Dini Komitə Yevlaxda regional konfrans keçirib
Sentyabrın 21-də Yevlax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.
21 Sentyabr 2016 17:42 SosialSentyabrın 21-də Yevlax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə komitə sədrinin müavini Gündüz İsmayılov, Yevlax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Yevlax bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Namiq Əliyev, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, kənd, qəsəbə bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Yevlax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasətinin milli, ideoloji, ictimai təhlükəsizliyimizin əsas elementi olduğunu bildirib. Gündüz İsmayılov multikultural cəmiyyətə əsas təhdid hesab olunan dini radikalizm və ekstremizmin fəsadlarından və bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Dini radikalizmlə mübarizə çərçivəsində görülən işlər haqqında məlumat verən sədr müavini bununla bağlı aparılan mübarizə tədbirlərindən danışıb.