Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir  

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən dərhal yenidənqurma işlərinə start verilib.

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Azəravtoyol" ASC tərəfindən dərhal yenidənqurma işlərinə start verilib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir. Avtomobil yolunun ümumi uzunluğu 72 km təşkil edir. Yolun 51 km-i Cəlilabad rayonu, 21 km- isə Yardımlı rayonu ərazisindən keçir. Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün zəruri olan yerlərdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də aparılır. Artıq 10 yerdə 500, 800 və 1500 mm diametrli boruların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb. Hazırda yol boyu zəruri olan digər yerlərdə də bu istiqamətdə işlər davam etdirilir. Cəlilabad rayonu ərazisində aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılıb. Növbəti, 2018-ci ildə isə yolun digər hissəsinin, yəni Yardımlı rayonu ərazisinə düşən 21 km-lik hissəsinin tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, Cəliabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradacaq yolun yenidən qurulması ilə 59 yaşayış məntəqəsinin 60 mindən çox əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31