Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Kütləvi informasiya vasitələri müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır.
3 Aprel 2017 17:10 SosialMütəllim Rəhimli: "Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti davam etdirir"
Ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmin mövcud durumu, bu istiqamətdə atılan addımlar, eləcə də gələcək perspektivlər barədə Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədriMütəllim Rəhimlinin "OLAYLAR"-a müsahibəsi
-Mütəllim bəy, bu gün Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?
- Kütləvi informasiya vasitələri müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. 1998-ci il avqust ayının 6-da Prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu, digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" təsdiq olunub. Konsepsiyaya uyğun olaraq 2009-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan-qəzet və jurnal fəaliyyət göstərir. Bütün bunlarla yanaşı jurnalist fəaliyyəti heç kimi məsuliyyətdən və ya məhkəmə istintaqından azad etmir. Demokratiya cəzasızlıq demək deyil. Jurnalistika insanlara, cəmiyyətin inkişafına xidmət göstərməli, heç bir zaman biznesə çevrilməməlidir. Şübhəsiz, media azadlığı demokratik cəmiyyətin göstəricisidir. Media azadlığı insan heysiyyətinin və hüquqlarının manipulyasiya aləti, təzyiq üsulu kimi istifadə oluna və müəyyən dairələrin maraqlarına xidmət edə bilməz. Kütləvi informasiya vasitələrinin inkişafına yönəlmiş addımlar onun dünya media ailəsinə inteqrasiyasına və müasir inkişaf istiqamətinə uyğun cavab verəcək formada təkmilləşməsinə də təkan verir. Artıq Azərbaycanda yeni bir jurnalistika - internet jurnalistikası inkişaf etməkdədir. Əgər əvvəllər ictimai fikri telejurnalistika formalaşdırırdısa, indi bu missiyanı internet jurnalistikası öz üzərinə götürüb. Demək olar ki, Azərbaycanda da ictimai fikir sosial şəbəkələrlə formalaşır. Hansı siyasi mövqedən çıxış etməsindən, sosial statusundan asılı olmayaraq, jurnalistlər sosial şəbəkələrdə mövqelərini ortaya qoya bilirlər.
-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?
- Məlumat azadlığı ictimaiyyətin, siyasi xadimlərin, müxtəlif liderlərin və şəxslərin ideya və yanaşmaları barədə təsəvvürün yaranmasına və formalaşmasına imkan verən ən yaxşı vasitələrdən biridir. Xüsusən o, siyasətçilərə və digər şəxslərə ictimai rəyi maraqlandıran məsələləri ifadə etmək və onlar barədə şərh vermək imkanı verir. Həm də nəzərə almaq lazımdır ki, ifadə azadlığı mühüm əhəmiyyət daşıyan insan hüququdur, xüsusən ona görə ki, o, demokratiyanın bərqərar edilməsində və bütün digər insan hüquqlarının reallaşmasında mühüm rola malikdir. Media azadlığının qorunması digər insan hüquqlarının qorunmasında da böyük əhəmiyyət kəsb edir. KİV vətəndaş cəmiyyəti institutlarından biridir və Azərbaycan dövlətinin də KİV-in fəaliyyətini belə qiymətləndirdiyi görünməkdədir. Bunu hökumətin kütləvi informasiya vasitələrinin azadlığı barədə qəbul etdiyi qanunlar və həyata keçirdiyi tədbirlər də sübut edir.
-Ümumiyyətlə, digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakrerizə edilə bilər?
- Hər şeydən əvvəl qeyd edim ki, Respublikamızda fikir, söz və mətbuat azadlığının təmin edilməsi məsələləri Konstitusiyanın 47 və 50-ci maddələrində təsbit edilmişdir.Söz azadlığı 47-ci maddənin 1-ci hissəsində, mətbuat azadlığı 50-ci maddənin 2-ci hissəsində, məlumat almaq və yaymaq hüququ isə 50-ci maddənin 1-ci hissəsində verilmişdir. Konstitusiya eyni zamanda irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğatı qadağan edir. Konstitusiya ilə kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağan edilmişdir. Bu məsələlər söz azadlığının əhatə dairəsi haqqında aydın təsəvvür yaradır. Ölkəmizdə mətbuat azadlığı və informasiya əldə etmək hüquqları ilə bağlı milli qanunvericilik Avropa Konvensiyasına uyğunlaşdırılmışdır. 2009 və 2016-cı ildə Konstitusiyaya referendum yolu ilə yeni əlavələr və dəyişikliklər edildi. Bu dəyişikliklərin bir hissəsi mətbuat azadlığı ilə bağlıdır. Məlumat azadlığı qarşı tərəfin də hüquqlarına hörmətlə yanaşılmasını tələb edir. Məsələn, Konstitusiyanın 50-ci maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. "Məlumat azadlığı haqqında" qanunun 1-ci maddəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. 5-ci maddədə isə məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri müəyyən edilmişdir. Bu prinsiplər məlumat azadlığının təmin edilməsi; məlumatın açıqlığı və onun mübadiləsinin azadlığı; məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi; məlumatın axtarılması, əldə edilməsi, istifadə olunması, yayılması və qorunmasının qanuniliyi və sairdir. Bütün bunları nəzərə almadan Azərbaycanın kütləvi informasiya vasitələri sisteminə obyektiv qiymət vermək mümkün deyil. Düşünürəm ki, hər bir ölkədə media azadlığı ilk növbədə mükəmməl qanunvericilik bazasından başlayır.
