunu görmək mümkündür."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Türk Dövlətləri Təşkilatını fərqləndirən əsas xüsusiyyətlərdən biri isə üzv dövlətlər arasında ciddi siyasi ziddiyyətlərin və münaqişəli baxışların olmamasıdır. Təşkilatın hələlik kollektiv şəkildə qlobal güc göstəriciləri tam formalaşmasa da, üzv dövlətlər arasında iqtisadi, siyasi, diplomatik və digər istiqamətlərdə qarşılıqlı anlaşma və əməkdaşlıq mövcuddur. Bu amil Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərini də artırır.
Lakin təşkilatın gələcəyinin perspektivli olması onun üzvləri arasında siyasi inteqrasiyanın daha da dərinləşdirilməsindən və xüsusilə təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq modellərinin tətbiqindən asılıdır. Prosesin öz axarına buraxılması Türk Dövlətləri Təşkilatının inkişaf tempinin zəifləməsinə və müəyyən mərhələdə yerində saymasına gətirib çıxara bilər.
Təşkilata üzv dövlətlər tarixi, dini, etnik və mədəni bağlar, eləcə də ortaq tarixi köklər baxımından bir-birinə olduqca yaxın ölkələrdir. Eyni zamanda, bu dövlətlərin əhəmiyyətli təbii sərvətlərə və yüksək demoqrafik potensiala malik olması onların əməkdaşlığının imkanlarını daha da genişləndirir.
Belə bir şəraitdə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi Türk Dövlətləri Təşkilatını həm xaricdən gələn təzyiqlər və dağıdıcı proseslər qarşısında daha dayanıqlı edə, həm də onun daxili birliyini möhkəmləndirə bilər. Bu proses, tədricən, Türk Dövlətləri Təşkilatının regional dövlətlərarası qurumdan qlobal təsir imkanlarına malik siyasi struktura çevrilməsinə də şərait yarada bilər.
Buna görə də hazırkı mərhələdə Türk Dövlətləri Təşkilatının, xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsi və bu istiqamətdə yeni əməkdaşlıq modellərinin tətbiqi olduqca mühüm və zəruri istiqamət kimi qiymətləndirilir."
İbrahim Məmmədli