Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib

Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib. Bu, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın apardığı “Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi” mövzusunda apardığı tədqiqat nəticəsində məlum olub.

Bu, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın apardığı "Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi" mövzusunda apardığı tədqiqat nəticəsində məlum olub.

Tədqiqat işinin nəticəsində ilk dəfə olaraq Gəncə-Qazax bölgəsində payızlıq buğda sahələrində, həmçinin yabanı dənli bitkilərin üstünlük təşkil etdiyi təbii senozlarda böcək faunası ətraflı tədqiq edilib. Müəyyən edilib ki, bölgədə dənli bitkisenozlarında 10 fəsiləyə, 22 yarımfəsiləyə, 42 cinsə mənsub 54 növ yayılıb. Bunlardan 10 növ Azərbaycan faunasında, əlavə olaraq 16 növ isə Gəncə-Qazax bölgəsində ilk dəfə qeydə alınıb.

Gəncə-Qazax bölgəsində dənli bitki aqrosenoz və təbii senozlarında müəyyən edilən növlər rastgəlmə tezliyinə, qidalanma tipinə, bitkinin vegetativ və generativ orqanlarını zədələməsinə görə qruplaşdırılmışdır. Tədqiqatlar nəticəsində başlıca zərərverici sərtqanadlıların ilk dəfə olaraq Gəncə-Qazax bölgəsi üçün fenoloji təqvimi verilmiş, torpaqda miqrasiyası, rastgəlmə tezliyi, uçuş dinamikası və həmin növlərin payızlıq buğdaya zərəri hesablanmış, entomofaqları və qida bitkisi ilə əlaqələri müəyyən olunmuşdur.

Bu nəticələr nəinki bölgə, həmçinin Azərbaycan faunası üçün nəzəri elmi baza kimi mühüm əhəmiyyət kəsb edir. Sərtqanadlıların aqrosenoz və təbii senozlarda yayılmasının, bir sahədən digərinə miqrasiyasının, dənli bitkilərlə trofik əlaqələrinin, tədqiqat ərazisində bu faunanın ekoloji vəziyyətinin qiymətləndirilməsinin, bununla yanaşı, payızlıq buğdaya daha çox ziyan vuran növlərin bioekologiyasının öyrənilməsi, onların fenoloji təqviminin tərtibi və bitkini zədələmə həddinin müəyyənləşdirilməsi üzrə əldə edilən nəticələr zərərverici sərtqanadlılara qarşı mübarizə tədbirlərinin hazırlanmasında istifadə oluna bilər.  

Tədqiqat zamanı ilk dəfə olaraq, ekoloji göstəricilərin köməyi ilə dənli bitki senozlarında yayılmış sərtqanadlılar faunasının ekoloji analizi aparılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31