Attetasiya məsələsində işçilər arasında niyə fərq qoyulur?

Milli Məclisin son iclasında 19 qanuna dəyişiklik edilərək "Elm haqqında" qanuna uyğunlaşdırıldı. Lakin dəyişikliklərdəki təhsil müəssisələrində çalışanların 5 ildən bir attestasiyasının keçirilməsi və təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəalar fikir ayrılığı yaradıb.

Qüdrət Həsənquliyev: " Belə çıxır ki, hər müəssisə rəhbəri müəyyən adamlardan canını qurtarmaq üçün hər 3 ildən bir attestasiya keçirə bilər"
 

Milli Məclisin son iclasında 19 qanuna dəyişiklik edilərək "Elm haqqında" qanuna uyğunlaşdırıldı. Lakin dəyişikliklərdəki təhsil müəssisələrində çalışanların 5 ildən bir attestasiyasının keçirilməsi və təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəalar fikir ayrılığı yaradıb. Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bir müddət əvvəl dövlət qulluğu haqqında qanuna attestasiyanın ləğvi ilə bağlı dəyişiklik etdik və orada qeyd etdik ki, onlar 5 ildən bir imtahan verib yeni setifikatlar alacaqlar. Azərbaycan Konstitusiyasına görə qanun qarşısında hamı bərabərdir. İndi elmi işçilər də 5 ildən bir attestasiyadan keçəcəklər: "Amma indiki dəyişiklikdən belə anlaşılır ki, digər işçilər 3 ildə 1 dəfə attestasiyadan keçməlidirlər. Niyə belə olmalıdır? Hesab edirəm ki, bu doğru deyil. Əgər dövlət qulluğunda olanlar, həmçinin elmi işçilər də 5 ildən bir imtahan verirlərsə, köhnə qayda ilə attestasyadan keçirlərsə, digərləri üçün də eyni qayda bu müəyyən olunmalıdır. Bu ayrı-seçkiliyə son qoyulmalıdır. Əgər biz 65-ci maddəni dəyişiriksə, o zaman 5 ildən bir imtahan verilməsi qaydası hamıya münasibətdə tətbiq olunmalıdır. Mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda çalışanlar 5 ildən bir imtahan verməli, attestasiya da 5 ildən bir keçirilməlidir. Yoxsa elmi işçilərin 5 il, digərlərinin isə 1, yaxud 3 ildən sonra attestasiyadan keçməsi doğru deyil. Burada digər işçilər üçün aşağı hədd 1, yuxarı hədd isə 3 il nəzərdə tutulub. Belə çıxır ki, hər idarə, müəssisə və təşkilat rəhbəri müəyyən adamlardan canını qurtarmaq üçün hər 3 ildən bir attestasiya keçirə bilər". Millət vəkili həmçinin "Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında" Qanuna eilən dəyişikliklərə də toxunub: "Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanuna 6-2.20-ci maddə əlavə edirik ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz. Elmi tədqiqatlar dünyanın hər yerində həm də universitetlərdə aparılır. Axı biz universitetləri özəlləşdirə bilərik və əslində bu lazımdır. Mən dəfələrlə bu barədə məsələ qaldırmışam. Biz kapitalist cəmiyyətinə keçmişik. Azərbaycanda bazar münasibətləri var. İndi hazırda dövlətə məxsus olan səhiyyə obyektləri, universitetlər mövcuddur. Bunları özəlləşdirmək lazımdır. İkincisi, "Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında" Qanuna da baxmaq lazımdır. Düşünürəm ki, biz bu məsələyə baxmalıyıq, əgər əmlak birinci hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasınma ehtiyac var ki, özəlləşdirmə həyata keçirilsin. Biz iqtisadiyyata təkan vermək istəyiriksə bu addımlar atılmalıdır. Kimsəyə sirr deyil ki, dövlət sosialist təsərrüfat sistemi özünü doğrultmadı. Yəni dövlət mülkiyyətində olan əmlakın idarə olunması effektli olmadı. Ona görə də özəlləşdirməyə getmək lazımdır. Onun üçün də özəlləşdirmə mexanizmi sadələşdirilməlidir. Xarici dövlətlərdə bəzən dəyəri 100 