Elçin Hüseynbəyli yazır... Feysbuk depressiyası...
15 Avqust 2016 14:00 SosialElçin Hüseynbəyli
Feysbuk depressiyası...
Mən hər şeyi qara eynəklə görənlərdən deyiləm. Hər halda, mənə elə gəlir. Mənə elə gəlirsə, deməli, ən azı buna çalışıram. Amma bir dəfə Feysbuk istifadəçisi olmaya-olmaya belə bir qəbahət işlətmişdim: "Fb istifadəçilərinin yazdıqları sərsəm adamın sayıqlamalarına oxşayır. Yaxşı statuslar yazırlar, amma yadda qalmır" demişdim, təbii ki, bəzi istisnalar şərtiylə. Bu "istisna" sözü hamının işinə yarayır: sən boynundan atırsan ki, onu nəzərdə tutmamısan, o da özünə təsəlli verir ki, həmin istisnanın içindədir.
Mənə elə gəlir ki, fb ilə bağlı mülahizələrimdə bir qədər haqlıyam. Niyəsini deyəcəm. Əsası odur ki, şəxsi söhbət zamanı çoxları mənim fikirlərimi bölüşür.
Ordan başlayım ki, mən fb istifadəçisi olsam da, passiv izləyiciyəm. Sadəcə baxıram görüm, kim hardadır, kimin həyat fəlsəfəsi, siyasi və mədəni düşüncəsi nə qədərdir. Kim nə qədər şəkil çəkdirir. Boynuma alım ki, çox zaman bu istəyimə nail oluram. Bununla belə, məni daha çox ağrıdan məsələlərə, statuslara rast gəlirm. Baxıram ki, 20 il bundan əvvəl tanıdığım adam dəli olmaq səviyyəsindədir, ruhi müvazinəti pozulmaqdadır, daim ölüm haqqında danışır. Hətta şair olmaya -olmaya onlara bir şeir də həsr eləmişəm. Bir bəndini deyim, qulaq asın:
Adam sakit ölər, dostum,
Nə olsun ki, doğulanda çığırır.
Adam sakit ölər, dostum,
Nə olsun ki, həyat onu çağırır.
Bəziləri depressiyanı rədd etsələr də, baxıram ki, əməlli-başlı depressiya həddindədirlər. Elələri də var ki, profillərini tez-tez dəyişməklə özünə təsəlli verir. Günlərin bir günü mənə zəng gəldi, telefondakı adam dedi ki, danışan filankəsdir, istəyirəm şeirlərimi sizin jurnalda çap edəm, görsünlər ki, ölməmişəm. Deməli, bəziləri elə düşünür ki, özlərinin həyatda olduqlarını göstərmək üçün hər gün profillərini yeniləməli və ağıllarına gələn statusu yazmalıdırlar. Allah hamıya ömür versin!
Bir dostum da var ki, gün ərzində nə iş gördüyünü hamıya birbəbir çatdırır, sanki onun gündəlik həyatı hamıya maraqlıdır: itindən-pişiyindən belə. Ən xoşuma gəlməyən isə çeynənmiş fikirləri öz adından müdrikcəsinə dostlarla paylaşmaqdır. Məsələn, belə bir status oxuyuram: "İnsan düz yolla getməlidir, haram tikə yeməməlidir..." Bəlkə də buna inanmayacaqsınız, amma belədir. Bəlkə mən bir az şişirdirəm, ancaq yenə də belədir.
Bəzən kimlərsə, heç bir maraq doğurmayan yazısını paylaşır və dostları ona boğazdan yuxarı əhsən deyir. Təbii ki, onlar da nə zamansa bu yaxşılığın, laykın əvəzini çıxacağına ümid edir.
İnsafən yaxşı statuslara, maraqlı təkliflərə də rast gəlirəm: ələlxüsus da Qarabağla bağlı hadisələri diqqətdə saxlamaqda, şəhidlərimizin həyat yolu ilə əlaqədar yazıları, fotoları paylaşmaqda, onların ailələrinin vəziyyətilə bağlı hadisələri izləməkdə, qonşu dövlətlərdə baş verənləri öyrənməkdə və s.
Feysbukda ən xoşuma gələn cocuqlar və heyvanlarla bağlı video-çarxların verilməsidir. Mən həmin adamların uşaq təmizliyinə, sadəlövhlüyünə sevinirəm. Çünki öz qara fikirlərini, ruhlarını, ah-uflarını paylaşıb, adamların qanını qaraltmaqdansa, həyatı dərk eləməyən cocuqların və sevimli heyvanların görüntüsünü paylaşmaq daha yaxşıdır. Belələri elə düşünürlər ki, həyat daha da gözəlləşəcək. Çünki heyvanlardan öyrəniləsi nəsnələr çoxdur.
Hərdən özümü inandırıram ki, fb-də fəal olmaq lazımdır, çevrəni genişləndirmək gərəkdir, amma qorxuram. Çünki elə dostlar var ki, onları dostluğa qəbul etmişəm, amma onların monoton çıxışları, status və fotoları məni məyus edib...
Dostlar, Feysbuk yaxşı şeydir, amma onun da şitini çıxaranda bütün dostluqlardan imtina eləmək, ya elə fb-ni bağlamaq barədə qara-qura fikirlərə düşürsən.
Bəlkə mən də, depressiyaya düşürəm hə?!
Avqust 2016