Aqressiv qadınlar qrupunun üzvləri
Yəqin, siz də avtobusda sürücü ilə dalaşan qadınları görmüsünüz. Metroda adamı kobudcasına itələyən, çiyni ilə yıxan və baxışları ilə qarşısındakını günahkar bilən qadınlarla rastlaşmısınız.
16 Noyabr 2017 12:54 SosialAqressiv qadınlar qrupunun üzvləri
Nigar Adil
Yəqin, siz də avtobusda sürücü ilə dalaşan qadınları görmüsünüz. Metroda adamı kobudcasına itələyən, çiyni ilə yıxan və baxışları ilə qarşısındakını günahkar bilən qadınlarla rastlaşmısınız.
Bu qadınlar üzr istəmək, "bağışla" demək əvəzinə əlində əlacları olsa bir də adamı qatarın, avtobusun altına atar.
Səhər tezdən gözün heç bir pislik görmədən, qulağın heç bir kobud söz eşitmədən "aqressiv qadın qrupu" bizə "sabahın xeyir" deyir. Səhərin gözü açılmamış bir insan niyə bu qədər aqressiv olsun ki?
Bəzən ətrafındakı insanlara mənfi enerji "bəxş edən" qadınların evdəki halını düşünürəm istər-istəməz. Beynimdə onların ailə ortamındakı davranışlarını - nəvələri, oğlu, qızı, gəlini, həyat yoldaşı ilə danışıqlarını, dialoqlarını beynimdə canlandırıb, "yazıram". Sonluq nədənsə heç vaxt "Happy end"-lə bitmir.
"Aqressiv qadınlar qrupu"nun üzvü sonda kiminsə intiharına, boşanmasına səbəb olur, ən yaxşı halda kimisə əsəb xəstəliyinə düçar edir. Onların gözündə həmişə kimsə günahkardır. Bu onlara doğma adam da, yad adam da ola bilər. İstənilən mövzuda, istənilən problemin həlli yolunu yalnız onlar bilir. Və onların hər hansı məsələdə kiminsə məsləhətinə qətiyyən ehtiyacları yoxdur. Yer kürəsinin bütün insanları onları görəndə dərhal təzim edib, baş əyməlidirlər. Onlar bunu təkcə yad adamlardan deyil, öz ailə üzvlərindən də tələb edirlər.
"Aqressiv qadınlar qrupu" üzvlərinin bir də bu xasiyyəti var; yolda, küçədə mehriban cütlük görsələr, dərhal baxışları sərtləşir, sifətlərində bütün dünyada var ola biləcək aqressiya "işığı" cəmlənir. Onlar üçün sevgilisi ilə əl-ələ gəzən, gülüb-danışan qızlar tərbiyəsiz, əxlaqsızdılar.
Niyə?
Bu qadınlar gənclik illərini sevgisiz keçiriblər. Zamanında onlara qoyulan qadağa və maneələrin psixoloji zərbəsini bu işdə günahı olmayan ətrafdakılar alır.
Gərgin insanlardan qurtulmanın yolu yoxdurmu?
Yad adamlar belə vaxtlarda laqeyd qalmağa, qulaqcıqla musiqi dinləməyə üstünlük verir. Bəs alnına onlarla bir ömür yaşamaq yazılanlar nə etsin?!