-Dövlət və onun prezidenti ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətində hansl addımlar atır?
- 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü. Nəticə etibarilə son onillikdə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Dünyanın çox az ölkəsində mətbu orqanın təsis edilməsi ilə bağlı Respublikamızdakı kimi liberal qaydalara rast gəlmək olar. Televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayının artdığını müşahidə edirik. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha fəal və geniş şəkildə təmsil olunur. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti davam etdirir. Bunu yüksək qiymətləndirən mətbuat işçiləri Prezident İlham Əliyevi iki dəfə "Jurnalistlərin dostu" elan ediblər.
-Bəs bu məqsədlə mətbuata hansı imkanlar və şərait yaradılır?
-Azərbaycanda mətbuatın inkişafına xidmət edən mühüm amillərdən biri dövlətin etdiyi yardımlardır. Yaddan çıxarmaq olmaz ki, bir müddət əvvəl bir sıra qəzetlərin, o cümlədən müxalifət mətbuatının çapa görə illərdən bəri yığılmış borcları dövlətin hesabına ödənildi. Görünür, bu diqqət və qayğının nəticəsi idi ki, 2001-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü. Söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev də KİV-nin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. Dövlət başçısının mətbuata münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənir. Son dövrlər qəzetlərin borcunun ödənməsindən başlamış Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltifi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, ayrı-ayrı nazirliklərin jurnalistlər arasında müsabiqə və layihələr təşkil etməsi jurnalistlərin əməyinə yüksək qiymətin göstəricisidir. O cümlədən, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası çox təqdirəlayiq bir addımdır. Media orqanlarına hər il maliyyə yardımlarının göstərilməsi, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi bir daha sübut edir ki, mətbuata xüsusi diqqət var. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
-Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi nəyə hesablanıb və məqsəd nədir? -
-Mətbuat azadlığı cəmiyyət həyatındakı tənqidi məqamları, problemləri diqqətə çatdırmaq, qabartmaq üçün yaradılmış şəraitdir. Bu, həm də peşəkarlığın artırılması istiqamətində bəlli meyarlar tələb edən məsələdir. Özünü maarifləndirmə, özünüsenzura, fərdi elmi və mənəvi potensialı inkişaf etdirməklə sivil və demokratik ölkələrdə olduğu kimi normal, analitik jurnalistikaya keçid prosesini hazırda müşahidə etməkdəyik. Amma bütün bunların fövqündə Azərbaycan mediasının uğurlarını qeyd etmədən, onun tamamilə tənqid atəşinə tutulması artıq gizli maraqlardan xəbər verir.
-Azərbaycan mediasının gələcək perspektivlərini necə qiymətləndirərdiniz?
- Kütləvi informasiya vasitələri mənsub olduğu cəmiyyətin güzgüsüdür. Cəmiyyətin inkişafını, ictimai şüur səviyyəsini medianı izləməklə təyin etmək mümkündür. Ancaq onu da nəzərə almaq lazımdır ki, azad media cəmiyyəti də arxasınca aparmağa qadirdir. Siyasi, iqtisadi və s. sahələrdə islahatların uğurla aparılmasında və cəmiyyət tərəfindən dəstəklənməsində kütləvi informasiya vasitələrinin təsiri daha böyükdür. Bu mənada ölkəmizdə KİV-lərinin fəaliyyətini yalnız təqdir etmək olar. Azərbaycan mediası dünya mediasının inkişafına uyğun olaraq öz yolunu müəyyənləşdirməkdədir. Artıq müşahidə etdiyimiz bundan ibarətdir ki, çap mətbuatı tamamilə yeni sima əldə etməkdədir. İnformasiya texnologiyalarının inkişafı nəticəsində çap mediası əvvəlki kimi auditoriyanı operativ şəkildə informasiya ilə təmin edə bilmir. Ona görə də o artıq özünün təqdimatında yeni metod və variantlara əl atmaqdadır. İnsanların informasiya tələbatını elektron media, xüsusilə internet mediası qarşılamaqdadır. İndi cəmiyyətimiz özünü bu sistemdən kənarda təsəvvür edə bilmir. Buna görə də birmənalı şəkildə demək olar ki, Azərbaycan mediasının gələcəyi sosial şəbəkələr və internet jurnalistikası üzərində təşəkkül tapacaq. İnternet resurslarına qarşı hökumətin loyal münasibəti bir daha sübut edir ki, bu sahədə hər hansı basqılar və nəzarət sistemi yoxdur. Amma bununla belə internet mediasının sürətli inkişafı tələb edir ki, gələcəkdə bu sahədəki fəaliyyəti tənzimləyəcək qanunlar qəbul edilsin.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir