Elçin Hüseynbəyli yazır... Ədəbiyyatımızın maralları

Mən ədəbiyyatımızın marallarından yeri düşəndə yazmışam. İndiki yazını isə stolumun üstündəki bir vizit kartı ağlıma saldı. Yadınızdadırsa, ötən dəfə xarici səfərdən qayıdan bir həmkarımız barədə danışmışdım. O, xaricdən qayıtdıqdan sonra otaqları bir-bir gəzib özünü tərifləyir və təriflədiyi adamın dəstəyini qazanmaq üçün çox intimcəsinə və pıçıltıyla bunları deyirdi: “Öz aramızdır, orda (yəni xaricdə) ikicə adamı tanıyırlar: səni və məni...” Özü də bu sözləri deyəndə sinəsinə döyəcləyirdi: “Səni və məni...”

Elçin Hüseynbəyli

Ədəbiyyatımızın maralları

Mən ədəbiyyatımızın marallarından yeri düşəndə yazmışam. İndiki yazını isə stolumun üstündəki bir vizit kartı ağlıma saldı. Yadınızdadırsa, ötən dəfə xarici səfərdən qayıdan bir həmkarımız barədə danışmışdım. O, xaricdən qayıtdıqdan sonra otaqları bir-bir gəzib özünü tərifləyir və təriflədiyi adamın dəstəyini qazanmaq üçün çox intimcəsinə və pıçıltıyla bunları deyirdi: "Öz aramızdır, orda (yəni xaricdə) ikicə adamı tanıyırlar: səni və məni..." Özü də bu sözləri deyəndə sinəsinə döyəcləyirdi: "Səni və məni..."

İndi haqqında danışacağım marallar isə müxtəlif tiplərə və xarakterlərə aiddir. Məşhur bir deyimi perefraz eləsək, təxminən belə səsələnər: İstedadlı adamların hərəsi bir cür istedadlıdır, istedadsızlar hamısı bir-birilərinə oxşayırlar.

İndi isə keçək vizit kart sahibinə. O gəlməmişdən əvvəl zəngi gəldi, yəni köhnə tanışlardan biri qohumunu mənə tapşırdı: "Qardaş, yanına bir nəfər gələcək. Şeir yazmaq həvəsinə düşüb. Pensiyaya çıxandan sonra, deyəsən, onun təbi gəlib. Bir bax gör, neynirsən."

Təbii, mənə zəng edən tanışımın danışığında ironiyanı hiss etməmək mümkün deyildi. Ona görə də "gəlsin" dedim və gəldi də. Əvvəlcə mənə vizit kartını verdi, sonra çantasını açıb, kitabını bağışladı. Danışığından belə məlum oldu ki, Yazıçılar Birliyinə üzv olmaq istəyir. Kitabı vərəqləmək istədim və elə birinci cümləsindən başa düşdüm ki, bu "maral" doğma dilini bilmir, çünki elə birinci cümlədən özünü ələ vermişdi. Fəhmim məni aldatmamışdı və söhbət zamanı bildim ki, qələm qardaşım rusca təhsil alıb, Rusiyada yaşayıb, amma vətənə qayıdan kimi ilham pərisi qonub çiyninə. Qırımımdan başa düşdü ki, şeirlərini bəyənmədim, çünki danışanda dodağımı sürüyürdüm. Ona görə də məni vəziyyətdən çıxarmaq üçün bunları dedi: "Bilirəm e, elə də güclü yazmıram, amma bura üzv olanların hamısı istedadlı deyil ki..." Həmkarım ("həmkar" deyək ki, bizdən inciməsin) özü nə yazdığını bilən adam idi, görünür, kimlərsə qonaqlıq, ya nəsə xatirinə ona təriflər deyiblər və o da cuşa gəlib öz cızma-qaralarından kitab buraxdırıb.

Nəsə. Məşədi İbad demiş, buna bir quş. İndi keçək başqa bir marala.

Oturmuşam otağımda, nəsə yazıram. Bir nəfər girir içəri və çox ərkyana salam verir. Özünün yarısı boyda çantasını qoyur stolun üstünə. Sanballı bir kitab çıxarır, avtoqraf yazmaq istəyir, amma adımı bilmir. Ona görə də: "Bağışlayın..." Sözünü yarımçıq kəsirəm və adımı deyirəm. O da ədəb-ərkanla mənə uzun bir tərifnamə yazır. Kitabı şəstlə mənə verir və dalınca da bu sözləri guruldadır: "Qardaşoğlu, onsuz da hamı yazır, amma mən o yazanlardan deyiləm. Mənə vəhy gəlib, vergi verilib. Əvvəllər mahnı oxuyurdum. Birdən səsim xırp kəsildi. Səhər ayılıb gördüm ki, mənə vergi verilib. Təbim gəldi, şeir yazdım. Elə o yazan yazıram..."

Bu qardaşımıza da "allah sənə şəfa versin" deyibən keçək növbəti marala...

Yox, yaxşısı budur, o biri maralları saxlayım gələn yazıya. Bu qədər maral bir yazıya sığan deyil...

Allah sizə də səbr versin, dostlar...

Noyabrın əvvəli, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31