İşləyən valideynlər üçün hansı imtiyazlar nəzərdə tutulur?

Azərbaycan qanunvericiliyinə görə hər iki valideyin övladları qarşısında eyni məsuliyyət daşıyır, eyni vəzifələrə sahibdirlər. Bununla yanaşı əmək qanunvericiliyi uşağa baxmaqdan ötrü valideyinlər üçün xüsusi imtiyazlar müəyyən edir ki, həmin imtiyazların bir çoxunda qadınlar daha şanslıdır.

Qadınlara müəyyənləşdirilən üstünlüklər kifayət qədər genişdir

Azərbaycan qanunvericiliyinə görə hər iki valideyin övladları qarşısında eyni məsuliyyət daşıyır, eyni vəzifələrə sahibdirlər. Bununla yanaşı əmək qanunvericiliyi uşağa baxmaqdan ötrü valideyinlər üçün xüsusi imtiyazlar müəyyən edir ki, həmin imtiyazların bir çoxunda qadınlar daha şanslıdır. Üstəlik həmin qanunların icrasına cavabdehlik daşıyan  qurumların məsuliyyət məsələsi də müəyyən edilib. Hazırda isə Azərbaycanda hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozmaya görə cərimələr artırılır. Məlumata görə, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv edənlər 2000 manatdan 3000 manatadək miqdarda cərimələnəcəklər. Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir. Maraqlıdır, niyə övladları qarşısında eyni məsuliyyət və vəzifəni daşıyan valideyinlərə müxtəlif imtiyazlar tətbiq edilir?  

Əmək qanunvericiliyinin təhlili göstərir ki, qadınlar üçün müəyyən olunan imtiyazlar və üstünlüklər kifayət qədər genişdir və bəzən bu cür üstünlüklərin əhatə dairəsinin genişliyi qadının əməkhüququnun gerçəkləşdirilməsində çətinliklər yarada bilər. Məsələn, Əmək Məcəlləsinin 240-cı maddəsi hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının fərqli xüsusiyyətlərini müəyyən edir. Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. Əlbəttə, norma özlüyündə kifayət qədər humanist olsa da, onun icrasına nəzarət etmək, işəgötürənin, məhz hamiləliyin və 3 yaşına çatmayan uşağın olması səbəbilə bağlı olmadığını sübut etmək bir qədər çətindir.

Qadınlar üçün əmək münasibətlərində üstünlüklər nəzərdə tutulmuşdur. Belə ki, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılarkən, onlara sınaq müddəti müəyyən edilmir. Hamilə və üç yaşına çatmamış uşağı olan qadınların fizioloji və psixoloji vəziyyəti işçinin peşəkarlıq səviyyəsinə, müvafiq əmək funksiyasını icra etmək bacarığına mənfi təsir göstərir, analıq vəzifəsilə əlaqədar müəssisə daxili intizam qaydalarına yüksək səviyyədə riayət etməyə, öz bilik və bacarıqlarını tamlıqla ifadə etməyə bilər. Odur ki, qanunun bu mövqeyi kifayət qədər ədalətlidir. Bundan başqa uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmurlar. Uzun müddət əmək fəaliyyətindən uzaqlaşmaq və ailə vəzifələrinin icrası işçinin peşəkarlıq vərdişlərini azaldır. Attestasiyanın məqsədi isə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına və sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaqdır. Bu mənada, qanunverici sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan işçiləri bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərə bərabər tutur və attestasiya olunmaqdan azad edir.

Qadınlar üçün nəzərdə tutulmuş digər bir imtiyaz işdə saxlanmaqda üstünlük hüququnun müəyyən olunmasıdır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların, əsgər və zabitlərin arvadlarının işdə saxlanmasına üstünlük imtiyazları anaların və uşaqların sosial müdafiəsi, ailəyə, o cümlədən hərbçi ailələrinə dövlət qayğısını ifadə edir. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınlarla, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərlə, öhdəsində sağlamlıq imkanları məhdud olan 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Ailə vəzifələrinin icrası əmək funksiyasının məzmununa, o cümlədən əmək məhsuldarlığına, işin keyfiyyətinə, işçinin işə davamiyyətinə mənfi təsir göstərməsi inkarolunmaz faktdır. Ailə vəzifələri olan bu işçilər, hətta ştatlar ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanının qərarı olduqda, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində özünü doğrultmadıqda işdə saxlanılırlar.

Əmk qanunvericiliyində hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Qısaldılmış vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr və peşələr üzrə işləyən işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir. Əmək Məcəlləsinin 241-ci maddəsi əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqini qadağan edir. Lakin şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi müəyyən istisnalarla mümkündür. Qadınların əməyinin tətbiqi qadağan olunan digər iş ağır əşyaların əl ilə qaldırılması və daşınması işləridir. Məcəllənin 241-ci maddəsinin 3-cü hissəsi qadın əməyi tətbiq olunan ağır əşyaların əl ilə qaldırılması və daşınması normalarını müəyyən edir. Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması qanunvericiliklə tənzim olunmuşdur. AR ƏM hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsini tənzimləyir. Qadınlar başqa yüngül işə keçirilərkən, onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır. Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır. Bu normalar, bilavasitə analığın qorunması və ailə öhdəliklərinin icrası üçün imkanlaryaratmağa yönəlmişdir.Göründüyü kimi, qadın əməyinin qadağan olunduğu iş yerlərinin siyahısı kifayət qədər genişdir.

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31