milyonlarla olan müəssisə simvolik olaraq bir dollara özəlləşdirilir. Təki sən investisiya qoy, müəssisənin işini yenidən qur, amma onun təyinatını dəyişmə, iş yerləri aç və.s. Hətta dövlət sahibkara əlavə olaraq müəssisənin işinin yenidən qurulması üçün kredit də verir. Yəni bu cür radikal yanaşma olmasa ciddi və sürətli dəyişikiliklərə nail olmaq mümkün deyil. Dövlət əmlakının təsnifatının yer aldığı 6-cı maddədə özəlləşdirilməyə çıxarılması qadağan olunan müəssisələrin siyahısı var. O siyahını maksumum daraltmaq lazımdır. Hesab edirəm ki, gələcəkdə elm, təhsil müəssisələri özəlləşdirməyə çıxarıla bilər".
"Hesablama Palatası Haqqında" Qanuna edilən dəyişikliklərə toxunan millət vəkili qeyd edib ki, hazırki şəraitdə nəzərdə tutulan dəyişiklik qeyri-mümkündür: "Birincisi bu dəyişiklik cinayət məcəlləsi ilə ziddiyyət təşkil edir. Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayəti bilib xəbər verməmə adlanır. Bizim də qanunlara görə, əgər hər hansı bir şəxs cinayəti bilib, cinayət tərkibini həyata keçirib, buna hüquqi qiymət verən orqana məlumat vermirsə, o özü cinayət məsuliyyətinə cəlb olunur. Amma indi biz bu dəyişikliyi etməklə Hesablama Palatasına səlahiyyət veririk ki, o cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə bu barədə müvafiq orqana məlumat verir və ya Respublika Baş Prokuroluğuna göndərir. Burada artıq Hesablama Palatasına seçim səlahiyyəti verilir və nəticədə palata hüquqpozmalar barədə məlumatları prokurorluğa göndərməyə bilər, müvafiq orqana göndərər. Nəzərə almaq lazımdır ki, əgər hüquqpozmalar cinayət xarakterlidirsə, onsuz da müvafiq orqan bu barədə məlumatları yenə də Baş Prokurorluğa göndərəcək. Bu zaman isə qiymətləndirməni Hesablama Palatası yox, müvafiq orqan müəyyənləşdirəcək ki, baç verən hüquq pozuntusu cinayət xarakterlidir, yoxsa yox. Əksər hallarda hansısa qurumun rəhbərliyinin məlumatı olmadan korrupsiya əlamətləri olan cinayətlər çox az baş verir. İndi rəhbərliyə məlumat verəcəklər ki, sənin sahəndə yoxlama apardıq və burada cinayət xarakterli əlamətlər var. Deyəcəklər ki, indi özün bax, istəyirsən prokurorluiğa göndər, istəyirsən göndərmə. Hesab edirəm ki, bu dəyişiklik korrupsiyaya qarşı mübarizənin effektivliyini aşağı salacaq. Biz burada Hesablama Palatasını məsuliyyətdən azad edirik və sui-istifadə hallarının yaranmasına, qanunun pozulmasına şərait yaratmış oluruq. Bir daha söyləyirəm ki, qanunlar Cinayət Məcəlləsi ilə ziddiyyət təşkil etdikdə bizim qanunvericilik sisteminə görə, Cinayət Məcəlləsi üstün hüquqi qüvvəyə malikdir. Düşünürəm ki, buna yol vermək olmaz. Cinayət törədən şəxslərlə bağlı prokurorluğa məlumat verilməli və onlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Sənəddə açıq qeyd olunur ki, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə döblət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istfadə edilməsinə nəzarəti həyata keçirilməsi zaman inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materiallar müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanlarına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilir. Burada "ya" çıxarılmalı və "və Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir" kimi deyə qeyd olunmalıdır". Əks halda bəzi cinayət törədən şəxslərin cinayət məsuliyyətindən azad olunması, məsuliyyətdən kənarda qalmasına şərait yaradırıq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31