Nigar Adil yazır... Üzünüzdən çox, gözləriniz gülsün, mələklərim mənim...

Son zamanlar sosial şəbəkələrdən səbirli anaların videoları üstünlük təşkil edir. Məsələn, uşaq rəngli boya ilə divarın bir hissəsini özü istədiyi kimi boyayır, digəri palçıqlı suda uzanır, üst – başı, sifəti palçıqlı su ilə rənglənir. Həmişə bu videolara baxnda özümü bir anlıq həmin anaların yerinə qoyuram və özümə sual verirəm: “sən bu vəziyyətdə nə edərdin?”

Nigar Adil

Üzünüzdən çox, gözləriniz gülsün, mələklərim mənim...

Son zamanlar sosial şəbəkələrdən səbirli anaların videoları üstünlük təşkil edir. Məsələn, uşaq rəngli boya ilə divarın bir hissəsini özü istədiyi kimi boyayır, digəri palçıqlı suda uzanır, üst - başı, sifəti palçıqlı su ilə rənglənir. Həmişə bu videolara baxnda özümü bir anlıq həmin anaların yerinə qoyuram və özümə sual verirəm: "sən bu vəziyyətdə nə edərdin?"

Əslində, özümü bilirəm axı. Bu halda ilk edəcəyim iş uşağın üstünə qışqırmaq olacaq: sən neylədin, divarı niyə bu günə qoydun, üst-başını niyə kirlətdin, ağzına çirkli su getdi, SƏN NEYLƏDİN??? - kimi suallarla dilimin "soyuq silaha" dönüb uşaqlarımın xəyallarını, təsəvvürlərindəki rəngli dünyanı xarabalığa çevirəcəyinin fərqindəyəm...

Və bu heç vaxt bilərəkdən olmayacaq... Çünki daha sonra o divara baxıb ağlacayağımı bilirəm. Həmin çirkli paltarlar paltaryuyan maşında fırlanıb, o yumru şüşədən gözümə sataşanda, o çaka-çak səsi başımı aparanda da  özümü bağışlamayacağımı bilirəm... Bütün bunların niyə baş verəcəyini isə heç vaxt BİLMƏYƏCƏM.

Sonra... sonra onlar yatanda onlara baxıb ağlayacam, özümə "dünyanın ən pis anası" nominasiyası verib, cəzalandıracam. Otağıma çəkiləcəm, bildiyim, bilmədiyim bütün sualların cavabına susacam. Oyatmaq istəməyib onların yuxusundan öpəcəm. Məni bağışlamalarını istəyəcəm. Saçlarını öpəcəm, bulaşdırdıqları üz-gözlərini sığallayacam. Sonra onlar yuxudan ayılacaq. "Sabahın xeyir" deməmişdən əvvəl onlara bərk -bərk sarılacam. Amma, yenə də "bağışla məni" deyə bilməyəcəm... Onların dağılmış dünyalarını gözlərində görəcəm, utanacam.

Bu baxışların daha heç nəyi geri qaytarmayacağını, əslində, biz üçümüz də biləcəyik. Və ona görə də susacağıq... Onlar mənim sarılmamdan artıq anlayacaqlar hər şeyi... Bəlkə də o zaman mənim bu mənəvi cəzam da "azad"lığına qovuşacaq, bəraət qazanacaq. Axı mən nə etmişdimsə, sevgimdən, narahatçılığımdan, bəlkə də biganə qala bilmədiyimdən etmişdim. Bilirəm, o xarabalıq heç vaxt əvvəlki qədər gül - çiçəkli olmayacaq, onların gözləri həmişəki kimi gülməyəcək. Xoşbəxt olmalarını arzuladığım uşaqlarımın xoşbəxtliyinə ən böyük mane özüm olacam... Qorumaq istəyim hər şeyi bərbad edəcək, onların rahatlığını əlindən alacaq mənim narahatlığım. Ona görə bu cür görüntülərə özüm daha çox baxıram, amma onların baxmasını istəmirəm...

Bu, çox uzun çəkməyəcək, sadəcə bir müddətlik olacaq, mələklərim mənim. Uşaqlar tez böyüyür axı. İnanın mənə, özümü bu yöndə tərbiyələndirəndən sonra evimizin bütün divarları, dünyanın bütün palçıqlı suları, söküb-dağıtmaq istədiyiniz bütün oyuncaqlar sizin olacaq. Əminəm ki, bu halda olan ana təkcə mən deyiləm. Bizim cəmiyyətdə yaşayan bir çox analar bu cür reaksiya verəcək. Yox, qətiyyən özümə haqq qazandırmaq üçün dəstəkçi axtarmıram. Amma bu qədər sosial problemlərin içində səbirli, təmkinli olmaq həqiqətən də böyük qəhrəmanlıqdı. Nə yaxşı ki, bu gün belə qəhraman analar var. Bəzən, belə qəhrəmanlardakı səbrə, sosial problemlərdən qaçma gücünə heyran oluram. Bir ana əlbəttə səbirli olmalıdı. Amma qəhrəman adlandırdığım insanların bu mövzuda səbirlərinə "sonsuz səbr" deyirəm.O "sonsuz səbr"dən özümə və bütün analara pay istəyirəm.  Daha xarabalıqlar yaratmayaq, qoruduğumuzu zənn edərək  mələklərimizi incitməyək... Altşüurumuzdan bizlərə edilən bu basqını üzərimizdən dartıb çıxardaq, rədd edək. Hər kəsə - uşaqlara, böyüklərə rahat, arzuladıqları kimi, yarğılamadan yaşamalarına imkan yaradaq. Beyinlərimizi yuyaq, qəlbimizdəki şərləri, həyatımızdakı amansız şərtləri qovaq, heç kimi qınamayaq. Hər kəsə yaşadığı sevgisi, etdiyi səhvləri, qazandığı uğurları ilə xoşbəxt olmasına kömək edək. Bunu necə edəcəyik? Qəlbimizdəki bütün hisslərə az da olsa sevgi qataraq. Hər yeməyə atdığımız azca duz, hər bulkaya atdığımız azca şəkər kimi...

Onların üzlərini güldürməkdən çox, gözlərini güldürməyə çalışaq...

Mənim mələklərim, üzünüzdən çox, gözləriniz gülsün. Siz gözlərinizlə baxırsınız. İndi sizin qəlbiniz də gözlərinizdi. Əlbəttə, səhvləriniz də olacaq. O səhvlər ki, sizə düzləri öyrədəcək. O səhvlər ki, sizə məktəb, dərs olacaq, hamının hər zaman gözəl niyyətli olmadığını anlayacaqsınız. Olsun! Yetər ki, bu dünyada hər şey sizin ürəyinizcə, könlünüzcə olsun...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31