Kriminal meylli insanlar hərəkətlərini tənzimləyə bilmir

Ölkənin hüquq-mühafizə orqanlarının gərgin əməyi, həyata keçirilən operativ əməliyyat tədbirlərinə rəğmən cinayətkarlıq hallarının da artım tendensiyası müşahidə edilir. Bəzən yüngül, bəzən isə həddən ağır cinayət hallarının baş verməsinə günümüzdə təəssüflər olsun ki, tez-tez rast gəlinir.

Zaman Bünyatov: " Açılmamış işlərin böyük bir hissəsi gizli şəraitdə törədilən cinayətlərdir"

Ölkənin hüquq-mühafizə orqanlarının gərgin əməyi, həyata keçirilən operativ əməliyyat tədbirlərinə rəğmən cinayətkarlıq hallarının da artım tendensiyası müşahidə edilir. Bəzən yüngül, bəzən isə həddən ağır cinayət hallarının baş verməsinə günümüzdə təəssüflər olsun ki, tez-tez rast gəlinir. Düzdür, bu kimi cinayətlərin üstü bir çox hallarda açılsa, lazımı tədbirlər görülsə də, lakin hələ də açılmayan cinayətlər var və bu bir problem olaraq qalmaqdadır. Elə Korrupsiyaya qarşı Mübarizə və İnsan Hüquqları İnstitutunun sədr müavini, sabiq polis əməkdaşı Zaman Bünyatov deyir ki, son illər Azərbaycanda baş verən cinayətlərin müəyyən bir hissəsi açılmamış qalır. Onun sözlərinə görə, belə cinayətlər arasında ölüm halları, oğurluq, quldurluq faktları ilə bağlı cinayətlər üstünlük təşkil edir: "Təkcə son bir il müddətində uzun müddət diqqət mərkəzində olan onlarla belə cinayət işi açılmayıb". Zaman Bünyatov hesab edir ki,  açılmamış işlərin böyük bir hissəsi gizli şəraitdə törədilən cinayətlərdir: "Dünyada qlobal krizisin nəticəsi olaraq cinayətlərin də sayında  artım qeydə alınıb. Bütün ölkələrdə gərginlik var və Azərbaycan da təbii ki,  kənarda qalmayıb. Həmin gərginlik isə ümumi münasibətlərdə özünü göstərir. Əlbəttə bu gərginlik, iqtisadi problemlər cinayətlərin artmasına səbəb olur. Nəticədə kriminal meylli insanlar hərəkətlərini tənzimləyə bilmir".  Korrupsiyaya qarşı Mübarizə və İnsan Hüquqları İnstitutunun sədr müavininin sözlərinə görə, baş vermə şəraitinə görə cinayətləri iki qrupa ayırmaq olar: "Açıq şəraitdə və gizli şəraitdə törədilən cinayətlər. Açıq şəraitdə baş verən cinayətlər polis orqanları tərəfindən təcili qeydiyyata alınır və guya açılması barədə görüntü yaradılır. Gizli şəraitdə törədilən cinayətlərin açılması isə onlar üçün çətinlik törədir. Xüsusilə, qəsdən adam öldürmə, quldurluq və oğurluq cinayətlərinin böyük bir hissəsi açılmamış qalır. Həmin cinayətlərin açılması üçün polisdən, xüsusilə polisin əməliyyat xidmətindən yüksək peşəkarlıq tələb olunur. Hal-hazırda bizim polisin əməliyyat və məxfi əməliyyat xidmətinin gizli şəraitdə baş verən cinayətlərin açılması yönundə peşəkarlığı zəifdir". Zaman Bünyatovun sözlərinə görə, polisdə peşəkarların sayı getdikcə azalır: "Bəzən pislənilsə də, sovet dövründə əməliyyat xidməti və məxfi əməliyyat xidmətində kifayət qədər peşəkarlıq var idi. Amma sonradan polisin komplektləşdirilməsi adı altında bəzi neqativ hallara yol verilib. Polisin komplektləşdirilməsində qohumbazlıq, yerlibazlıq, doğmalıq amilləri ön plana çəkilib. Polis orqanları bu prinsiplər əsasında komplektləşdirildiyindən peşəkarlıq arxa plana keçib. Peşəkarlar isə yavaş-yavaş polis orqanların kənarlaşdırılıb. Nəticədə məxfi əməliyyat xidmətində peşəkarların sayı azalıb. Bunun nəticəsidir ki, hazırda gizli şəraitdə baş verən cinayətlərin bir hissəsi açılmır. Hazırda bu sahədə müəyyən dəyişliklər edilsə də, ciddi islahatların aparılmasını görmürük. Halbuki çox da uzağa getmədən qonşu Gürcüstanın təcrübəsindən yararlanmaq olar". Zaman Bünyatov bildirib ki,  qısa müddətdə Gürcüstanda polis sistemində ciddi islahatlar aparıldı: "Aparılan keyfiyyətli struktur islahatlar nəticəsində Gürcüstanda polis orqanları işində ciddi irəliləyiş əldə edildi. Əgər cinayətlərin böyük bir hisəssi açılmırsa, demək hüquq-mühafizə orqanlarının işlərinin keyfiyyəti azalıb. Buna görə də islahatlar, yeniləşmələr aparılması zəruridir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31