İran "qalib" çıxarsa, SEPAH-ın Zəngəzur dəhlizi planı baş tuta bilər? ÖZƏL

ABŞ və İsrailin başladığı müharibədə Azərbaycanın İrana siyasi və humanitar dəstəyi İran fars rejiminin ölkəmizə və ümumiyyətlə türk etnosuna qarşı formalaşdırdığı düşmənçilik siyasətini dəyişən deyil. İranda hakimiyyətə gətirilən Pəhləvi şah rejimi dövründən daha aqressiv forma alan fars millətçiliyi azərbaycanlılara qarşı assimilyasiya siyasəti İranda 1979-cu il "İslam İnqilabı"ndan sonra din pərdəsi ilə total etnik unutdurma formasına keçid edib. Əlbəttə, fars şovinizmi digər millətlərlə müqayisədə, xüsusilə Azərbaycan türk etnosuna qarşı daha sərt "vahid ümmət" konsepsiyasını tətbiq edib.
Danılmaz faktdır ki, İrana yapışdırılan "möhtəşəm tarix, sivilizasiya" türk tarixinin özüdür və son min ildə İran adlanan ərazidə Pəhləvi şah monarxiyasından başqa heç bir fars hökmdarı, dövlətçiliyi türk faktorundan kənar olmayıb. Farsların türk etnosuna nifrətinin kökündə məhz həmin tarixi keçmiş və qorxu dayanır ki, bu da farsların şüuraltı milli düşüncə formasını alıb.
28 fevral hücumundan sonra İranda bütün hakimiyyət tamamilə qatı antitürk düşmənçiliyi ilə seçilən SEPAH-ın əlində cəmləşib. Nə parlament sədri Qalibaf, nə də prezident Pezeşkian qərarverici siyasi fiqur, söz sahibi deyil. İrana qarşı bu günə kimi bütün hücum və müharibələrdə, eləcə də beynəlxalq arenada siyasi-diplomatik müstəvidə Azərbaycan Respublikasının verdiyi dəstəyə rəğmən, fars şovinizminin düşmən və nifrət mövqeyi dəyişməz qalır.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və işğalın saxlanmasında hərbi, siyasi-diplomatik, informasiya müharibəsində İranın Ermənistana dəstəyi, 44 günlük müharibədə isə Cəbrayılda Azərbaycan ordusuna mane olması, Ermənistana kəşfiyyat məlumatlarının ötürülməsi, separatçılara hərbi və humanitar yardım faktları inkaredilməzdir.
Hətta Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla səfəri zamanı onun hədəfə götürülməsi və fotoların SEPAH-a məxsus informasiya kanallarında yayılması Ermənistana dəstək, Azərbaycana hərbi-psixoloji təhdid faktı olaraq qalır.
Qaldı ki, ABŞ və İsrailin İranla müharibəsinə, məsələ ondan ibarətdir ki, İranın ən azı "qalib görüntüsü" ilə çıxması nəinki Körfəz ölkələri, ümumiyyətlə region üçün, xüsusilə Türkiyə və Azərbaycan kontekstində daimi gərginlik mənbəyi yaradacağı şübhəsizdir. SEPAH-ın təzyiqləri nəticəsində İran Prezidenti Məsud Pezeşkianın və parlament sədri Qalibafın sərt ritorikaya keçməsi də onu göstərir ki, SEPAH ölkədə mütləq hakim qüvvə kimi ancaq fars ideoloji konsepsiyasına söykənir.
Həmçinin məlumatlara görə, İran ABŞ-la qarşıdurmadan "qalib" çıxarsa, SEPAH regionda strateji layihələrin, xüsusilə Azərbaycanı Naxçıvanla birləşdirəcək və qlobal iqtisadi arteriyaya çevrilə biləcək Zəngəzur dəhlizi layihəsinin qarşısını almağı planlayır. ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin təsiri ilə Zəngəzur-TRIPP layihəsindən imtinası mümkündür. Onsuz da Tramp Qafqazı Putinin ərazisi kimi qiymətləndirir deyə açıqlama da verib. Yeri gəlmişkən, Trampın "Sülh Şurası" da mahiyyətindən kənarlaşır.
Ancaq ABŞ və Çinin Yaxın Şərq enerji resursları uğrunda mübarizəsi davam edəcək. 
Ermənistanda iyunda seçkilərdə Paşinyanın uduzması halında TRIPP layihəsinin arxa plana keçmə ehtimalı çox yüksəlir. Ancaq ABŞ-ın geri çəkilməsi TRIPP-in yox, Zəngəzur dəhlizinin açılmasını dayandıra bilməz.
Bu baxımdan, müharibənin davam etməsi və SEPAH xəttinin güclənməsi yalnız İran üçün deyil, bütün region üçün yeni geosiyasi risklər yaradır və xüsusilə Azərbaycan üçün strateji çağırışlar formalaşdırır.
Vüqar Dadaşov
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31