Tanrı məni xoşbəxt ulduz altında yaradıb...

“Aprel döyüşlərinin ab – havası, qələbəsi mənə bu kitabı yaratmağa, yazmağa güc verdi. Məndən başqa yazanlar oldu. Amma onlar bu yolu sona qədər gedə bilmədilər. Bilirsiniz, necə ağırdı şəhid anaları, ailələri ilə görüşmək, dərdləşmək. Onlarla həmsöhbət olmaq. Elə analar var ki, heç dərdini danışa bilmir. Sadəcə onun üzünə baxıb,yaşadıqlarını, ürəyindən keçənləri təsvir etməlisən.

"Aprel döyüşlərinin ab - havası, qələbəsi mənə bu kitabı yaratmağa, yazmağa güc verdi. Məndən başqa yazanlar oldu. Amma onlar bu yolu sona qədər gedə bilmədilər. Bilirsiniz, necə ağırdı şəhid anaları, ailələri ilə görüşmək, dərdləşmək. Onlarla həmsöhbət olmaq. Elə analar var ki, heç dərdini danışa bilmir. Sadəcə onun üzünə baxıb,yaşadıqlarını, ürəyindən keçənləri təsvir etməlisən.

Bu kitabda təkcə şəhidlərimizin həyatı yox, onların qəhrəman obrazları var. Gənclərimiz Aprel qəhrəmanlarımıza baxıb, qəhrəmanlıqlar öyrənməlidirlər. Bu kitabın qəhrəmanlıq kitabı olmasını istəyirəm..." - bu sözləri Aprel qəhrəmanlarımıza - şəhidlərimizə həsr olunan "Qalibiyyət: Şahidlər və şəhidlər" kitabının müəllifi,  jurnalist Aida xanım Eyvazlı deyir.

"Mən fikirləşməmişdim ki, aprel ayında belə bir kitab yazacam. Aprel döyüşləri özü bu mövzunu mənə verdi. Bu mənim şəhidlərimizdən olan ilk işim deyil. 90 - cı illərin müharibəsində 200-ə yaxın Sumqayıt şəhidinin həyatını qələmə almışam. Onların hər birinin ailəsinə gedərək, analarının dərdinə şərik olmağa çalışırdım. Amma kitab halında Aprel döyüşçülərindən yazdım. Çünki onlar bizə qələbə hissini yaşatdılar... Alınmış torpaqları bir daha geri vermədilər. Əvvəllərdə torpaqlarımız alınırdı. Amma hansısa siyasi güclər tərəfindən yenidən geri qaytarılırdı. Bu qəhrəman oğullarımız torpaqlarımızı heç bir siyasi oyuna qurban vermədilər. QƏHRƏMANDILAR. Həmin gün tək onlar yox,əsgərlər üçün hər gün xörək bişirən analarımız da qəhrəmandılar. İnşallah o analarla da görüşəcəm".

Aida xanım hər zaman qəhrəmanları sevdiyini bildirir. "Mənim qəhrəmanım ən əvvəl xaqanlar olub, padşahlar olub. Ən çox sevdiyim xaqan Şeyx İbrahimxəlil olub. Böyük diplomat olub, Azərbaycanı parçalamaqdan qoruyub. Azərbaycan adlı qüdrətli dövləti yaradıb. Mənim sevdiyim dövlət başçısı Əmir Teymur olub. Dünyada heç bir kommunikasiya sistemi olmayanda, 27 dövləti bir bayraq altında birləşdirməyi bacarıb.

Sevimli qəhrəmanlarımdan biri də Şamil Basayev idi.  Və ona sevgimlə mən Çeçenistana gedib, ondan müsahibə almışdım. Barbar bir döyüşçü deyildi. Çox savadlı, intellektual insan idi. Vətəninin, millətinin azadlığı uğrunda vuruşurdu. Həqiqətən də azadlıq çarçısı idi. Neyləmək olar ki, güclər həmişə kiçik azadlıq istəyənləri boğurlar. Biz də o vəziyyətdəyik...

Əslində bizim torpaqlarımızı ermənilər işğal etməyib, böyük güclər, qüvvələr işğal ediblər. 2004 - cü ildə Azərbaycan prezidenti, ulu öndər Heydər Əliyev Özbəkistana rəsmi dövlət səfərində idi. Həmin səfərdə mən də çalışdığım telekanalı təmsil edirdim. O zaman İslam Kərimova belə sual verdik ki, Qarabağ probleminin həllini nədə görürsünüz? Özbəkistan prezidenti İslam Kərimov cavabında bildirdi ki, Qarabağ problemi Azərbaycanın problemi deyil. Bu ikinci, üçüncü dövlətlərin əlində bir vasitədi. Bizim özümüzə qalsa, bütün dünya bilir ki, Qarabağ tarixən Azərbaycanın torpağıdı.

