MM-in Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışılıb.

Milli Məclisin Səhiyyə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışılıb. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. Bu iclaslarda 13 məsələ, o cümlədən 12 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin 10-u Milli Məclis tərəfindən qəbul edilib. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 265 vətəndaşın müraciəti daxil olmuş, həmin müraciətlər tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilmişdir.
Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verib. Diqqətə çatdırıb ki, payız sessiyasında "Psixoloji yardım haqqında" və "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri müzakirə olunacaq, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək. İclasda "Azərbaycan Respublikası ilə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond arasında" Çərçivə Sazişinin təsdiq edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, bu sazişə görə adları çəkilən xəstəliklərlə mübarizə üçün Qlobal Fond ölkəmizə qrant ayıracaq. Gündəlikdə olan "Dərman vasitələri haqqında" Qanunda dəyişikliklər edilməsi barədə məsələni Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd Bazıqov təqdim edib. Bildirib ki, qanunun "Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları", "Dərman vasitələri haqqında informasiyanın yayımlanması" adlı maddələrə dəyişikliklər olunur və qanuna "Bioloji fəallığa malik qida əlavələri" adlı 14-1-ci maddə əlavə edilir. Sonda qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31