KİV rəhbərlərinin Naxçıvana səfəri davam edir

Artıq iki gündür ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərləri Naxçıvan Muxtar Respublikasında səfərdədirlər. Kütləvi informasiya vasitələri rəhbərlərinin Muxtar Respublikaya səfərinin ikinci günü də bir sıra maraqlı görüşlərin keçirilməsi ilə yadda qalıb.

Media nümayəndələri bir sıra görüşlər keçiriblər

Artıq iki gündür ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərləri Naxçıvan Muxtar Respublikasında səfərdədirlər. Kütləvi informasiya vasitələri rəhbərlərinin Muxtar Respublikaya səfərinin ikinci günü də bir sıra maraqlı görüşlərin keçirilməsi ilə yadda qalıb. Belə ki, media nümayəndələri səfərin ikinci günündə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad qəsəbəsi ilə tanış olublar. Qəsəbənin tarixi barədə kütləvi infomasiya vasitələri rəhbərlərinə ətraflı məlumat verilib. Heydərabad qəsəbəsi barədə kütləvi informasiya vasitələrinin rəhbərlərinə ətraflı məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, Heydərabad qəsəbəsi düşmənlə hava xətti ilə 500 metr məsafədə yerləşir. O, qəsəbənin 1990-cu ildən döyüş meydanına çevrildiyini, 1992-ci ildən sakinlərin öz evlərindən köçürüldüyünü söyləyib. Yusif Seyidov bildirib ki, yerli sakinlər atəşkəsdən sonra öz evlərinə qayıtsa da, lakin həmin dövrdə  yaşayış binaları bərbad vəziyyətdə idi. İcra Hakimiuyyətinin başçısının müavini deyib ki, bütün bunlar nəzərə alınaraq Heydərabad qəsəbəsi 2010-cu ildən tam yenidən qurulub. Nəticə etibarilə qəsəbədə 84 yeni yaşayış mənzili tikilərək və yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Yusif Seyidov diqqətə çatdırıb ki,  hazırda qəsəbədə 450 sakin yaşayır: "Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər öz evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axını ilə davam edir". Sonra media nümayəndələri Sədərək rayon ərazisindəki tabor mərkəzində əsgərlərlə görüşüblər. KİV nümayəndələri əsgərlərə yaradılan şərait, tabordakı ümumi vəziyyətlə yaxından tanış olub, Vətənin keşiyində dayanan hərbiçilərlə səmimi söhbət ediblər.

Media nümayəndələri Sədərək rayonunda  Heydərabad Tarix Diyarşunaslıq muzeyində də olublar. Muzeyin bələdçisi KİV rəhbərlərinə orada saxlanan tarixi sənət əsərləri, qədim alətlər barədə məlumat verib. Bildirilib ki, Heydərabad Tarix Diyarşünaslıq muzeyi son illərdə təmir edilərək istifadəyə verilib. Qeyd olunub ki, rayon ərazisinə qonaq gələn şəxslərin üz tutduğu tarixi məkanlardan biri də məhz Heydərabad Tarix Diyarşunaslıq muzeyi olur.

Kütləvi informasiya vasitələrinin rəhbərləri Sədərək rayonuna səfəri çərçivəsində Sədərək kəndindəki yeni məktəb binasına da baxış keçiriblər. Qonaqlara məlumat verilib ki, məktəb binasında şagirdlərin müasir təhsil proqramlarına yiyələnməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə hər bir şərait yaradılıb. Bundan başqa məktəb müasir tədris texnologiyaları, komputer və laboratoriya avadanlıqları ilə təmin edilib. 

Sədərək rayonundan sonra kütləvi informasiya vasitələri rəhbərləri Şərur şəhərində olublar. Burada media nümayəndələri "Bahar" Kinoteatrı, 2 nömrəli tam orta məktəb, Fizika-Riyaziyyat Təmayüllü Lisey, Texniki Peşə və Sürücülük Məktəbi, Şərur Olimpiya İdman Kompleksi ilə tanış olublar. Qonaqlara adı çəkilən təhsil müəssisələrində yaradılan şərait, təhsilin keyfiyyətinin artırılması istiqamətində məktəblədə görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılılğı ilə Muxtar Respublikada səfərdə olan media nümayəndələri səfərin ikinci günündə həmçinin  Kəngərli rayonunun Qıvraq qəsəbəsində də olublar. Qonaqlar qəsəbədə fəaliyyət göstərən uşaq bağçası, Şahtaxtı kənd tam orta məktəbinə baş çəkib, burada yaradılan şəraitlə tanış olublar. Həmçinin nümnayəndə heyəti Şahtaxtı-Poldəşt Gömrük Keçid Məntəqəsinə də baxış keçiriblər. Burada kütləvi informasiya vasitələri nümayəndələrinə Gömrük Keçid Məntəqəsinin gündəlik fəaliyyəti, bu sahədə işin səmərəli qurulması məqsədilə məntəqədə yaradılan şərait, eləcə də Gömrük Məntəqəsindən istifadə edən vətəndaşların rahatlığının təmin edilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib. Həmçinin media rəhbərləri Şərur rayon ərazisindəki "Qarabağlar" Türbə Kompleksində həyata keçirilən bərpa işləri ilə tanış olublar,

Muxtar Respublikaya səfər çərçivəsində kütləvi informasiya vasitələrinin rəhbərləri Naxçıvanın Sənaye kompleksinə baxış keçiriblər. Belə ki, səfərin ikinci günü nümayəndə heyəti Naxçıvan Avtomobil Zavodunda olublar. Media nümayəndələri burada zavodun fəaliyyəti, istehsal gücü, Azərbaycan bazarına çıxardığı məhsullarla tanış olub, NAZ-Lifan avtomobillərinin istehsal prosesi ilə maraqlanıblar. Zavodun rəhbərliyi qonaqlara Avtomobil Zavodunun səmərəli fəaliyyəti, malik olduğu imkanlar barədə məlumat verib. Kütləvi informasiya vasitələri rəhbərlərinin Muxtar Respublikaya səfəri davam edir.

Məlumat üçün bildirək ki, may ayının 31-də ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə   Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Üç günlük səfər çərçivəsində media nümayəndələrinin Muxtar Respublikada bir sıra görüşləri nəzərdə tutulub.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31