Bəli, Qarabağ Azərbaycanın torpağıdı. Bizim oğullarımız tarixən torpağımız uğrunda canlarından keçiblər.

Aida xanım "Qalibiyyət: Şahidlər və şəhidlər" kitabında Aprel döyüşünün xronologiyasını tərtib edib. Burada cənab prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşləri ilə bağlı çıxışları, vitse - prezident xanım Mehriban Əliyevanın şəhid ailələri, anaları ilə olan görüşü,

müdafiə naziri Zakir Həsənovun çıxışları ardıcıl olaraq yer alıb. Həmçinin, Aprel döyüşləri zamanı ölkəmizə dəstək verən dünyanın nəhəng siyasi qurumları, medialarının adları hallanır.

Aprel döyüşündə həlak olan şəhidlərimizin ədəbiyyatımızda geniş şəkildə təbliğ olunmamasından narahatdır Aida xanım. "Bizim vaxtımızda,ədəbi qəhrəmanlarımız vardı, ədəbiyyat oxunurdu. Onları sevir, öyrənir, haqqlarında inşalar yazırdıq. İndi məktəblilər inşa yaza bilmirlər. İndi uşaqlar qəhrəman obrazlarını xarakterizə edə bilmirlər. Biz bütün bunları kitablardan öyrənmişdik. Dünyada nə də qalmasa, kitablar qalır. Hətta 3 min il əvvəlin daş kitabələri günümüzə qədər gəlib. Ordan tariximizi, qəhrəmanlarımızı öyrənə bilirik. Kitab, yazı həmişə tarixdə qalır.

Amma Aprel döyüşlərimiz haqqında romanlar, əsərlər yazılmadı. Bəlkə, şeir yazan oldu. Amma ədəbi povest, roman yazılmadı. Birdənə Samir Kaçayevin həyatından dram əsəri yazıldı. Və Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyuldu. Çox da gözəl hazırlanmışdı. Biz Həzi Aslanovu, Mehdi Hüseynzadəni ədəbi əsərlərimizdən tanıdıq, sevdik. Əvvəllər hər biri yazıçının qarşısına Yazıçılar İttifaqı plan qoyurdu və ona görə də ədəbi əsərlərdə müharibələr təsvir olunur, qəhrəman obrazlar yaradılırdı. Müharibə tarixə çevrilib, kitablarda yaşadı, qaldı...

Təəssüf ki, bu gün şəxsi maraqlarını güdənlər çoxdu. Mən bu kitabı heç bir maliyyə yardımı almadan yazdım. Kitab Cavanşir Feyziyevin maddi dəstəyi ilə nəşr olundu.

Hazırda kitabın II cildi üzərində işləyirəm. Kitabın birinci cildində çap və dizayn işlərində Rafiq müəllim mənə çox böyük dəstək oldu. Bu kitabda həm şahidlər, həm də şəhidlər danışır. Gənclərimiz şahidlərimizlə - qəhrəmanlarımızla da tanış oldular. Kitabda laylalarımız, bayatılarımız, qədim tariximizdən məlumatlar var. Bu kitab adi, sıradan bir kitab deyil. Çox istərdim ki, nazirliklər də bu kitabla maraqlansınlar, diqqət ayırsınlar.

Aida xanım bildirdi ki, Aprel döyüşləri bu gün də körpə uşaqların dillərindədi. Vətənpərvərlik heç vaxt bu qədər təbliğ olunmamışdı. İnsanlarda əsgərlərə, zabitlərə qayğı, hörmət yarandı. Bayrağa olan sevgimiz daha da artdı, bayraq sevgisini yenidən yaşadıq. Aprel döyüşləri bizim ölmüş ruhumuzu dirçəltdi. Bu döyüşlər göstərdi ki, bizim qığılcımımızdan alov doğar. Aprel döyüşləri həqiqətən də xalqın milli ruhunun göstəricisi idi.

Tanrım qəhrəman oğullarımıza ölümün ən gözəlini qismət elədi. Çünki, onlar torpaq üçün həlak olublar, şərəflə həlak olublar. Onların hamısı tanrı dərgahındadı.

Həmin gün tanrı əsgərlərimizə başqa güc,ruh verdi. Deməli, zaman bu zaman imiş. Aprel döyüşləri bizim qəhrəmanlıq tariximizə yazıldı.

Söhbətini nikbin sonluqla bitirir Aida xanım: "İnanıram ki, tez bir zamanda xarici güclər bizdən əl çəkəcək. Mən çox xoşbəxtəm ki, vətənimin qalibiyyət kitabını yazdım. Tanrı məni xoşbəxt ulduz altında yaradıb. Allah bir ovuc torpağını qədrini bilməyi hər kəsə nəsib etsin . Bax o bir qarış torpaq üçün yaşayıb, ölməyə dəyər"...

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31