Vətəndaş cəmiyyətləri hüquqi övlət quruculuğunda mühüm rol oynayır
Azərbaycanda həyata keçirilən demokratik islahatlardan biri də azad fəaliyyətə malik vətəndaş cəmiyyətlərinin formalaşmasıdır. Elə bu səbədən də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da inkişaf etdirilməsi prioritet hesab olunur. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası bu məqsədlə görülən işlərin mahiyyətini təşkil edir.
10 Oktyabr 2017 17:19 SosialAzərbaycanda həyata keçirilən demokratik islahatlardan biri də azad fəaliyyətə malik vətəndaş cəmiyyətlərinin formalaşmasıdır. Elə bu səbədən də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da inkişaf etdirilməsi prioritet hesab olunur. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası bu məqsədlə görülən işlərin mahiyyətini təşkil edir. Hüquqşünas Mirzə Manafov bildirib ki, hələ müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və yüzlərlə qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı: "Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu. Ulu Öndər Heydər Əliyevin tarixi mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Bu konstitusiya dövlətçiliyimiz və həm də vətəndaş cəmiyyətimiz üçün mühüm tarixi sənəd oldu. Çünki keçmiş bütün sənədlərdə yalnız məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər, məhz 1995-ci il konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdı. Əlbəttə ki, müstəqilliyin ilk illərində ictimai birliklərin dövlət qeydiyyatına alınması bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir. Amma 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq dövlət müstəqilliyinin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Məhz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan QHT sistemi bu günümüzdə də inkişaf etməkdə, fəaliyyətini daha da genişləndirməkdədir. QHT-lərin inkişafı istiqmətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətləri üçün yaradılan imkanlar deməyə əsas verir ki, ölkədə üçüncü sektorun perspektivi var: "Məlum olduğu kimi cəmiyyətimizdə savadlı, ziyalı, təşkilatlanmış, təhsilli, eləcə də xaricdə təhsil almış gənclərimiz mövcuddur. Ümumiyyətlə cəmiyyətimizdə müxtəlif təbəqələr var və bütün bu insanların vətəndaş cəmiyyətinin işində yaxından iştirak etməsi, bura cəlb edilməsi məqsədi ilə biz işimizi daha daha da inkişaf etdirməli, təşkilatlanmalı və geniş iş aparmalıyıq. Bunları həyata keçirmək üçün isə dövlət dəstəyi vacibdir. Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş cəmiyyətinə daha çox etibar etməsidir. Hesab edirəm ki, dövlət sosial sifarişləri daha çox QHT-lərə verilməlidir. Bu vasitə ilə üçüncü sektorun dövlət proqramlarının icrasına daha geniş cəlb olunmaqla burada balansını artırmaq lazımdır. Bu yeni iş yerlərinin açılması ilə bərabər, eyni zamanda dövlət vəsaitinin əldə edilməsi və işin daha da gücləndirilməsi, səmərəliliyin artırılması deməkdir. Bütün bunlar eyni zamanda vətəndaş cəmiyyətinin səfərbər edilməsi anlamını daşıyır". Hüquqşünas Azad Rzayev qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir: "Son 10 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 2 dəfə artaraq, hazırda 3 mini ötüb. Onlardan 500-ə yaxını, bilavasitə insan hüquqları və hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatlarına son illərdə kifayət qədər vəsait ayrılıb. Təhlillər göstərir ki, qrantların təxminən 58 faizi məhz yerli donorlar tərəfindən verilib. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək, uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır. Məhz Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib". Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətlərinin azad və şəffaf fəaliyyəti siyasi plüralizmin bariz nümunəsi kimi göstərilir: "Çünki, ölkəmizdə vətəndaş cəmiyyətləri heç bir maneə ilə üzləşmədən, məhdudiyyətlərə məhrum olmadan, azd və şəffaf şəkildə fəaliyyətdə bulunurlar. Üstəlik bu sektorun normal şəaliyyəti məqsədilə qanunvericilik bazası yaradılıb, dövlət tərəfindən hər cür dəstək və qayğı ilə əhatə olunub. Vətəndaş cəmiyyətləri də adekvat olaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək dövlətin tərəfdaşlarından birinə çevriliblər. Qeyd edək ki, vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara və əxlaqa hörmət edilir. Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur". Hüquqşünas hesab edir ki, hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox əhəmiyyətli rol oynayır: "Hüquqi dövlət qanunun aliliyini, insan hüquq və azadlıqlarını, hər kəsin qanun və məhkəmələr qarşısında bərabərliyini təmin edir. Hüquqi dövlətin effektiv fəaliyyət göstərməsi onun bərabərhüquqlu tərəfdaşının olması ilə şərtlənir. Belə tərəfdaş kimi isə vətəndaş cəmiyyəti çıxış edir. Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin daha səmərəli fəaliyyət göstərməsinə yardım göstərir, eyni zamanda dövlət maraqları ilə cəmiyyətin və vətəndaşların maraqlarını uzlaşdırır. Beləliklə, cəmiyyətin harmonik inkişafına zəmin yaradır. Vətəndaş cəmiyyəti dövlətin ictimai maraqlara xidmət etməsini təmin etməklə, demokratik idarəçilik prinsipləri, siyasi plüralizm, iqtisadi azadlıqların qorunmasının keşiyində durur. Vətəndaş cəmiyyəti institutları cəmiyyətdəki proseslərin idarə olunması, yeni çağırışlara adekvat cavab verilməsi məsələlərində dövlətin məsuliyyətini bölüşür və cəmiyyətlə dövlətin əks-əlaqəsini təmin edir. Vətəndaş cəmiyyəti dövlətin maraqları üçün vətəndaş təşəbbüslərini səfərbər edir. Vətəndaş cəmiyyəti qanunçuluq prinsipinin dövlətin bütün fəaliyyətində hakim olması üçün çalışır, bununla bərabər, vətəndaşların da qanunlara riayət ruhunda tərbiyə olunması üçün fəaliyyət göstərir. Bu isə şübhəsiz ki, hüquqi dövlət quruculuğunun əsas prinsipidir".
Xatırladaq ki, Azərbaycan dövləti "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını qəbul edib. Sənəddə QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Hesab edilir ki, QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik və bacarığa yiyələnməsi, ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir