Gödəniyyəti mədəniyyət çərçivəsinə salmağa çalışanlar

Anam bütün müğənniləri səsindən tanıyırdı. Radioda oxuyan müğənninin səsini eşidən kimi deyirdi: bu, Şövkət Ələkbərovadı, Sara Qədimovadı, bu, Zeynəb Xanlarovadı, Rəşid Behbudovdu, bu isə Əbülfət Əliyevdi və s. Rübabə Muradova oxuyanda həmişə kövrəlirdi. Bir dəfə soruşdum ki, ana, sən onları görmüsən? Görmədiyini söylədi. Oxuyanın kim olduğunu necə bilməsi ilə bağlı sualıma isə belə cavab verdi ki, səslərindən tanıyıram, hər birinin ayrı səsi var, biri o birinə bənzəmir.

Anam bütün müğənniləri səsindən tanıyırdı. Radioda oxuyan müğənninin səsini eşidən kimi deyirdi: bu, Şövkət Ələkbərovadı, Sara Qədimovadı, bu, Zeynəb Xanlarovadı, Rəşid Behbudovdu, bu isə Əbülfət Əliyevdi və s. Rübabə Muradova oxuyanda həmişə kövrəlirdi. Bir dəfə soruşdum ki, ana, sən onları görmüsən? Görmədiyini söylədi. Oxuyanın kim olduğunu necə bilməsi ilə bağlı sualıma isə belə cavab verdi ki, səslərindən tanıyıram, hər birinin ayrı səsi var, biri o birinə bənzəmir.

Onun səs barədə dediklərini o qədər də anlaya bilmirdim. Onda uşaq idim, anamın hisslərini qavraya bilmirdim. Sonralar yavaş-yavaş mən də səsləri ayırd etməyə başladım və dərk etdim ki, doğrudan da həmin korifeylərin bənzərsiz səsləri var və onlar qətiyyən bir-birini təkrar etmirlər. O zamanın müğənniləri, xanəndələri bizim üçün əlçatmaz idilər, sanki müqəddəslik zirvəsində oturmuşdular. 70-ci illərdə Zeynəb Xanlarovanın, Rəşid Behbudovun, Rübabə Muradovanın kəndimizdəki klubda konsert verdiyini xatırlayıram. Bütün kənd kluba axışırdı, ayaq üstə qalanların sayı-hesabı olmurdu.

10-15 il əvvələ kimi müğənnilərin şəxsiyyəti indiki kimi çılpaqlığı ilə ortada olmurdu. İnsanlar onlara qarşı çox hörmətlə davranırdılar. Kənd-kənd, rayon-rayon konsert verməyə gedən artistləri hər yerdə gül-çiçəklə qarşılayırdılar, onları həqiqi hisslərlə sevirdilər. Bu hörməti, bu sevgini özləri qazanmışdılar. Aralarında dedi-qodu yox idi, bir-birini təhqir etmirdilər, efirdən, ekrandan biri o birinin ünvanına təhqir dolu sözlər ünvanlamırdı. Bəlkə də aralarında inciklik olurdu, amma onlar bunu tamaşaçı qarşısında büruzə vermirdilər. Bir-biri ilə yalnız sənətləri ilə "döyüşür", sağlam rəqabət aparırdılar.

Lakin zaman keçdi, dövran dəyişdi, tamaşaçı axını azaldı. İndi tamam fərqli situasiya yaranıb. Tamaşaçı ilə müğənni arasındakı hörmət pərdəsi götürülüb, diqqət körpüsü yandırılıb. Ona görə ki, oxuyanlar səmimi deyil, yalan danışır, efirlərdə şit zarafatları, kobud davranışları, bayağı hərəkətləri ilə tamaşaçıda ikrah doğururlar. Oxuduqları da məna və məzmun sarıdan maraqlı deyil, təkrarçılıq çoxdu. Doğrudu, gözəl səsləri, qalmaqaldan uzaq, xeyli tamaşaçı auditoriyası olanlar da var. Amma bu, azdı.

Dünyanın başqa ölkələrində şou-biznes nümayəndələri ilə tamaşacı arasında qarşılıqlı hörmət var. Lap elə götürək qardaş Türkiyəni. O ölkədə müğənni, aktyor, rəqqasla evlənməyi şərəf hesab edirlər. Çünki onlar ucuz reklamdan, yalançı pafosdan uzaq olub sənətləri ilə diqqət çəkir, hörmət qazanırlar. Qəzetlərin maqazin xəbərlərində, televiziyalardakı şou proqramlarda səmimi görünür, özlərini necə var elə də təqdim edir, ikiüzlülükdən kənar gəzirlər. Hətta halal qazancları ilə milyoner də ola bilirlər. Bizdəki kimi sponsor hesabına varlanmırlar.

Dünya şou-biznesində belə bir qayda var: məsələn, bir məşhur yaddan çıxanda, yaxud da uzun müddət səhnədə görünməyəndə özü haqqında nəsə bir şaiyə, dedi-qodu yaradıb dövriyyəyə buraxır ki, gündəmə gəlsin. Özü də bu işi elə ustalıqla edir ki, tamaşaçı onun həqiqi olduğuna inanır. Bizdə isə həmin təcrübə çox uğursuz alınır. Öz aralarında bir-biri haqqında əvvəlcədən razılaşdırılmış bayağı və kobud ismarışlarla, mənasız söhbətlərlə qalmaqal yaratmağa çalışırlar. Ən acınacaqlısı odur ki, əməkdar və xalq artistləri bu dəstənin önündə gedirlər. Dövlətin onları hörmətə mindirib, şöhrətə çatdıqdıqları məqamı heçə sayıb, qiymətdən salırlar. Amma başa düşmürlər ki, tamaşaçı bunu ikrahla, ən azı, gülünclə qarşılayır. Ona görə də gündəmə gəlmək üçün, yaxud şou xatirinə dedikləri cəfəngiyyat sosial şəbəkələrdə gülüş hədəfinə çevrilir. Hətta elə istifadəçi olur ki, təhqir də yazır.

