Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:09 DünyaFransa Prezidenti Emmanuel Makron ölkə iqtisadiyyatının enerji təchizatında kəskin çatışmazlıqla üzləşməyəcəyinə ümid etdiyini bildirib.
Olaylar.az xəbər verir ki, Afinada keçirilən mətbuat konfransında çıxış edən Fransa lideri enerji qıtlığı ssenarisinin hazırda real görünmədiyini vurğulayıb:
"Söhbət belə bir ssenaridən getmir, bu gün üçün o, ən çox ehtimal olunan variant deyil. Hökumət hazırkı mərhələdə vəziyyətə nəzarət edir".
Prezident dünya bazarlarındakı qiymət artımının vətəndaşlara təsir etdiyini etiraf etsə də, dövlətin preventiv addımlar atdığını bildirib:
"Dünya qiymətlərinin təsiri var və həmvətənlərimiz təəssüf ki, bunu hiss edirlər. Lakin biz sektoral dəstək tədbirləri tətbiq etmişik və xüsusilə avtomobildən intensiv istifadə edənlərin qayğısına qalmışıq. Mövcud vəziyyət hər hansı bir qıtlıq ehtimalını düşünməyə əsas vermir".
E. Makron həmçinin qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazı məsələsinə də toxunub:
"Fransa Hörmüz boğazının mümkün qədər tez yenidən açılması və danışıqları sona çatdırması üçün səylərini davam etdirir. Hamımız eyni gəmidəyik və geosiyasətin təsirini hiss edirik".