Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır
Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilib.
14 Noyabr 2017 11:08 SosialSuraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən verilib. Bildirilib ki, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir. Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb. Artıq yolun asfaltlanmasına da start verilib və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənir.
Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu 1.5 km-lik hissədə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi də aparılır. Səkilərin kənarına 6.7 min p/metr yeni səki daşı düzülür.