Bunlar tamaşaçıya çılpaq bədənini göstərən, alt paltarlarını nümayiş etdirən müğənnilərin oturuşunda-duruşunda, ətrafdakılarla davranışında qabarıq görünən tərəflərdi, gənclərin pis nümunə götürdükləri mənəviyyat boşluğudu. Gödəniyyət anlayışını mədəniyyət çərçivəsinə salmağa çalışanların dar düşüncələrinin görüntüsüdü. Savadsız müğənnilərin xalq adından danışaraq xalqa dərs vermək istəklərinin bayağı və şit məhsullarıdı.

Son vaxtlar şou-biznes əhli, xüsusilə də məşhurlar, hətta sevilənlər, xeyli fanatı olanlar çox pis bir varianta əl atıblar. Şəxsi tvitter və facebook səhifələrində istifadəçilərə ünvanlanmış xoşagəlməz sözlər yazırlar. Ən çox da "gedin işinizlə məşğul olun... şəxsi həyatıma qarışmayın... özüm bilərəm nə geyinirəm, necə soyunuram, nə yeyirəm..." və s. bu kimi yazıları ilə tez-tez üzləşirik. Millətin əxlaqına yaraşmayan hərəkətləri, mənəviyyatdan kənar davranışlarına görə mətbuatda, yaxud da sosial mediada tənqid olunanlar özlərinə haqq qazandırmaq üçün bu cür ucuz və gülünc fikirlər söyləyirlər. Hətta bir çox hallarda jurnalistləri günahkar sayırlar. Deyirlər ki, guya jurnalistlərdi onları belə məsələlərlə gündəmə gətirən. Əslində sonuncu fikirdə qismən də olsa həqiqət var. KİV-in bəzi nümayəndələri müğənnilərin neqativ tərəflərini mediaya daşıyaraq qalmaqal yaratmağa çalışırlar. Amma bu məsələdə də əsas məsuliyyət yenə müğənnilərin üzərinə düşür, buna özləri şərait yaradırlar.

Bu, qətiyyən xoş deyil. Başqa vaxtı müğənnilər xalq adından danışıb, özlərini üst pillədə hesab edərək xalqa xidmət etdiklərini vurğulayırlar. Xub! Əgər sən beləsənsə, o zaman sənin şəxsi həyatın da yoxdur. Sənin gündəlik davranışın xalqın bilgi qutusuna daxil olmalıdır. Və sənin qətiyyən haqqın yoxdu kimisə təhqir edəsən, sosial şəbəkələrdə ultimativ xarakterli yazılar paylaşasan. Xalqa xidmət edirsənsə, zəhmət çək sənin davranışlarına qarşı olan təpkini hörmətlə qarşılayıb, eyiblərini düzəlt. Həm "gedin işinizlə məşğul olun" ultimatumunu verdiyin adamların işi elə məhz budu - sənin kimliyini, əxlaqını, mədəniyyətini üzə çıxarıb tanıtmaqdı.

Ey şou-biznesi lüks yaşamağın yeganə vasitəsi hesab edən bəzi nümayəndələri, sizin cılız düşüncələriniz, elmdən, kitabdan uzaq sözləriniz, hətta dindən kənar fikirləriniz insanlarda qıcıq yaratmaqdan çox, iyrənc hisslər oyadır. Belə şeylərlə özünüzü təsdiq etməyə yox, ucuz reklama meyl etmiş olursunuz. Şəxsi məsələlərinizi ictimai müzakirəyə çıxartmaqla diqqət çəkə bilməzsiniz. Siz yalnızca sənətinizlə gündəmə gəlməyi bacarırsınızsa, bunu edin, vəssalam.

Bura Azərbaycandı, nə Avropa, nə də Amerika qitəsi deyil. Oralarda yaşam tərzi, dünya baxışı, davranış etiketi bizdən fərqlidi. Ona görə də şou-biznes nümayəndələrinin gündəm xatirinə yaratdıqları şou adi qarşılanır. Amma Azərbaycan balaca ölkədi, hamı az qala bir-birini tanıyır, kimin kim olduğu hər kəsə bəllidi. Nəyin doğru, nəyin qondarma olduğunu anlamaq elə də çətin deyil. Ona görə də bu məmləkətdə şit, bayağı, mədəniyyətdən kənar, mentalitetə sığmayan davranış qaydaları yaratmağa gərək yoxdu. Millətin yüz illərlə yol gələn mənəviyyat etiketini dəyişmək olmaz. Yazının əvvəlində adlarını çəkdiyim korifey müğənnilərin qoyduğu sənət məktəbini inkişaf etdirmək, səs dünyasını zənginləşdirmək, mənəviyyat dərsindən öyrənmək daha xoşdu, nəinki dar düşüncə, gödək mənviyyatla gündəmə gəlib əks tərki ilə qarşılaşmaq.

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31