Nəsimi rayonu müharibə veteranları Bilgəh qəsəbəsində istirahət etdilər
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
11 Avqust 2016 14:10 SosialSon illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Ahıllara, müharibə veteranları və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də tədbirlər təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir. Avqust ayının 10-da bir qrup müharibə veteranları, ahıllar və əlillər onlar üçün ayrılmış xüsusi avtobusla Bilgəh qəsəbəsindəki İstirahət Mərkəzinə gəlmişlər. Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və əlillərini salamlamış, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ahıl insanlara, veteranlara, əlillərə, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, professor İmamverdi Həmidov, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Səmimi söhbət zamanı veteranlar bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik onları çox sevindirir. Bakı şəhərinin və regionların günügündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.