Mama qurban, gəl gedək evə... BU BİR DƏHŞƏTDİR
14 Noyabr 2017 10:14 SosialBütün məhəllə çaşqınlıq içindəydi. Heç kim bilmirdi beş yaşlı uşaq haradadır, hara gedə bilər? Amma qadınlı-kişili hamı onu axtarırdı. Axtaranların içində bir ümüd vardı. "O tapılacaqdı.Yəqin yolunu azıb. Eyb etməz. Hardasa, indilərdə itən uşağın evlərinə polis bölməsindən zəng gələcək və hamının gözlədiyi müjdə veriləcəkdi."
Faiqin itməyindən artıq iki gün keçmişdi. Amma uşağın nə ölüsündən, nə də dirisindən bir xəbər yox idi. Qonşular artıq əllərini o uşaqdan üzmüşdülər. Mənim o zaman yeddi yaşım var idi və baş verənlərə uşaqcasına yanaşırdım. Elə bilirdim Faiq öz valideynləriylə oyun oynayır. Bir gün axşam oynamaqdan yorulub gəlib dəmir qapını döyəcək. Amma mən də yanılırdım.
Faiqin itməsindən üç gün keçirdi. Faiq hələ də tapılmırdı. Atasını bəs qədər araqdan içib, düşmüşdü anasının üstünə. O bütün baş verənlərin səbəbkarı kimi Faiqin anasını görürdü. Söyürdü, bağırırdı.
O zamanlar bizim ən sevimli kinomuz var idi. Bizdə televizor xarab olduğuna görə gedib əmimgildə baxmalı olurduq. Biz əmim uşaqlarıyla mehribanlaşıb, palazın üstündə sərilib hərəmiz bir tərəfdən televizora baxırdıq. Birdən əmim içəri girdi. Yavaşca əmim arvadına dedi ki, yazıq uşaq hələ də tapılmayıb. Uşağın atası anasını döyüb çöllərə salıb ki, uşağı tapmamış evə gəlmə. İndi də yazıq arvad gecənin bu vaxtı küçədə daşın üstündə oturub, ağlayır. Əmim arvadı eşitdiklərinə kövrəldi. Səssizcə gəlib bizi qucaqlayıb, başımızı tumarladı. Kino qurtarandan sonra, biz öz evimizə gedəndə, mən hələ də o arvadın səsini eşidirdim. "Faiq, balam bəsdi də...Bəsdir bizlə oynadın. Gəl gedək evə. Bax bayır soyuqdur, əynin də qalın deyil." Faiq yəqin ki anasını eşitmirdi... Amma biz eşidirdik. Mən uşaq ağlımla o arvada kömək etmək istəyirdim. İstəyirdim uzaqlardan qışqırım. "Ana, mənəm Faiq. Sən get evə, mən də bir azdan gəlirəm."
Faiqin itməsindən dörd gün keçirdi. Məhəllə camaatı Faiqin yoxluğuyla barışmış kimiydi. Bir anasından başqa...
Hava qəşəng idi. Bir az futbol oynayandan sonra beynimizə nəsə başqa bir oyun gəldi. İndi yadımda deyil biz hansı oyunu oynamaq istəyirdik. Ancaq o oyunu oynamaqçun bizə kəndir lazım idi. Kəndirin yerini də bilirdik. Bu Nicatgilin qarajları idi. Orada həmişə kəndir olurdu. Qaraj istifadə edilmirdi. Biz hərdən girib qarajda da oynaya bilirdik. Orada ancaq, bir dəmir kravat və köhnə soyuducu vardı. Soyuducu işləmirdi. Kimin əlinə nə keçirdisə, ora qoyurdu. Bəzən məhlənin topunu da orda gizlədirdik. Biz qarajda ip tapa bilmədiyimizi görüb, soyuducunun içinə baxmağı qərar verdik. Nə biləydik ki, o zaman elə bir hadisəylə qarşılaşacağıq ki, heç vaxt yadımızdan çıxmayacaq. Soyuducunun qapısını açan kimi üstümüzə nəsə ağır bir şey gəldi. Bu Faiqin göyərmiş meyidi idi. Yanimizdaki uşaqlardan birinin qorxudan dili tutuldu. Hələ o vaxta kimi heç bir ölüyə bu qədər yaxın olmamışdıq. Nicat getdi, Faiqgilin evinə xəbər verməyə. Aləm qarışdı bir-birinə. Səsə bütün məhəllə camaatı yığışdı. Bu dəhşətli an idi. Hamı ağlaşırdı. Ölən dostumuzun anasının başına bala dərdindən hava gəlmişdi. Ayaqyalın bayıra qaçıb, balasının soyuducunun içindən çıxan gömgöy meyidini görüb elə çığırdı ki, o çığırtı hələ də mənim qulaqlarımda qalıb. Hamı bilaixtiyar ağlayırdı. Arvadlar Faiqin anasını, Hicran xalanı bərk-bərk tutub təsəlli verirdilər. Elə bilirdilər ki, verdikləri təsəlli bala dağını unutduracaq. Nənəm, bibim, anam, uşaqları bizim həyətə salıb, hamımıza cəftə suyu verdilər. Guya qorxunun qabağını alırmış... Haçandan-haçana özümüzə gəldik. Mən özümə gələndə artıq ağlaşma səsindən Faiqin anasının səsini seçə bilirdim. "Faiq, mama qurban...Gəl gedək evə. Yorma məni. Gəl gedək, qurban olum. Mama səninçün ən sevdiyin xörəyi bişiribeee...Dur ayağa boyuna qurban, dur gedək."
Yoxlama, təhqiqatçı, polis gələndən sonra hər şey məlum oldu. Əvvəl elə bildilər Faiqin ölümündə nəsə qəsdiqərəzlik var. Uşağın babası qarajın sahibindən şübhələnirdi. Amma, hər şey ortalığa çıxandan sonra, şübhələr də itdi-batdı. Səndemə, bir gün uşaqlar yığışıb hamılıqla gizlənqaç oynayanda Faiq gizlənməyə yer tapmayıb. Girib qaraja. Qarajda tapılmasının asant olduğunu görüb, özünü verib köhnə soyuducunun içinə. Gizlənəndə çəkələklərini də soyuducunun içinə salıb ki, qoy uşaqlardan heç kim onu tapa bilməsin. Bu soyuducu da lap qədimi soyuduculardan idi. O soyuduculardan ki, qapısı yalnız çöldən açılır. İçəridən heç bir cəhdlə açmaq olmaz. Faiq gizlənmək üçün özünə soyuducunun içində yer edəndən sonra, oradan heç cür çıxa bilməyib. Nə qədər çığırıb-bağırsa da harayını eşidən, onu duyub köməyinə gələn olmayıb. Axırda hava çatışmazlığından ölüb. Meyid qucağımıza düşəndə qollarına baxdıq. Faiqin qolları, əllərinin içi, ayaqlarının altı, dizləri cırıq-cırıq idi. Soyuducunun iç tərəfindən qapının açmaq üçün onlar o qədər sürtülmüşdü ki...
İndi o hadisənin üzərindən uzun illər keçib. Sonralar Faiqin bir qardaşı oldu, götürüb Faiq adını ona qoydular. Mən hər dəfə bu hadisəni xatırlayanda qulağıma bir səs gəlir: "Faiq, mamaqurban, gəl gedək evə. Yorma məni. Gəl gedək, qurban olum. Mama səninçün ən sevdiyin xörəyi, yarpaq dolması bişiribeee.. Dur ayağa boyuna qurban, dur gedək."
Qafar Şövqi