Qadının qadın “aşk”ı - Nigar Adil yazır...

Son günlər sosial şəbəkədə qadınların bir-birlərinə müraciətləri adamı lap çaşdırır. Məsələn, dünən facebookda bir qadın öz şəkilini paylaşıb. Bu tip paylaşımlarda adətən, bəylər daha çox aktivlik göstərirlər. Amma görünən odur ki, bizim qadınlar burada da bəyləri geridə qoymağa çalışırlar.

Qadının qadın "aşk"ı

Nigar Adil

Son günlər sosial şəbəkədə qadınların bir-birlərinə müraciətləri adamı lap çaşdırır. Məsələn, dünən facebookda bir qadın öz şəkilini paylaşıb. Bu tip paylaşımlarda adətən, bəylər daha çox aktivlik göstərirlər. Amma görünən odur ki, bizim qadınlar burada da bəyləri geridə qoymağa çalışırlar.

Mətləbdən uzaqlaşmayım. Paylaşılan fotonun altında bir rəy diqqətimi çəkdi: "Aşkların ən gözəli". Əvvəl çaşdım. Yazan şəxsin adını bərəlmiş gözlərlə oxudum. Qadın adı idi. Yenə də yanlış görə biləcəyimi düşündüm. Bu dəfə rəy yazan şəxsin adını hecalarla səsli oxudum. Yenə qadın "çıxdı". Düşündüm ki, yəqin saxta profildi. Qarşı tərəf yazanın əks cinsdən olduğunu bilir, amma burada aralarında olan hansısa münasibəti gizli tutmaq üçün razılaşma əsasında qadın profilindən istifadə edir. Bu şübhələrimi özümdə təsdiqləmək üçün tənbəllik etmədən həmin şəxsin profilini tıkladım. Adam əməlli-başlı qadın imiş. Boy-boy şəkilləri, rəfiqələrinin yazdığı rəylər bütün şübhələrimi alt-üst etdi. Və həm də mən qəribə hisslər yaşadım. Bir anlıq təsəvvür etdim ki, ən yaxın rəfiqəm mənə "aşkım" deyir. İlahi, bu nədir? Bu nə hissdir, bu nə səmimiyyət, bu nə mehribanlıq göstərcəsi, bu hansı münasibətdir? Suallar içində boğuldum, sıxıldım. Axtardığım sualların heç birinə cavab tapa bilmədim.

İndi keçək ikinci məsələyə. Bir qadın həmcinsinə hansı halda "aşkım" deyə bilər? İnsan əks cinsi tərəfdən nə qədər sevgisiz, qayğısız, laqeyd münasibət görsə belə, yenə öz həmcinsinə "aşkım" deyə müraciət etməsini, türklər demişkən, aklım almır. Dilimizdə bir-birimizə sevgi, iltifat ifadə edən sözlər sonsuz sayda olmasa da, kifayət qədər var.

Bir-birlərinə "aşkım" deyə xitab edən qadınların bir də ikilikdə olan dialoqunu təsəvvür etməyə çalışdım. Yenə də, "ilahi" deyib, qulaqlarımı tutdum.

Yəqin, düşünəcəksiniz ki, bəlkə, bu xanımlar LGBT qrupuna aid olan insanlardandı. Sizi əmin edirəm ki, qətiyyən belə deyil.

Biz həmcinslərin bir-birlərinə belə açıq, sevgi dolu münasibətlərini Avropa cəmiyyətində eşitməyə alışmışıq. Təbii ki, bizim də cəmiyyətimizdə həmcinsləri ilə birgə olmaq istəyənlər var. Amma çox vaxt onlar cəmiyyətin buna necə reaksiya verəcəyini bildiklərindən bu cür müraciətlərini, münasibətlərini aşkar deyil, gizli yaşamağa məcburdurlar.

Həmin səhifədə bir də onu gördüm ki, bu qadın paylaşdığı uşaq, heyvan, gül, dağ, dərə və s. şəkilləri "aşk"dolu sözlərlə öz izləyicilərinə təqdim edir. Bu cür ifadələr işlədən qadınları davamlı izləməyə başladım. Şəxsi müşahidəmə əsasən, onlar özlərini son dərəcə modern, bütün qadağaları yarıb keçən "qəhrəman" hesab etməklə bərabər, həm də özlərinin son dərəcə qayğıkeş, sevgi dolu varlıqlar olduqlarına inanıblar.

Bir də uşaqlarına bar-bar bağıraraq "aşkım" deyənlər var ki, bu da məsələnin üçüncü tərəfidir. Məgər, "oğlum", "qızım", "ağıllı balam", "gözəl balam" deməklə uşaqlarımız bizim onlara olan sevgimizi hiss etməyəcək? Yetər ki, onlara göstərməcik yox, əsil sevgi hiss etdirək. Yetər ki, uşaqlarımıza, rəfiqələrimizə səmimi sevgi ilə müraciət edək. Və özünüz kimi olmağa çalışın. Baxdığınız türk seriallarındakı qadınlar sevgilərini öz dillərində doğmalarına necə çatdırırlarsa, siz də sevginizi öz dilinizdə ifadə edin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31